Novruz bayramı ümumxalq şənliyində İlham Əliyevin nitqi
19 mart 2015, 12:20
- Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Hər bir Azərbaycan vətəndaşına yeni uğurlar, xoşbəxtlik arzulayıram.
Novruz bizim əziz, sevimli bayramımızdır, milli sərvətimizdir. Xalqımız əsrlər boyu Novruzu əziz bayram kimi qeyd edir.
Ancaq müstəqillik dövründə biz bu bayramı rəsmi bayram kimi qeyd etməyə başlamışıq və sabahdan 9 gün istirahət günüdür. Bizim müstəqilliyimiz də milli dəyərlər, ənənələr üzərində qurulubdur. Müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox böyük işlər görülübdür. İyirmi dörd ilə yaxındır ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir.
Müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş qarşıdurması, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi və siyasi böhran əlbəttə ki, müstəqilliyimizə çox böyük zərbə vurmuşdu.
Ancaq ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vəziyyət sabitləşdi. Azərbaycanda siyasi və iqtisadi islahatlar aparılmağa başlanmış və ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur. O vaxtdan – 1990-cı illərin ortalarından bu günə qədər 20 il ərzində Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, müstəqilliyimiz möhkəmlənir, güclənir və Azərbaycan bu gün dünya miqyasında çox dəyərli ölkə, tərəfdaş kimi tanınır.
Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir. İlk növbədə, biz milli dəyərlərimizi, bayramlarımızı, ədəbiyyatımızı, incəsənətimizi, doğma ana dilimizi, xalq kimi özümüzü qoruya bilmişik.
Bu gün isə biz azadıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız yüksək zirvələrə çata bilər. Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür. Biz bundan sonra da müstəqil həyatımızı təmin edəcəyik. Xalqımızın rahat yaşamasını təmin edəcəyik. Ancaq o da təbiidir ki, Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya əslində heç vaxt dayanmamışdır.
Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl – 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanmır. Azərbaycan xalqı hər şeyi öz gözü ilə görür. Son illərin inkişafı, şəhərlərimizin abadlaşdırılması, ölkəmizin iqtisadi, sosial inkişafı, beynəlxalq nüfuzumuzun artırılması göz qabağındadır. Eyni zamanda, bizim işlərimiz dünya ictimaiyyəti üçün də artıq sirr deyil. Çoxsaylı tədbirlər, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır.
Ancaq buna baxmayaraq, biz görürük ki, dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan etmişlər. Bir daha demək istəyirəm ki, bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin.
Azərbaycanda bütün azadlıqlar təmin edilib. Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilibdir. Ancaq bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilibdir. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır.
Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul edilmir? Bax bu suallara cavab almaq çox çətindir.
Mən həm xarici həmkarlarımla, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu sualları açıq şəkildə onların üzünə deyərək verirəm. Bəlkə buna görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona görə, biz buna hazır olmalıyıq və biz hazırıq. Biz ölkəmizi gücləndiririk, ölkəmizi inkişaf etdiririk. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün azadlıqlar mövcuddur – siyasi azadlıqlar, vicdan azadlıqları, iqtisadi sərbəstlik. Bu gün Azərbaycan istər iqtisadi inkişaf, istər dinlərarası dialoq baxımından nümunəvi bir ölkədir.
Bu gün hər tərəf alovlanır, Yaxın Şərq, Avropa, MDB məkanı, ya qanlı toqquşmalar, yaxud da ki, etnik, dini zəmində qarşıdurmalar, qarşılıqlı ittihamlar. Baxın, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, bizim siyasətimizdir, xalqın da sifarişidir. Azərbaycan bu gün dünya üçün əhəmiyyətli ölkəyə çevrilibdir. Bizi beynəlxalq aləmdə dəstəkləyən ölkələrin sayı durmadan artır. Dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik. Qoy bizi ittiham etməyə çalışan ölkələr 155 ölkənin dəstəyi ilə seçilsinlər, görək necə seçilirlər. Bax budur reallıq. Ona görə, əlbəttə ki, Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz.
