Qarsda Trans-Anadolu qaz boru kəmərinin təməlinin qoyulması münasibətilə təntənəli mərasimdə İlham Əliyevin nitqi
17 mart 2015, 22:20
- Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, əziz qardaşım.
Hörmətli Prezident Giorgi Marqvelaşvili, əziz qardaşım.
Hörmətli xanımlar və cənablar.
Yenidən qardaş Türkiyədə olmağımdan çox məmnunam. Mən ilin əvvəlində Türkiyədə idim, qardaşımın dəvəti ilə Türkiyədə dövlət səfərində idim. Bu gün Türkiyədəyəm. Gələn ay, inşallah, aprelin 24-də biz Çanaqqala zəfərini bərabər qeyd edəcəyik. Yəni, bu, özlüyündə bir göstəricidir.
Türkiyə bizim doğma vətənimizdir və biz özümüzü həmişə Türkiyədə öz evimizdəki kimi hiss edirik. Bizim aramızdakı birlik, dostluq, qardaşlıq əslində bu günü şərtləndirən amildir.
Bu gün tarixi bir gündür – TANAP layihəsinə start verilir, təməl daşı qoyulur. Bu layihə enerji layihəsidir. Bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma ilk növbədə, bu layihə Türkiyə-Azərbaycan birliyi, qardaşlığı layihəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil dövlət kimi ilk tanıyan məhz qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bərabər irəliyə gedirik, bir-birimizi dəstəkləyirik, bir-birimizin uğurlarına sevinirik, hər zaman bir-birimizə arxa, dayaq oluruq.
Biz enerji layihələrimizi də birgə icra edirik. Bu gün bu salonda oturarkən və dəyərli məsləkdaşlarımın çıxışlarına qulaq asarkən sanki 21 il öncəyə döndüm, yəni, xatirimdə o günlər canlandı – 1994-cü il 20 sentyabr, Bakı şəhəri, Gülüstan Sarayı, “Əsrin kontraktı”nın imzalanması mərasimi. Bəlkə biz o vaxt heç təsəvvür edə bilməzdik ki, o gün nə qədər böyük əhəmiyyət kəsb edir və hansı böyük hadisələrə gətirib çıxaracaq. O vaxt Azərbaycan müstəqil dövlət kimi sadəcə üç ilə yaxın idi ki, yaşayırdı. Bizim milli liderimizin – Heydər Əliyevin baxışları, siyasi müdrikliyi, cəsarəti sayəsində o vaxt Azərbaycanın yeni enerji strategiyası başlamışdır. “Əsrin kontraktı” əslində bu günə gedən yolumuzu açdı. İlk dəfə olaraq biz Xəzər dənizinə xarici neft şirkətlərini dəvət etdik. O vaxta qədər Xəzər dənizi qapalı bir su hövzəsi idi. Qısa müddət ərzində “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinə başladıq. Buradan ilk neft 1997-ci ildə çıxarılmışdır. Ondan sonra təbii ki, bu neftin ixrac yolları haqqında müzakirələr başlamışdır və Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas ixrac marşrutu kimi seçilmişdir. Xatırlayıram, 2006-cı ildə əziz qardaşım Prezident Ərdoğanla bərabər biz Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd edirdik. Bu gün artıq bu layihəsiz bölgənin və qitənin enerji təhlükəsizliyini təsəvvür etmək mümkün deyil. Bakı-Tbilisi-Ceyhan əslində bir yol açdı, bir enerji dəhlizi yaratdı. Bu gün artıq Qarsda xüsusi məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu da məhz bu enerji dəhlizi üzrə inşa edilir. Bu, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına da yol açdı. Yəni, o tarixi günlər bu gün uğurlarımızı daha da gücləndirir, çünki biz tarix əsasında gələcəyimizi də qururuq, necə ki Türkiyə və Azərbaycan xalqları öz gələcəyini müştərək tarix üzərində qururlar.
