İlham Əliyev Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında iştirak edir
28 aprel 2015, 11:00
Azərbaycanın paytaxtında III Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail SERAGELDIN Forumu açaraq dedi:
- Zati-aliləri.
Xanımlar və cənablar sabahınız xeyir olsun.
Mən böyük şərəf hissi ilə Prezident İlham Əliyevin dəvətini qəbul edib buraya gəlmişəm.
Bugünkü görüşümüzün məqsədi yeni formalaşan dünya durumunda etimadın qurulmasına aiddir. Təbii ki, İkinci Dünya müharibəsindən sonra yaranmış vəziyyət və həmin vəziyyətdən sonrakı durum necə olmalıdır? Bizim qarşımızda problemlər var, çağırışlar mövcuddur, dövlətlər, xalqlar arasında etimad məsələləri gündəliyimizdə vacib yer tutur. Buna görə də, biz bu gün gündəlikdə duran həmin məsələləri fəal müzakirə etməliyik. Biz indi özümüz üçün müzakirələr aparmalıyıq ki, hansı yeni durum olmalıdır? Henri Kissincer əslində bu sahədə görüləcək tədbirlərin çərçivəsinin hüdudsuz olduğunu qeyd etmişdir. Biz müəyyənləşdirməliyik ki, bir siyasi sistemin digər siyasi sistemə mənfi təsirinin qarşısının alınması hansı tədbirlərə əsaslanmalıdır? Bu məsələ bu gün bizi narahat edir. Buna görə də aydınlaşdırmalıyıq ki, bu gün dünya durumunda məhz hansı yeni sərhədlər, üfüqlər açılır.
Bu gün Bakıya yüksək səviyyəli nümayəndələr, təmsilçilər təşrif gətiriblər. Bu, bizim üçün böyük şərəfdir. Biz Bakı Forumumuzu artıq illik əsaslarla keçiririk. Mən indi böyük məmnuniyyətlə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə söz vermək istəyirəm.
Dövlətimizin başçısı Forumun rəsmi açılışında nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda salamlayıram, hər birinizə “Xoş gəldiniz!” deyirəm. Çox şadam ki, bu gün biz Bakıda 60-dan çox dövlətin nümayəndələrinin iştirakı ilə belə bir vacib, mühüm tədbir təşkil etmişik. Hazırkı və keçmiş prezidentlər, baş nazirlər, siyasətçilər, dövlət və ictimai xadimlər bu gün Bakıda dünya siyasəti ilə bağlı məsələləri nəzərdən keçirəcəklər. Onların baxışları dəyərli bilikləri və təcrübələrinə əsaslanır. Düşünürəm, bu nadir fürsətdir ki, burada bu dərəcədə yüksək səviyyəli qonaqların sayəsində bizi gələcəkdə hansı işlərin, hansı çağırışların gözlədiyini və bu gün dünyanın bütün yerlərində mövcud olan gərginliyin azaldılması üçün hansı tədbirlərin görülməli olduğunu müzakirə edək.
Olduqca məmnunam və fəxr edirəm ki, qısa bir zaman kəsiyində çox mühüm beynəlxalq təsisata çevrilmiş bu Mərkəz dahi azərbaycanlı Nizami Gəncəvinin adını daşıyır. Nizami ilə fəxr etməyən azərbaycanlı tapmaq çox çətindir və mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - xanım Prezident Vayra Vike-Freyberqaya və cənab Serageldinə dünya səviyyəli beynəlxalq təsisatın yaradılması ilə bağlı diqqətəlayiq fəaliyyətləri və töhfələrinə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi gələcəkdə dünya siyasətinin mühüm məsələlərinə müraciət edəcək və irəli getmək yollarının müəyyənləşdirilməsində, gərginliyin azaldılmasında, əməkdaşlıq və qarşılıqlı anlaşma mühitinin yaradılmasında daha da vacib rol oynayacaq.
Eyni zamanda, şadam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi vaxtaşırı tədbirlərini Azərbaycanın qədim şəhəri və Nizaminin vətəni olan Gəncədə təşkil edir. Mərkəz əsasən humanitar məsələlərlə məşğul olan təsisatdan bu gün dünya siyasətinə aid bütün məsələləri – iqtisadi inkişafla, sosial problemlərlə, münaqişələrin həlli ilə bağlı məsələləri müzakirə edən bir təşkilata çevrilmişdir. Əlbəttə, humanitar aspekt də burada vacib rol oynayır.
Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşamışlar. Müstəqil olandan sonra Azərbaycan bu səbəbdən dünya multilkulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Gələn ay biz III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəyik.
Biz hər il Beynəlxalq Humanitar Forum təşkil edirik. Bu tədbir əsasən sülh şəraitində birgə yaşayış, etimadın artırılması və dünyada müxtəlif dövlətlər arasında mövcud olan gərginliyin azaldılması məsələlərini müzakirə edir. Ancaq böyük tarix və mədəniyyətimizə baxmayaraq, Azərbaycan 20 ildən bir qədər çoxdur ki, müstəqildir və bu illər diqqətəlayiq transformasiya illəri olmuşdur.