Avropa Oyunları isə sadəcə olaraq bir bəhanədir. Sanki bəzi xarici qüvvələr var ki, bunu bizə çox görürlər. Baxmayaraq ki, biz öz üzərimizə böyük məsuliyyət götürmüşük. Yəni, bu Oyunları iki il yarım ərzində hazırlamaq çox çətin məsələdir.
Bu Oyunlar Olimpiya Oyunlarının səviyyəsində keçiriləcək. Olimpiya Oyunlarını keçirmək üçün yeddi il vaxt verilir. Biz isə cəmi iki il yarıma bunu edirik və ən aşağı büdcə ilə bunu edirik. Dünən Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdur. Bizim bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır “Transparency International”? Niyə bu işlərdə öz sözünü demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki, tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu barədə yazmırlar? Bu, ritorik suallardır. Ancaq biz bu sualları verməliyik və veririk. Çünki biz ədalətin tərəfdarıyıq. Hər yerdə ədalət olmalıdır - cəmiyyətdə, ailədə, beynəlxalq münasibətlərdə. Ədalət pozulduqda hər şey pozulur, inam pozulur. Sanki dünyada yeni bir dəyərlər sistemi formalaşır. Ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, düzgünlük əvəzinə riyakarlıq, yalan. Bax, biz buna qarşı mübarizə aparırıq. Əlbəttə, Azərbaycan böyük dövlət deyil, amma bizim də kifayət qədər gücümüz var ki, öz sözümüzü deyək, bölgədə və qitədə gedən proseslərə təsir edək.
Bizim əsas problemimiz - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi əfsuslar olsun ki, həll olunmur. Keçən il vasitəçilər tərəfindən səylər göstərilmişdir. Bilirsiniz ki, avqust, sentyabr, oktyabr aylarında Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları, yüksək vəzifəli şəxslər səylər göstərmişdilər, üç görüş keçirilmişdir. Sonuncu görüş Parisdə hər iki tərəfin fikrinə görə uğurlu keçmişdir. Ancaq o görüşdən bir həftə keçməmiş Ermənistan növbəti təxribata əl atdı.
Ağdamda, işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başladı ki, bizi yenə də təxribata çəksin. Biz təxribata getmək istəmirdik. Çünki öz beynəlxalq öhdəliklərimizə sadiqik. Bir daha bildirmək istəyirəm ki, oktyabrın sonunda Parisdə keçirilən görüşdə demişik ki, biz gərək təmas xəttindəki gərginliyi azaldaq, sülh danışıqlarının mahiyyətinə daha da çox fikir verək. Ona görə çox təmkinlə özümüzü aparmışıq. Amma düşmən bizim bu davranışımızı başqa cür yozub və mövqelərimizə hücum çəkib. Belə olan halda təbii ki, Azərbaycan əsgəri rəşadət göstərərək düşmənin vertolyotunu məhv edib. Ondan sonra bizdən qisas almağa çalışmağa başlamışlar. Hətta Ermənistanın ən yüksək rütbəli, vəzifəli şəxsləri demişlər ki, biz qisas alacağıq. O faşist ideologiyasının nəticəsində onlarla erməni əsgəri təmas xəttində həlak olmuşdu.
Mən demişəm və bir daha demək istəyirəm ki, ölmək istəmirsinizsə Ağdama, Füzuliyə getməyin, oturun öz yerinizdə. Qisasa gəldikdə isə qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının qisasını alırıq və alacağıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır.
Bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir. Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar.
Biz tam üstünlüyü əldə etmişik. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq - İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Biz hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq.
Ona görə biz daha da güclü olmalıyıq. Daha da güclü orduya sahib olmalıyıq. Ordu quruculuğu bizim üçün indi əsas vəzifədir. Ona görə bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılır. Bu gün Azərbaycan Ordusu həm hazırlıq, texniki təchizat, silah baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl orduları sırasındadır. Bunu biz yaratmışıq. Çünki başqa cür mümkün deyil.
Bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur.
Kimin gücü var o müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik. Bu dövrü biz başlamamışıq. Biz həmişə beynəlxalq hüquqa əsaslanmışıq və bütün siyasətimizi belə qurmuşuq. Öz səsimizi ucaltmışıq ki, nə üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Orada birbaşa yazılıb ki, Azərbaycan torpaqları işğaldan qeyd-şərtsiz və dərhal azad edilməlidir. Yəni, beynəlxalq hüquq sadəcə olaraq güclü dövlətlər üçün bir alətdir ki, güclü olmayan dövlətləri nəyə isə məcbur etsin. Amma onların özləri üçün beynəlxalq hüquq heç bir şeydir. Bunu biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət.
Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, xalqla iqtidar arasında birlik möhkəmdir. Bizim islahatlarımız, siyasi addımlarımız, beynəlxalq səviyyədə apardığımız işlər xalq tərəfindən dəstəklənir və bugünkü Azərbaycan reallıqları bunu göstərir. Son illər ərzində Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmamışdır.
Bax, bu yaxınlarda - iki gün bundan əvvəl biz qədim türk torpağı olan Qars şəhərində TANAP layihəsinə start verdik. Yəni, bu, tarixi layihədir. TANAP layihəsi “Cənub” qaz dəhlizinin bir hissəsidir, önəmli hissəsidir. Amma “Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. Azərbaycan bütün bu layihələrdə fəal iştirakçıdır və bu gün biz yeni reallığı yaradırıq. Çünki enerji təhlükəsizliyi bu gün milli təhlükəsizlik qədər önəmlidir.
Heç bir ölkə öz milli təhlükəsizliyini enerji təhlükəsizliyini təmin etmədən sığortalaya bilməz. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Görün, Azərbaycan qazı bu gün Avropa üçün, Avrasiya üçün, bu bölgə üçün nə qədər böyük əhəmiyyət daşıyır. Yəni, yeni enerji xəritəsi yaradılır. Bunu biz yaradırıq, öz tərəfdaşlarımızla birlikdə. Ona görə təbii ki, görülən bu işlər Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq və bizim gücümüzü də artıracaq, təsir imkanlarımız da artacaq. Bu gün də kifayət qədər güclüdür. Bu gün bölgədə nə iqtisadi, nə siyasi, nə başqa sahələrdə heç bir layihə bizim razılığımız olmadan icra edilə bilməz. Bunu yaxın tarix göstərib.
Azərbaycan bu gün bölgənin aparıcı ölkələrindən biridir və bizim siyasət ədalətli siyasətdir. Biz bütün ölkələrlə bərabərhüquqlu, qonşularla mehriban münasibətlərin tərəfdarıyıq. Biz bərabərliyin tərəfdarıyıq. Biz hesab edirik ki, dünyada böyük-kiçik ölkə anlayışı olmamalıdır. Bütün ölkələr bərabər hüquqa malikdir. Ona görə biz bütün ölkələrlə öz siyasətimizi bu prinsiplər əsasında qururuq. Heç bir ölkə qarşısında öhdəlik götürməmişik və bu, mümkün deyil.
Beynəlxalq təşkilatlarda ki, biz üzvük, o öhdəlikləri biz yerinə yetiririk, onlara hörmətlə yanaşırıq, vəssalam. Bizim başqa heç bir öhdəliyimiz yoxdur. Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl çəkməlidir. Son illərin tarixi bunu göstərir. Biz öz yolumuzla gedirik. Bu yol tərəqqi, inkişaf yoludur. Bu yol azadlıq-müstəqillik yoludur və biz bu uğurları bu yolda əldə etmişik.
Bizim şəhərlərimiz abadlaşır, insanların rifah halı yaxşılaşır. Azərbaycan bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Bakımız gözəlləşir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının qədim tarixi, bizim milli sərvətimiz olan Qız qalası, Şirvanşahlar sarayı, İçərişəhər - bu, dünya miqyaslı sərvətdir. Eyni zamanda, Bakının yeni simvolları, yeni rəmzləri yaradılır - Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Ağ şəhər, Xalça Muzeyi, bu yaxınlarda açılan bulvar. Onun uzunluğu artıq 16 kilometrə çatır. Yəni, budur bu gün bizim ölkəmiz. Azərbaycana gələn hər bir qonaq əgər o, qərəzli deyilsə, bunu görür, etiraf edir. Dostlarımız sevinir, düşmənlərimiz peşman olurlar.
Biz öz yolumuzla gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik və ölkəmizi daha da gücləndirəcəyik.
Bayramınız mübarək olsun!