Son 20 ilin tarixi hesab edirəm ki, dünya miqyasında nadir bir tarixdir. 1996-cı ildə bp ilə SOCAR arasında “Şahdəniz” qaz yatağının işlənməsinə dair kontrakt imzalandı. O zaman biz bilmirdik ki, “Şahdəniz” yatağında nə qədər qaz var. Ancaq yəqin ki, təxmin edirdik, çünki əgər belə olmasaydı, o yatağa “Şahdəniz” adı verilməzdi, yəni, dənizin şahı. Xəzər dənizinin şahı “Şahdəniz” öz adını doğrultdu. Bu gün “Şahdəniz” dünya miqyasında ən böyük qaz yataqlarından biridir və “Cənub” qaz dəhlizi üçün hazırda yeganə resurs mənbəyidir. Mən ona görə hazırda deyirəm ki, çünki əminəm, Azərbaycanın digər nəhəng qaz yataqları yaxın zamanlarda qazı hasil edəcək və beləliklə, biz “Cənub” qaz dəhlizini əlavə həcmlə təmin edəcəyik.
TANAP layihəsinin tarixçəsi çox qısadır, ancaq çox şərəflidir. 2012-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla bərabər biz İstanbulda TANAP anlaşmasını imzaladıq və qısa müddət ərzində bu anlaşma dünya miqyasında çox böyük dəstəyə nail ola bildi. Qısa müddət ərzində artıq TANAP layihəsi gerçəkləşir, bu gün təməl daşı qoyulur.
2013-cü ildə TAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi seçilmişdir. Hazırda “Cənub” qaz dəhlizinin tərkib hissələri, hər bir tərkib hissəsi üzrə sürətli iş gedir. “Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Keçən il sentyabrın 22-də biz Bakıda “Cənub” qaz dəhlizinin təməlini qoyduq, indi işlər başlamışdır. Əminəm ki, bütün bu işlər cədvəl üzrə gedəcək və biz bu işləri vaxtında icra edəcəyik.
Bu gün “Cənub” qaz dəhlizi layihəsi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollardır. Bu gün TANAP layihəsinin əsas iştirakçıları Türkiyə və Azərbaycandır. Çox şadam ki, bizim strateji tərəfdaşımız bp şirkəti də səhmdar kimi bu layihəyə qoşulmuşdur.
Azərbaycanın çox zəngin qaz ehtiyatları vardır. Ancaq təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Proqnoz ehtiyatlar, yəni, ehtimal olunan ehtiyatlar isə ondan 2 dəfə çoxdur. Bu resurs bazası bu gün “Cənub” qaz dəhlizini təmin edir. Ancaq qeyd etdiyim kimi, bizim digər yataqlar da var. İndi o yataqlar üzrə iş gedir. Əminəm ki, Azərbaycan qazı qonşu ölkələrə və Avropaya böyük həcmdə nəql ediləcək.
“Cənub” qaz dəhlizinin əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, bu gün bizim regionumuzda - Avrasiyada yeni bir əməkdaşlıq formatı yaranır. Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional amil kimi özünü göstərir. Amma bu gün biz bu formatı genişləndiririk. Digər ölkələr bizim işlərimizə qoşulur - Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya. Balkan ölkələri gələcəkdə Azərbaycan qazını ala biləcəklər. Mən buna əminəm. Eyni zamanda, Nabukko layihəsinin üzvləri - Bolqarıstan artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan da əminəm ki, bu layihələrə qoşula bilərlər və qoşulmalıdırlar. Çünki bir daha demək istəyirəm ki, qaz resurs bazası kifayət qədər böyükdür.
“Cənub” qaz dəhlizinin ötürmə qabiliyyəti kifayət qədər böyükdür və gələcəkdə lazım olarsa bu imkanlar daha da genişlənə bilər. Biz çalışmalıyıq ki, qonşu və dost ölkələri maksimum dərəcədə öz təbii qazımızla təmin edək. Beləliklə, yeni bir əməkdaşlıq formatı yaranır. Bu işlərdə iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilirlər. Yəni, bu gün Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı yaranır. Bunun həm siyasi, həm iqtisadi təsiri çox böyük olacaqdır. Bu ölkələrin tarixi, mədəniyyəti fərqlidir, biz fərqli sivilizasiyalara mənsubuq. Ancaq bizi birləşdirən xoş niyyətimizdir, eyni zamanda, konkret layihələrdir. Ona görə “Cənub” qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür. Bu, iqtisadi mənfəət gətirən bir layihədir və bu layihədə iştirak edən bütün ölkələr mənfəət götürəcək.
