İlham Əliyev Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanı qəbul edib
25 iyun 2015, 16:00
Prezident İlham Əliyev Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqanı qəbul edib.
Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanın Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü dedi və ordeni ona təqdim etdi.
Latviyanın keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqa Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını bildirdi və bundan şərəf hissi keçirdiyini vurğuladı. Vayra Vike-Freyberqa bundan sonra da Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini dedi. Latviyanın sabiq Prezidenti ölkəmizdə həyata keçirilən abadlıq və quruculuq işlərinə toxunaraq paytaxtımızda qədim və müasir arxitektura ənənələrinin çox gözəl ahəngdarlıq təşkil etdiyini bildirdi.
Görüşdə Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv mövqenin nümayiş etdirilməsinin yolverilməz olduğu qeyd edildi.
Söhbət zamanı birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğu vurğulandı, Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirildi, ölkəmizdə gedən böyük inkişaf proseslərinin önəmi qeyd olundu, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin inkişafından məmnunluq ifadə edildi.