Bugünkü nailiyyətlərimiz aydın nümayiş etdirir ki, yalnız müstəqil olduğumuz illərdə bizim insanlar böyük uğur əldə edə bilər, öz gələcəyini müəyyən edə bilər, planlar qura bilər və dünyadakı mövqelərini müəyyən etməklə böyük iqtisadi transformasiya və uğura nail ola bilər.
Bəli, Azərbaycan hər zaman enerji resursları ilə zəngin ölkə olmuşdur. Ancaq, eyni zamanda, xatırlayırıq ki, Azərbaycan müstəqil olmayan dövrdə biz bu resursların bəhrəsini görə bilmirdik. XX əsrin əvvəlində Azərbaycan bütün dünyada hasil olunan neftin yarısından çoxunu istehsal edirdi. Siz o vaxtkı mənzərəyə baxsanız çiçəklənmə, bərabərlik və sosial firavanlıq görə bilməzsiniz. Sovet dövründə, xüsusilə də İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti faşizmlə mübarizədə çox mühüm rol oynamışdır. Sovet İttifaqının neftinin 70 faizini Azərbaycan təmin etmişdir. Lakin müstəqil olandan sonra biz ekoloji fəlakət, neft sənayesinin dağılması, iqtisadi və sənaye tənəzzülü ilə üzləşdik. Yəni, çox qısa bir zamanda - yalnız taleyimiz öz əlimizdə olanda biz uğura nail ola bilmişik. Bu çox çətin dövr idi, çünki biz yalnız dövlət və dövlətçiliyin əsaslarını yaratmaqla kifayətlənməli deyildik. Biz, eyni zamanda, bütün sistemi transformasiya etməli idik – həm siyasi, həm də iqtisadi. Biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçməli idik.
Düşünürəm ki, siyasi və iqtisadi islahatların paralel aparılması, sürətli transformasiya, sabitlik proqnozlaşdırıla bilən iqtisadi və sosial inkişafı təmin etmişdir. Bu gün Azərbaycan bütün azadlıqlardan faydalanır, bizim cəmiyyət azaddır, bizdə bütün azadlıqlar təmin edilir - media azadlığı, azad, senzurasız internet, ifadə və toplaşma azadlığı, din azadlığı var. Siyasi transformasiya davam edir. Biz bundan sonra da hüquq sistemimizin təkmilləşdirilməsi üzərində çalışmalıyıq. Çünki ədalət - cəmiyyətdə ədalət, ailədə ədalət və ümumiyyətlə, hər yerdə ədalət istənilən cəmiyyətin normal inkişafı və sabitliyi üçün ən əsas elementlərdəndir. Həmçinin Azərbaycan özünün dünya xəritəsindəki yerini müəyyən edə bilmişdir. Bizim ölkəmiz həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz dünyada çox az sayda dövlətlərdənik ki, hər iki təsisatın üzvüyük.
Azərbaycanın bu təşkilatlarda güclü mövqeyi var və biz fərqli tarixə, ənənəyə və mədəniyyətə sahib olan ölkələri daha da yaxınlaşdırmaqda mühüm rol oynayırıq. Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür. Bu da bizim prioritetlərimizin göstəricisidir. Biz bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizlə fəxr edirik. Bu da aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində öz mövqeyini ifadə edir.
Dünyanın ən aparıcı beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə biz aydın şəkildə bildirdik ki, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Təəssüf ki, beynəlxalq hüquq artıq heç də bütün dövlətlər tərəfindən hörmət olunan məfhum deyil. Bir daha təəssüf edirəm ki, artıq bu, reallıqdır. Belə bir təsəvvür yaranır ki, beynəlxalq hüquq yalnız kifayət qədər güclü olmayan ölkələrə mütləq şamil edilir və onlar digər vasitələrlə məqsədlərinə nail ola bilmirlər. Biz bunu aydın görürük ki, ara-sıra dünyanın aparıcı dövlətləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və bu da müharibədən sonrakı beynəlxalq münasibətlər sisteminin bütün konstruksiyasına xələl gətirir.
Düşünürəm ki, bu, bizim çox açıq və aydın şəkildə müzakirə etməli olduğumuz bir məsələdir. Biz imkanlarımızdan, intellektual potensialımızdan və beynəlxalq nüfuzumuzdan istifadə etməyə çalışmalıyıq ki, bu gün mövcud olan beynəlxalq münasibətlər sistemini gücləndirə bilək. Beynəlxalq hüquqa hörmət etməliyik. Beynəlxalq təşkilatların qətnamələrinə hörmətlə yanaşmalıyıq. Çünki bəzi hallarda qətnamələr dərhal icra olunur, - mən BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərdə tuturam,- digər hallarda isə onlar illər, onilliklər boyu icra edilmir.
