Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
05 iyun 2015, 20:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2014-cü il noyabrın 21-də Aşqabad şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2015-ci il.