Bizim əsas istəyimiz ondan ibarət idi ki, bütün ölkələr qazansın. Hasil edən ölkə, tranzit ölkələr, istehlakçı ölkələr - onların maraqları birləşməlidir. Maraqlar balansı yarandı. Ancaq o təqdirdə biz uğura nail ola bilərik. Bu məqsədlə biz keçən ay Bakıda “Cənub” qaz dəhlizinin birinci Məşvərət Şurasını keçirdik, çox böyük uğurla keçirdik. Çox şadam ki, Avropa İttifaqının vitse-prezidenti, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi, əlbəttə ki, “Cənub” qaz dəhlizinin bütün üzv ölkələrinin nümayəndələri orada iştirak etmişlər. Yəni, bu, geniş beynəlxalq formatdır. Növbəti dövr ərzində qarşılıqlı anlaşma, işlərin əlaqələndirilməsi və qarşılıqlı inam bizim işimizi sürətləndirəcək. Çünki biz bir-birimizə daha da çox inanmalıyıq. Qeyd etməliyəm ki, Azərbaycan bu işlərdə bəlkə də ən böyük təcrübəsi olan bir ölkə kimi əlbəttə, öz xidmətlərini bundan sonra da göstərəcək.
Bizim bu günə qədər Türkiyə və Gürcüstan ilə bərabər təşəbbüs kimi irəli sürdüyümüz bütün layihələr uğurla nəticələndi - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Ərzurum. Bakı-Tbilisi-Qars da uğurla nəticələnir. Ona görə də məndə heç bir şübhə yoxdur ki, “Cənub” qaz dəhlizi və onun önəmli hissəsi olan TANAP da uğurla nəticələnəcək. Bu, şaxələndirmə layihəsidir. Avropaya və Türkiyəyə yeni mənbədən böyük həcmdə əlavə qaz nəql ediləcəkdir. Hazırda Avropa üçün yeganə mövcud olan yeni qaz mənbəyi “Şahdəniz” qazıdır, Azərbaycan qazıdır. Gələcəkdə başqa mənbələr də olacaqdır, amma hazırda budur. Mənbələrin şaxələndirilməsi çox önəmlidir. Yolların şaxələndirilməsi də önəmlidir. Biz hamımız şaxələndirmə haqqında danışırıq, amma ilk növbədə, yeni mənbələrin mövcudluğu önəmlidir. Çünki burada da qeyd edildi, dünyada və xüsusilə də Avropada qaza olan tələbat getdikcə artacaq. Ənənəvi mənbələr də təbii olaraq tükənir. Yeni resurs bazası olmalıdır. Hazırda bu resurs baza Azərbaycandır.
Mən əminəm ki, biz gələcəkdə də bütün işləri lazımi səviyyədə aparacağıq. Bizə lazım olan bütün əlaqələndirmə işləri aparılır. Əsas məsələ ondan ibarətdir ki, bizim aramızda qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, bir-birimizə inam var.
Mən TANAP layihəsinin Novruz bayramı ərəfəsində, axır çərşənbə günündə təməl daşının qoyulmasında da böyük rəmzi məna görürəm. Biz milli ənənələrimizə bağlıyıq, sadiqik, öz gələcəyimizi milli dəyərlər üzərində qururuq. Biz bütün dünyaya da açığıq. Bu gün burada toplaşan, müxtəlif ölkələrdən gəlmiş qonaqlar bizim dəyərli dostlarımızdır. Bu işi biz bərabər görürük və görəcəyik.
TANAP-a uğurlar və inşallah, üç ildən sonra TANAP-ın açılışında bərabər olacağıq. Sağ olun.