O zaman, beynəlxalq hüquq, siyasi maraqlar və siyasi prioritetlər arasında ziddiyyət yaranır. Bu isə məyusluğa gətirib çıxarır. Belə bir vəziyyətin yaranmasına səbəb olur ki, ikili standartlar istisna deyil, bir qaydaya çevrilir. Bir ölkə olaraq biz bunun nə qədər ağrılı olduğunu yaxşı bilirik, çünki biz ikili standartlardan, beynəlxalq hüququn kobud şəkildə pozulmasından əziyyət çəkirik.
Bildiyiniz kimi, Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı uzun illərdir ki, davam edir. Baxmayaraq, BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, onlar Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Dağlıq Qarabağ Azərbaycanın tarixi, ayrılmaz parçasıdır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ Respublikası” adlanan bu qanunsuz qurumu müstəqil olaraq tanımamışdır.
Biz işğaldan əziyyət çəkirik. Bizim ərazimizin 20 faizdən artıq hissəsi hələ də işğal altındadır və bir milyondan artıq azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz etnik təmizləmədən əziyyət çəkmişik, bizə qarşı Xocalı soyqırımı törədilib və bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb və həmin proses davam edir.
Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Bu, BMT Nizamnaməsində əks olunub, bu, Helsinki Yekun Aktında da beynəlxalq hüququn fundamental prinsipi kimi təsbit edilib. Burada heç bir ziddiyyət olmamalıdır və aydın başa düşülməlidir ki, müqəddəratın müəyyən edilməsi hüququ dövlətlərin ərazi bütövlüyünü pozmamalıdır və istənilən dövlətin ərazi bütövlüyü ölkənin hökuməti və xalqının razılığı olmadan dəyişdirilə bilməz. Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər dəyərlidir. Təəssüflər ki, dünyanın müxtəlif yerlərində aqressiv separatçılıq parçalanma siyasətini həyata keçirməyə çalışır. Ərazi bütövlüyünün pozulması münaqişələrin yaranmasına səbəb olur və Dağlıq Qarabağ münaqişəsi bu vaxta qədər həll edilsə idi, bəlkə də digər münaqişələrin şahidi olmazdıq.
Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, sülh yolu ilə həll edilməsinə olduqca sadiqdir. Yeri gəlmişkən, digər vacib beynəlxalq təsisatlar – Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı buna bənzər qətnamələr qəbul etmişdir ki, münaqişə beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Əlbəttə, bu, bizim ölkəmiz üçün ən böyük problem, inkişafımız üçün ən böyük maneədir. Lakin buna baxmayaraq, Azərbaycanın inkişafı çox uğurlu olmuşdur və son on il ərzində bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz iqtisadiyyatımızın şaxələndirilməsi və enerji sektorundan asılılığı azaltmağa müvəffəq olmuşuq. Bu gün enerji sektoru ümumi daxili məhsulun təqribən 30 faizini təşkil edir. Beləliklə, şaxələndirmə siyasəti böyük tərəqqiyə səbəb olmuşdur və hətta bu gün neftin qiymətinin aşağı düşdüyü bir vaxtda, ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 5 faizdən çox artmışdır.
Biz şaxələndirmə siyasəti, sərmayələr və müasir infrastrukturun, əlverişli işgüzar mühitin yaradılması sayəsində özümüzü neftin qiymətinin qeyri-sabitliyindən qoruya bilmişik. Azərbaycan xarici sərmayələr üçün açıq ölkədir. Müstəqillik illəri ərzində Azərbaycana 200 milyard ABŞ dollarından çox xarici sərmayə yatırılmışdır. Ötən il 27 milyard, yəni, 30 faiz birbaşa xarici sərmayə qoyulmuşdur. Beləliklə, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir. Çünki bizdə çox yaxşı işgüzar və sərmayə mühiti var. Davos Dünya İqtisadi Forumunun qiymətləndirilməsinə görə, rəqabət qabiliyyəti baxımından Azərbaycan iqtisadiyyatı 38-ci yerdədir.
Yəni, bir daha qeyd edirəm ki, bu, enerji resursları sayəsində deyil, islahatlar və son illər ərzində görülən işlər nəticəsində mümkün olmuşdur. Biz demək olar ki, işsizliyi tam aradan qaldıra bilmişik və hazırda bu göstərici 5 faizdən azdır. Yoxsulluq kəskin şəkildə azalaraq, 2003-cü ildə 49 faiz olduğu halda, 2013-cü ildə 5 faizə enmişdir. Hesab edirəm ki, iqtisadi və siyasi islahatlar, eyni zamanda, çox fəal sosial siyasət və insanların sosial müdafiəsi, enerji sektorunun inkişafından əldə edilən gəlirlərin toplanması, dövlət vəsaitinin xərclənməsində şəffaflıq bizim inkişafımız üçün, həmçinin vacib rol oynamışdır.
