İlham Əliyev Gəncədə “Xan bağı” parkının əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir
09 fevral 2011, 16:30
Prezident İlham Əliyev Gəncədə əsaslı yenidənqurma işləri aparılmış “Xan bağı” mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir.
Dövlət başçısının tapşırığına əsasən ayrılmış vəsait hesabına görülmüş yenidənqurma işlərindən sonra parkın siması tamamilə dəyişmişdir. Qafqazın ən qədim parklarından biri, yaşı 300-dən çox olan “Xan bağı”nda belə genişmiqyaslı işlər ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilmişdir.
Prezident İlham Əliyev parkı gəzdi, görülmüş işlərlə tanış oldu. Ümumi ərazisi 7 hektar olan parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilmişdir. Burada iki fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılmış, Venesiya guşəsi yenidən qurulmuş, 350 yerlik yaşıl teatr inşa olunmuşdur. Xalq Şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm almışdır.
Dövlət başçısı “Xan bağı”nda yüksək səviyyədə aparılmış əsaslı yenidənqurma işlərindən razılığını bildirdi.
Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.