“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
01 iyun 2015, 22:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 405; 2002-ci il, №8, maddə 478; 2003-cü il, №10, maddə 585; 2004-cü il, № 1, maddə 19; 2005-ci il, № 4, maddə 299; 2006-cı il, № 2, maddə 92; 2010-cu il, № 4, maddə 289; 2011-ci il, № 4, maddə 272; № 5, maddə 381) aşağıdakı dəyişikliklər edilsin:
1. I bənd üzrə:
1.1. ikinci abzasdan “, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını” və “, barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilən mobil rabitə istifadəçisinin baza antenaları üzrə yeri (yerdəyişməsi) haqqında məlumatların və telefon danışıqları apardığı şəxslərin siyahısının texniki rabitə kanallarından və digər texniki vasitələrdən real vaxt rejimində çıxarılmasını həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi” sözləri çıxarılsın;
1.2. üçüncü abzasda “qulaqasmanı” sözündən sonra “, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını” sözləri əlavə olunsun;
2. IV bənddən “və bu tədbirlərin keçirilməsini təmin edən avadanlıqların istismarını” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən avtonom rejimdə istismar olunan avadanlıqlar tətbiq edilməklə həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2015-ci il.