Növbəti illərdə biz daha çox saxələndirməyə diqqət yetirməliyik və bizim hökumətimizin diqqət yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır. Azərbaycan artıq kosmik sənayeyə malik ölkədir, bizim iki peykimiz var və kosmik sənayenin sürətli inkişafı bizim planlarımızın göstəricisidir. Çünki əhalimiz artır, iqtisadiyyatımız da artmaqdadır. İqtisadiyyat əhalinin artımından daha sürətlə inkişaf etməlidir. Əks təqdirdə, müəyyən mərhələdə biz çətinliklərlə üzləşə bilərik. Bu səbəbdən islahatlar davam etməlidir. Biz heç zaman özümüzü arxayın hiss etməməliyik. Biz çox çalışmalıyıq, dövlətçiliyimizi və müstəqilliyimizi gücləndirməliyik. İqtisadi müstəqillik bizə müstəqil xarici siyasət yürütmək imkanı verir. Zəif və asılı olduqda, sən təsir altına düşürsən, fərq etməz kimdən, ancaq yenə də təsir altına düşürsən.
Güclü iqtisadiyyat qurmaqla biz özümüzü istənilən xarici təsirdən qorumuş olduq. Biz istədiyimiz kimi yaşamaq istəyirik. Əsrlər boyu Azərbaycan imperiyaların, digər dövlətlərin tərkibində olub. Bu gün biz azadıq və bizim insanlar müstəqillikdən həzz alır və onun üstünlüklərini görürlər. Biz öz seçimimizi müdafiə etməliyik və seçimimizi müdafiə edəcəyik. Bizim seçimimiz demokratiya, sosial firavanlıqdır. Bizim seçimimiz Azərbaycan xalqı daxilində sülhdür, multikulturalizm, dinlərarası dialoq, dünyanın bütün ölkələri ilə əməkdaşlıq, habelə regional və hamımız üçün faydalı qitə əhəmiyyətli layihələrin həyata keçirilməsidir.
Enerji təhlükəsizliyinə gəldikdə, enerji təminatının şaxələndirilməsində Azərbaycan öz vacib rolunu oynayır. 20 il ərzində biz elə bir neft strategiyası yürütmüşük ki, onun sayəsində regionda yeni enerji xəritəsi yaranmışdır. Biz bir neçə neft boru kəməri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirə bilmişik və bu gün Xəzər dənizinin nefti - təkcə Azərbaycanın resursları deyil, Xəzərin şərq sahillərinin nefti də beynəlxalq bazarlara məhz Azərbaycan vasitəsilə nəql edilir.
Hazırda biz Avropanın ən iri infrastruktur layihəsini həyata keçiririk. Azərbaycan burada da təşəbbüs irəli sürmüş və aparıcı rol oynamağa başlamışdır. Bu layihə “Cənub” Qaz Dəhlizi adlanır və o, 4 hissədən ibarətdir. Birincisi, dünyanın ən böyük qaz yataqlarından olan “Şahdəniz” yatağının işlənilməsi, növbəti mərhələ Azərbaycan və Gürcüstanı birləşdirən boru kəmərləri sisteminin inşasını nəzərdə tutan Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməridir ki, onun inşası nəzərdə tutulmuşdur. Hazırda artıq bütün Türkiyə ərazisində - ölkənin şərq sərhədindən qərb sərhədinədək tikinti işləri başlayıb və Trans-Adriatik Boru Kəməri – TAP-dır ki, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq inşa ediləcək və Albaniya ərazisindən İtaliyaya uzanacaq.
Bundan əlavə, Bolqarıstan da bizim enerji siyasətimizin bir hissəsidir. Biz görürük ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı daha böyük formata çevrilmişdir. Əminəm ki, qarşıdan gələn illərdə Balkan ölkələri bizim boru kəmərləri sistemimizə qoşulacaq, xüsusilə nəzərə alsaq ki, hazırda Avropada əlaqələndirici kəmərlər inşa edilir. Biz bunu tam dəstəkləyirik, çünki Azərbaycan nəhəng qaz ehtiyatlarına və tikilməkdə olan infrastruktura malikdir. Bizim planlarımıza görə, 2018-2020-ci illərdə mənim adını çəkdiyim bütün bu layihələr yekunlaşmalıdır. Bu, 45 milyard dollarlıq sərmayədir, texniki baxımdan olduqca mürəkkəbdir. Əlbəttə, bizim geniş əlaqələndirməyə və əməkdaşlığa ehtiyacımız var. Bu məqsədlə Azərbaycan “Cənub” Qaz Dəhlizinin Məşvərət Şurasını təsis etmiş və cari ilin fevral ayında onun ilk iclasını keçirmişdir.
