İlham Əliyev “Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşmüşdür
26 yanvar 2011, 22:30
Prezident İlham Əliyev Davosda “Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşmüşdür.
“Statoil ASA” şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund Azərbaycan ilə rəhbərlik etdiyi şirkətin uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirməsini vurğulayaraq, bu əməkdaşlığın dərinləşməsi işinə Azərbaycan Prezidentinin şəxsən verdiyi töhfəni yüksək qiymətləndirdi.
“Azərbaycan ilə əməkdaşlıq bizim strategiyamızın ən prioritet sahələrindən biridir”,- deyən Helge Lund ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirdi.
Dövlət başçısı Azərbaycan ilə “Statoil” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq əmin olduğunu bildirdi ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.
Prezident İlham Əliyev “Statoil”in “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarındakı iştirakını və ölkəmizə investisiya qoyuluşu istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə “Statoil” şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.