İlham Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub
11 aprel 2015, 15:10
Prezident İlham Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Binanı xarici və yerli ustalar inşa ediblər. Tikinti materialları isə Bakıdan gəmi ilə daşınıb. Xan evinin tikintisində Şərq və Qərb memarlıq üslubundan istifadə edilib, kərpic və ağ daş materiallarına üstünlük verilib. Üçmərtəbəli bina 12 otaqdan ibarətdir. Sahəsi 812 kvadratmetr olan Xan evi 1913-cü ildə Lənkəranda ilk dəfə xüsusi elektrik qurğusu quraşdırılmaqla elektrik enerjisi ilə təmin edilib. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Uzun illər təmir edilmədən fəaliyyət göstərən muzey binası, tədricən aşınıb, dam örtüyü sıradan çıxıb, mərtəbələrarası örtüklər, döşəmələr, qapılar, pəncərələr keyfiyyətini itirərək yararsız vəziyyətə düşmüşdü.
Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin aprel ayında başa çatdırılıb.