Həmin iclas mənim sadaladığım ölkələrin, eləcə də Birləşmiş Ştatlar və Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinə bu məsələni müzakirə etmək imkanını yaratdı. Biz mətbuat üçün birgə bəyanat da qəbul etdik ki, orada Azərbaycanın aparıcı rolu aydın şəkildə müəyyən edilmişdir. Bu, bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın bir hissəsidir, ancaq əməkdaşlığımız bununla bitmir. Bununla yanaşı, biz anlayırıq ki, Avropa İttifaqı üçün enerjinin şaxələndirilməsi deyərdim, milli təhlükəsizlik məsələsidir və biz həmin məsələyə məhz bu şəkildə yanaşmalıyıq. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrıla bilməz. Daha bir vacib məsələ mənbələrin şaxələndirilməsidir. Marşrutların şaxələndirilməsi də vacibdir. Ancaq mənbə eynidirsə, şaxələndirilmənin heç bir mənası yoxdur. Bizim halda, söhbət mənbələrin şaxələndirilməsindən gedir və Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır. Əlbəttə, mən demək istəmirəm ki, digər mənbələr əhəmiyyətli deyil və biz heç kimlə rəqabət aparmağa çalışmırıq. Lakin digər mənbələr artıq istifadə olunur və yeganə yeni mənbə Xəzərdir, Azərbaycandır. Hesab edirəm ki, biz burada vacib rol oynayırıq və bu, davam edəcəkdir.
Bununla yanaşı, bizim Avropa İttifaqı ilə əməkdaşlıq formatımız mövcuddur və gələn ay Riqada “Şərq Tərəfdaşlığı”nın növbəti Zirvə toplantısı keçiriləcəkdir. Azərbaycan bu proqramın fəal iştirakçısıdır və demək istərdim ki, biz, eyni zamanda, Avropa İttifaqının üzv dövlətləri ilə ikitərəfli əlaqələrimizi gücləndiririk. Bu günədək Azərbaycan artıq ittifaqın 7 ölkəsi ilə Strateji Tərəfdaşlığa dair saziş imzalamış və ya birgə bəyanat qəbul etmişdir. Bu, Avropa İttifaqı üzvlərinin dörddəbiridir və düşünürəm ki, növbəti illərdə Avropa İttifaqı tərəfindən “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan dövlətlərə qarşı daha da fərqləndirilmiş yanaşma olmalıdır. Çünki bunlar fərqli ölkələrdir, fərqli hədəflərə və fərqli iqtisadi inkişafa malik dövlətlərdir. Bu səbəbdən bizim üçün ən münasib format strateji tərəfdaşlıqdır. O, bizim münasibətlərimizin mahiyyətini və gələcəyini əks etdirəcəkdir.
Yekunda bizim üçün prioritet olan məsələ ilə bağlı bir neçə söz demək istərdim, bu da təhsildir. Təhsil bilikdir, təhsil gələcəkdir, bizim üçün təhsil müasirləşmə deməkdir. Bizim bəxtimiz gətirib ki, Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə bərabərdir. Hökumətimiz ildə 40 milyon avroya yaxın vəsait xərcləyir ki, bizim gənclər dünyanın aparıcı universitetlərində təhsil alsınlar. Təhsil həm də, radikallaşmadan müdafiədir. Bu da bu regionda yerləşən ölkə üçün çox vacibdir. Radikallaşmadan müdafiə əlbəttə ki, cəmiyyətdə sabitlik və ədalət, habelə onun iqtisadi inkişafı, yoxsulluğun və işsizliyin aradan qaldırılması deməkdir. Çünki radikallar yoxsulluq, işsizlik, sosial və siyasi ədalətsizlikdən istifadə edirlər. Radikallar bu vasitələrdən istifadə edərək gənclərin beyinlərini korlayırlar və özlərinin məqsədlərinə nail olmaq üçün onları öz sıralarına cəlb edirlər.
Bu səbəbdən bizim üçün təhsil radikallaşmadan müdafiə, müasirləşmə və inkişaf deməkdir. Biz Azərbaycanı məhz belə görmək istəyirik və Azərbaycanın hansı şəkildə inkişaf etməli olması ilə bağlı cəmiyyətimizdə tam konsensus var. Bizim inkişaf yolumuz azadlıq, demokratiya, iqtisadi və sosial tərəqqi, bütün tərəfdaşlarımızla yaxşı münasibətlər yoludur ki, müstəqilliyimizi gücləndirək və seçimimizi qoruya bilək.
Əziz dostlar, sizi bir daha Azərbaycanda salamlayıram və Foruma uğurlar diləyirəm.
X X X
Forumda çıxış edən Bolqarıstan Prezidenti Rosen PLEVNELIYEV dünyadakı böhranların rekord həddə çatdığını dedi. Müasir dünyanın çağırışlarına toxunan dövlət başçısı qanunun aliliyinin təmin olunması, böhranların həlli, miqrasiyanın tənzimlənməsi, terrorçuluğun qarşısının alınmasının vacibliyinə diqqət çəkdi. “Sülh yalnız müharibənin olmaması deyil. Sülh qanunun aliliyidir”,- deyən Rosen Plevneliyev indi dondurulmuş münaqişələrin sayının artdığını bildirərək, dünyada davamlı nizam-intizama nail olunmasının zəruriliyini vurğuladı. Bolqarıstan Prezidenti onu da dedi ki, siyasi məsələlərin həlli siyasi qərarların qəbul olunmasını tələb edir.
