Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
10 iyun 2015, 16:10
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001, №1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, № 8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, №11, maddə 900; 2005, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr 171, 178, №4, maddələr 275, 276, №7, maddə 591; 2011, №4, maddə 253, №6, maddə 472, №7, maddələr 587, 601, 621, №11, maddə 980, №12, maddə 1093; 2012, №2, maddə 45, №3, maddələr 193, 196, №7, maddələr 666, 669, 673; №11, maddə 1068, №12, maddə 1223; 2013, №1, maddə 14, №2, maddə 102, №4, maddə 364, №5, maddələr 459, 479, 481, №6, maddələr 594, 600, №11, maddələr 1264, 1286, 1312, №12, maddə 1492; 2014, № 2, maddələr 89, 95; №4, maddə 327; №6, maddələr 618, 622; Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1191-IVQD nömrəli, 6 mart tarixli 1222-IVQD və 1231-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 151-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
2. 152-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“152.1. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
152.3. Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.”.
3. 153-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“153.1. On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə —
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
153.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —
bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
153.3. Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
4. Aşağıdakı məzmunda 171.2.3-cü maddə əlavə edilsin:
“171.2.3. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —”.
5. 171-1.2.4-cü maddədə “vəzifəsi qoyulmuş” sözlərindən sonra “digər”
sözü əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2015-ci il.