Hər bir ölkənin digər ölkəni tərəfdaş kimi qəbul etməsinin vacibliyinə toxunan, etimad körpüsünün önəmini qeyd edən Bolqarıstan dövlətinin başçısı dedi:
- Cənab Prezident, dostlar. Çox sağ olun ki, mənim üçün belə bir imkan yaratmısınız. Mən dözümlü bir xalqın - bolqarların nümayəndəsi kimi mən bu gün burada - Azərbaycanda sizin qarşınızda çıxış edirəm. Çalışıram sizə izah edim ki, bizim mirasımız nədən ibarətdir. Bu tarixi görüşümüz bizə imkan verəcək ki, daha yüksək rifaha imza atan bir dünya yarada bilək. Biz çalışacağıq qeyd etdiyim məsələləri, Nizami Gəncəvinin bizə vəsiyyət etdiklərini gələcək üçün çağırışlar kimi, mərhələlər kimi inkişaf üçün bərqərar edək. Biz onları dəstəkləyəcəyik, inkişaf etdirəcəyik, gələcəyə ötürəcəyik, daha çox dözümlü, vətənpərvər olacağıq. Müsbət enerjidən daha çox istifadə edəcəyik və sizin qərarlarınızdan asılı olaraq biz öz planlarımızı daha güclü bir səviyyəyə çatdıracağıq, dostluq naminə bir-birimizi daha yaxşı başa düşəcəyik. Çox sağ olun cənab Prezident.
X X X
Makedoniya Prezidenti George İVANOV Bakıda keçirilən növbəti Forumun əhəmiyyətindən danışdı:
- Bu çox önəmli Forum dünya nizamı üçün vacib məsələləri müzakirə etməyə imkan verir. Avropa doğrudan da sülh, azadlıq və növbəti nəsillər üçün sabit məkana çevrilməlidir. “Şərq tərəfdaşlığı” Proqramı Avropa Qonşuluq Siyasətinin perspektivi kimi Avropa İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlığı genişləndirməli idi. Eyni zamanda, beynəlxalq hüquq normalarına uyğun olaraq münaqişələrin həllinə kömək etmək və tərəflər arasında etimad yaratmaq əsas məqsədlərdən idi. Son məqsəd isə İttifaqın sabitliyi, rifahı üçün ümumi standartların bərqərar olması idi. Digər tərəfdən, Avropa, Aralıq dənizi İttifaqı, Şimali Afrika və Yaxın Şərq ölkələrində bazar islahatları və demokratik islahatlar dəstəklənməli idi. Əsas məqsəd iqtisadi inkişafa kömək etmək və işsizlik səviyyəsini azaltmaq idi.
Makedoniya Prezidenti çıxışında Avropa İttifaqının dəyərlərinə toxundu, bu qurumun yaratdığı dəyərlərin qitəni əhatə edən ölkələrin hər birində bərabər qaydada paylanmasının vacib olduğunu bildirdi. Avropa İttifaqının genişlənmə siyasətinin xeyli ləngidiyini deyən dövlət başçısı bu qurumun hələ də dünya nizamında layiqli yer uğrunda mübarizə apardığını bildirdi. George İvanov əsas məqsədin rifah yaratmaq olduğunu söylədi. O, ölkəsi haqqında danışaraq, Makedoniyada tolerantlığın hökm sürdüyünü vurğuladı.
X X X
Sonra Maltanın Baş naziri Cozef MUSKAT çıxış edərək Bakı Forumunun yüksək səviyyədə təşkilinə və onu bu tədbirə dəvət etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Cozef Muskat dünyanın və cəmiyyətlərin dəyişdiyi indiki vaxtda ölkəsində həyata keçirilən islahatlardan danışdı, hazırda dünyanı narahat edən miqrasiya probleminin artıq ciddi fəsadlar yaratdığını bildirərək dedi:
- İnsanlar öz həyatlarını daim yaxşılaşdırmaq istəyirlər. Bunu da qəbul etmək lazımdır ki, insanlar həmişə miqrasiya edəcək, yerlərini dəyişmək niyyətində olacaqlar. Ona görə də miqrasiya məsələlərinin həll olunması üçün həm Avropa səviyyəsində, həm də qlobal səviyyədə yeni qanunlar, yeni qaydalar yaratmalıyıq. Avropa dünyanın nizam-intizamını dəyişib. O, insanların rifahı naminə daha sürətlə dəyişməlidir.
Cozef Muskat bu problemin həll olunmadığı təqdirdə onun Avropada böhrana səbəb ola biləcəyi ehtimalını irəli sürdü. Qeyd etdi ki, insanlar cəmiyyətin dəyişməsini daha ləng qəbul edirlər.
X X X
Sonra İsmayıl Serageldin Almaniya Federativ Respublikasının Kansleri xanım Angela Merkelin Foruma müraciətini oxudu. Müraciətdə deyilir:
“III Qlobal Bakı Forumu bir çox dövlət və hökumət başçıları, bir sıra önəmli beynəlxalq təşkilatlar ilə müzakirə və fikir mübadiləsi aparmaq üçün gözəl fürsətdir. Qlobal maraq doğuran məsələləri müzakirə etmək barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü bu baxımdan çox qiymətlidir, vaxtına düşür və eyni zamanda, zəruridir. Hazırda dünya nizamı iki dünya müharibəsinin acı təcrübəsinə əsaslanır. Sülh, demokratiya və insan hüquqları dəyərlərini müdafiə etmək bizim iradəmizdən asılıdır. İnsanların uzunmüddətli rifahını, sabitliyini təmin etmək istəyən hər bir şəxs dünya birliyinin qaydalarını qəbul etməli və bərqərar olunmasına çalışmalıdır. Biz bilirik ki, təhlükəsizlik və əməkdaşlıq prinsipləri Avropada yalnız dialoq, əməkdaşlıq və etibarın yaradılması nəticəsində mümkündür. Baxmayaraq ki, 1949-cu ildə demək olar, bütün ölkələr BMT-nin insan hüquqları haqqında Bəyannaməsini qəbul edib. Bu prinsiplərin tam şəkildə bərqərar olunması və onlara hörmətlə yanaşılması üçün hələ görüləcək işlər çoxdur. Dünya nizamı yetərincə çevik olmayıb. Əlbəttə, gələcəkdə onun davamlı inkişafı önəmlidir. Biz ondan sui-istifadə etməməliyik. Bunu yalnız ümumi dialoq şəklində etmək mümkündür. Almaniya da bu səyləri həmişə dəstəkləyəcək. Forumun iştirakçılarını bir daha salamlayıram.
Federal Kansler Angela Merkel”.
X X X
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid KEMERONUN Foruma ünvanladığı məktubu həmin ölkənin Azərbaycandakı səfiri İrfan Siddiq oxudu. Məktubda deyilir:
“Mən Bakıda keçirilən Üçüncü Foruma salamlarımı çatdırmaq istərdim. Bu görüş dünyanın aparıcı liderlərini bir araya gətirib. Bu şəxslər qlobal məsələlər üzrə bir-biri ilə rəqabət aparan şəxslərdir. Bu sahədə müxtəlif çağırışların həlli üçün müdrik yanaşma çox önəmlidir. Üçüncü Forumun məqsədi etimadın yaradılmasıdır. Müasir dünyada indiki təhdidləri nəzərə alsaq, onların həlli üçün belə Forumun məqsədi çox önəmlidir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və açıq cəmiyyətlərin qlobal Forumunun beynəlxalq əməkdaşlığın, ən əsas təhlükəsizlik məsələlərinin, çağırışların həll olunması sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirirəm. Mən Forum iştirakçılarını səmimiyyətlə salamlayıram.
Baş nazir Devid Kemeron”.
X X X
Daha sonra UNESCO-nun baş direktoru İrina BOKOVANIN Forum iştirakçılarına videomüraciəti nümayiş etdirildi. Videomüraciətdə deyilir:
“Zati-aliləri, xanımlar və cənablar.
Hazırkı III Qlobal Bakı Forumunda bu gün beynəlxalq münasibətlərdə vacib bir məsələ araşdırılacaqdır. Dövlətlər arasında və cəmiyyətlər daxilində etimad sabitlik, inkişaf və sülhün sütunudur. Etimadın gücləndirilməsi insan hüquqları və insan ləyaqətinə əsaslanan həmrəylik vasitəsilə sülhü müdafiə etmək üçün 70 il bundan əvvəl yazılmış UNESCO-nun mandatının əsasında durur. Bu məsələ cəmiyyətlərin transformasiyaya uğradığı, bərabərsizliyin baş qaldırdığı, münaqişələrin davam etdiyi və planetimizin artan təzyiqlə üzləşdiyi bir vaxtda önəmlidir. Dünyada biz zorakı ekstremist qüvvələr tərəfindən məktəblərə hücum olunduğunu, mədəni abidələrin məhv edildiyini müşahidə edirik. Bu çağırışlar dönüş nöqtəsində dövlətin yeni qlobal dayanıqlı inkişaf gündəmini formalaşdırmasında baş qaldırır. Bu gündəmin uğur qazanması üçün UNESCO-nun qeyri-hərbi gücü həlledici rol oynayır. Təhsil, elm, mədəniyyət, kommunikasiya və informasiya. Bunlar dayanıqlı inkişaf və davamlı sülhün təməlini təşkil edir. Bu dövr UNESCO tərəfindən irəli aparılan mədəniyyətlərin yaxınlaşması üçün beynəlxalq onilliyi istiqamətləndirir. Bu məsələ, həmçinin UNESCO və Azərbaycan arasında aparılan tərəfdaşlığın özəyində durur. Mən mədəniyyətlərarası dialoqun təbliğ edilməsinə uzun müddətdir ki, sadiq qaldığına görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirmək istəyirəm. Bu məsələ şifahi ənənələr və musiqi ənənələri sahəsində UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində də irəli aparılır. Eyni münasibət hər bir qadın və kişinin ləyaqəti haqqında yazmış, 2013-cu ildə UNESCO tərəfindən 900 illiyi qeyd olunan Azərbaycan şairəsi Məhsəti Gəncəvi tərəfindən də ifadə olunmuşdur. Xanımlar və cənablar, mən sizə bu nöqteyi-nəzərdən uğurlu bir Forumda iştirak etməyi diləyirəm”.
X X X
BMT-nin sabiq baş katibi Butros Butros-Qali öz videomüraciətində Forumun işinə uğurlar arzuladı:
“Mən xəstəyəm və əfsuslar olsun ki, müxtəlif həkimlərin qəbuluna getmək məcburiyyətindəyəm və onlar mənə hərəkət etməməyi məsləhət görüblər. Ümidvaram ki, Bakı Forumu texnoloji inqilaba görə baş verən kəskin dəyişiklikləri, BMT-nin artıq köhnəlmiş bir təşkilat olması faktını və yeniliklərə ehtiyac duyduğunu nəzərə almağa kömək edəcəkdir və ümid edirəm ki, Bakı Forumu bir çox digər beynəlxalq konfranslara kömək edəcəkdir və yeni ideyalar üzərində texnoloji inqilabın hansı təsirlərə malik olduğunu nəzərə alaraq beynəlxalq ictimaiyyəti yeni ideya və konsepsiyalarla təmin etmək üçün bir növ mədəni mərkəz rolunu oynayacaqdır. Biz özümüzü yeni cəmiyyət üçün hazırlamalıyıq. Biz hələ də dövlətin yeganə iştirakçı olduğu köhnə cəmiyyətdə yaşayırıq. Artıq dövlət yeganə iştirakçı deyil.
Mən Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı ifadə etməliyəm. Mən onu çox yaxşı tanıyıram, onun atasını da tanımışam. Ümid edirəm ki, texnoloji inqilabla əlaqəli yeni problemlərin sülh yolu ilə həllini tapmaqda beynəlxalq ictimaiyyətə kömək etmək üçün Bakı müxtəlif konfranslar və iclasların keçiriləcəyi mədəni mərkəz olmağa davam edəcəkdir”.
X X X
İsmail Serageldin ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin də məktubunu oxudu:
“Bakı Forumunun bütün iştirakçılarını salamlayıram. Hazırda dünyada çox güclü çağırışlar var. Dünyada təhlükəsizliyin qorunması üçün çox böyük imkanlar var. Biz düşünürük ki, bu Forum beynəlxalq aləmdə anlaşmanın və etimadın möhkəmlənməsinə, dünyamızın daha gözəl, daha ləyaqətlə yaşamaq üçün bir məkana çevrilməsi işinə kömək edəcək. Hamınıza bu yolda uğurlar arzu edirəm.
Henri Kissincer”.
X X X
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-FREYBERQA da çıxışında miqrasiya probleminin həlli istiqamətində təsirli addımların atılmasının vaxtının yetişdiyini dedi. Bundan əlavə, insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı tədbirlərin də görülməsinin vacibliyinə diqqət çəkdi. Bu ideyalar uğrunda mübarizənin daha güclü xarakter almasının zəruri olduğunu dedi. Latviyanın sabiq prezidenti ədalətin hökm sürdüyü ölkələrin daha çox inkişaf etdiyini vurğuladı. Vayra Vike-Freyberqa müxtəlif fikirləri dinləyərək ortaq məxrəcə gəlinməsi baxımından Bakı Forumunun əhəmiyyətli məkana çevrildiyini bildirdi, bu proseslərin uğurlu alınmasında Prezident İlham Əliyevin rolunu və xidmətlərini xüsusi vurğulayaraq dedi:
- Bu Forumun məqsədi sizin fikirlərinizi dinləməkdir, baxmaqdır ki, fərqlər nədən ibarətdir, bunları təhlil etməkdir. Cəmiyyətdə ideyalar irəli sürülməlidir. Yaxşı ideyalar bölüşülməlidir və tətbiq olunmalıdır. Mən düşünürəm ki, Bakı Forumu bu mənada çox önəmli bir məkana çevrilib. Ona görə də mən şəxsən Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istərdim. Ona görə ki, o, belə görüşün önəmini başa düşən bir şəxsiyyətdir və bu tədbirin keçirilməsinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə böyük dəstək verib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi öz işini ideyalar, fikirlər əsasında qurmaq, məsləhətlərdən, ideyalardan istifadə etmək istəyir. Hakimiyyətdə olan şəxslərin, prezidentlərin, baş nazirlərin, kralların fikirlərini bilmək istəyir. Burada əyləşən insanların hamısının səlahiyyət, təsir imkanları var. Mən istərdim ki, siz hamınız təsir imkanlarınızdan istifadə edib Bakıda çox gözəl bir neçə günü birlikdə keçirə biləsiniz.
Hamınıza uğurlar arzu edirəm.
X X X
Xatırladaq ki, üçüncü dəfə Bakıda keçirilən Foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq dövlət və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə qatılıb. Aprelin 30-dək davam edəcək tədbirdə nüfuzlu siyasi liderlər qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemləri geniş müzakirə edəcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparacaqlar.