İlham Əliyevin və Bolqarıstanın Baş naziri Boyko Borisovun mətbuat üçün bəyanatları
04 mart 2015, 18:20
Prezident İlham Əliyevin bəyanatı
- Çox sağ olun hörmətli cənab Baş nazir.
İlk növbədə məni Bolqarıstana dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Sizin gözəl ölkənizdə olmağımdan çox məmnunam.
Bu gün biz Sizinlə Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini çox səmimi şəkildə müzakirə etdik və bir daha gördük ki, əlaqələrimiz ən yüksək səviyyədədir. Bizim əlaqələrimiz strateji tərəfdaşlıq əlaqələridir. Bu əlaqələrin çox gözəl perspektivləri vardır. İlk növbədə, siyasi əlaqələr yüksək səviyyədədir. Biz Sizinlə mütəmadi qaydada görüşürük.
Siyasi əlaqələrin güclü olması, əlbəttə ki, bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də görüşümüz zamanı müzakirə edilmişdir və Bolqarıstan bu əlaqələrin inkişafında çox mühüm rol oynayır.
Təbii ki, əsas danışıqlar mövzusu ikitərəfli əlaqələr olmuşdur və bu sahədə biz çox müsbət nəticələri görürük. İqtisadi sahədə çox gözəl imkanlar var. Bilirəm ki, həm Bolqarıstan, həm Azərbaycan şirkətləri birgə fəaliyyət aparmaq üçün böyük səylər göstərirlər. İnvestisiya imkanları araşdırılır. Azərbaycan şirkətləri çox böyük həvəslə Bolqarıstana investisiya qoymağa hazırlaşırlar. Eyni zamanda, Bolqarıstan şirkətlərini də investorlar kimi Azərbaycanda görmək istəyərdik.
Bolqarıstan şirkətləri, eyni zamanda, Azərbaycanda infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər.
Nəqliyyat sahəsində gözəl imkanlar var. Bu barədə də fikir mübadiləsi aparıldı. Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanı Asiya ilə birləşdirən ölkəyə çevriləcəkdir. Təbii ki, nəqliyyat infrastrukturunun yaradılması, birgə addımlar bizim iqtisadi maraqlarımıza xidmət göstərəcək və ölkələrimizi bir-birinə daha da sıx bağlayacaqdır.
Təbii ki, bu gün danışıqların əsas mövzusu energetika məsələləri, “Cənub” qaz dəhlizinin icrası məsələsi idi. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır. Uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihələr bu gün “Cənub” qaz dəhlizinin reallaşmasına xidmət göstərmişdir. İyirmi ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə məşğuldur və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir.
“Cənub” qaz dəhlizi isə, sadəcə olaraq, Avropada bu gün reallaşan ən böyük infrastruktur layihəsidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk növbədə, “Şahdəniz” qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu – TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik - TAP layihəsinin tikintisi “Cənub” qaz dəhlizini formalaşdıran seqmentlərdir. Bütün istiqamətlər üzrə ardıcıl iş aparılır. Keçən ilin sentyabr ayında Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu ilin fevralında isə Bolqarıstanın energetika nazirinin iştirakı ilə Bakıda “Cənub” qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin birgə Məşvərət Şurası keçirilmişdir.
Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına, eyni zamanda, Avropa istehlakçılarının enerji təhlükəsizliyinə xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox etibarlı və strateji tərəfdaş kimi qiymətləndirilir. Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz mənbəyidir.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyonkubmetrdir. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Bizim üçün Avropa bazarı prioritet bazardır. Azərbaycanın bu istiqamətdə təşəbbüs olaraq irəli sürdüyü layihələr Avropa qurumları tərəfindən də dəstəklənir. Əslində, keçən ay Bakıda keçirilən birinci Məşvərət Şurası işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur.
Biz ümid edirik ki, Bolqarıstan-Azərbaycan əlaqələri, eyni zamanda, “Cənub” qaz dəhlizinin digər üzvləri ilə bərabər apardığımız işlər bu layihənin vaxtında icra edilməsinə gətirib çıxaracaq və bir neçə ildən sonra böyük həcmdə Azərbaycan qazı Avropaya nəql ediləcəkdir.
Bununla bərabər, qeyd etmək istəyirəm və çox şadam ki, Bolqarıstan bu layihənin iştirakçısıdır, hazırda Azərbaycan qazını alan bir ölkədir. Amma ümid edirəm ki, gələcəkdə Azərbaycan qazını digər ölkələrə nəql edən tranzit ölkə kimi Bolqarıstan öz xidmətlərini göstərəcək və öz rolunu oynayacaq. Beləliklə, əslində, bu gün ölkələrimiz arasında uzunmüddətli strateji tərəfdaşlıq dövrü başlayır. Bu, məni çox sevindirir. Bolqarıstan bizim üçün əziz dostdur, çox yaxın ölkədir, bolqar xalqına bizim çox böyük rəğbətimiz var. Fürsətdən istifadə edərək, dünən qeyd olunan milli bayram münasibətilə Sizi, bütün Bolqarıstan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bolqarıstana yeni uğurlar arzulayıram. Sağ olun.
Baş nazir Boyko Borisovun bəyanatı
- Sizə təşəkkür edirəm, cənab Prezident.
İcazənizlə, bizim media mənsubları üçün əlavə məlumat vermək istərdim ki, bu görüşlərdə Veliko Tırnovo şəhərinin meri də iştirak edir. Bizim bu şəhərdə gələcək layihələrimiz var. Bu şəhər Azərbaycana növbəti maraqlı layihələrini təklif edir.
Bu, çox gözəl bir şəhərdir və ümid edirəm ki, turistlərin də marağına səbəb olacaq.
Ümidvaram, bu məsələyə də diqqət yetirildi ki, biz “Nabucco” layihəsinin də yenidən bərpa edilməsinə önəm veririk. Bu layihədə Bolqarıstan çox sadiq tərəfdaş olmuşdur və biz digər ölkələrdən fərqli olaraq üzərimizə düşən 3-cü enerji paketi çərçivəsində bütün öhdəliklərimizi yerinə yetirmişik.
Cənab Prezident İlham Əliyev və SOCAR-ın nümayəndəliyi ilə bərabər biz yenidən həmin təkliflər paketini Avropa İttifaqı məmurlarının diqqətinə çatdıracağıq ki, bu məsələdə Bolqarıstana hər hansı bir maneə törətməsinlər. Biz heç də yalnız Avropa Komissiyasının maraqlarını müdafiə etməklə məşğul olmamalıyıq. Uzun illərdir biz bu layihələrin inkişafına böyük sərmayələr qoymuşuq, böyük səylər göstərmişik. O da bir faktdır ki, həmin layihənin səhmləri Azərbaycan tərəfindən də əldə edilə bilər. Bu da bizim üçün, Bolqarıstan üçün əlavə mənfəət deməkdir.
Bolqarıstanın bütün siyasi partiyalarının nümayəndələri Azərbaycanda səfərdə olublar, Azərbaycanı sevirlər, bu ölkəyə böyük rəğbət bəsləyirlər. Ona görə də zənnimcə, Bolqarıstanda hansı partiyanın iqtidarda olmasından asılı olmayaraq bu layihələr üzrə bütün işlər uğurla gedəcək. Bu, bizim əlavə imkanlarımızdır, bizim qaz və nəqliyyat sisteminin inkişafı deməkdir. Bu, bizim nəqliyyat və boru kəmərləri sisteminin şaxələndirilməsi deməkdir. Bu, Avropaya da yeni mənbələrin əldə edilməsinə şərait yaradır. Əminəm ki, burada heç bir maneə olmayacaq və Avropa Komissiyası bu məsələdə bizi tam dəstəkləyəcək.
Cənab Prezident Əliyev, Sizi əmin edə bilərəm ki, bu məsələdə Siz Bolqarıstanın tam dəstəyinə arxalana bilərsiniz. Bizim hökumətimiz bu danışıqlarda birmənalı olaraq bu əməkdaşlığın tərəfdarı kimi çıxış edəcək və bu məsələnin, yəni, “Cənub” qaz dəhlizinin ən qısa zamanda inkişaf etdirilməsinə və reallaşdırılmasına çalışacaq.
Azərbaycan bu gün artıq Yunanıstanın qaz şəbəkəsinə yüz milyonlarla avro sərmayə yatırmışdır. Bu da gələcək üçün geniş imkanlar açır. Bu layihə heç bir dövlətə qarşı yönəlməyib. Bu layihə milli maraqlarımızın müdafiəsinə xidmət edir ki, bizim qaz nəqliyyat sistemimiz tam doldurulmuş olsun. Biz bilirik ki, Azərbaycan dəmir yolu nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsinə böyük sərmayələr yatırır. Bu layihə Mərmərə tuneli vasitəsilə birləşəndən sonra Asiyadan Avropaya uzanan ən qısa bir marşrut olacaq. Bu, çox böyük yük həcmlərinin daşınması deməkdir. Bu da iqtisadiyyatın və ticarət əlaqələrinin genişləndirilməsinə növbəti bir stimul olacaq və bu məsələyə də bizim tam dəstəyimiz var.
Digər sahələrdə – idman, mədəniyyət və kənd təsərrüfatı sahələrində sərmayə üçün böyük imkanlar və potensial var.
Bundan əlavə, biz əczaçılıq məhsullarının təchizatı məsələsini də müzakirə etdik. Bizim səhiyyə nazirimiz artıq bu gün böyük əczaçılıq şirkətlərinin nümayəndələri ilə görüşərək Azərbaycanda istehsal sahələrinin yaradılması məsələlərini nəzərdən keçirəcək. Bizim tikinti şirkətlərimiz də Azərbaycanda bir sıra layihələrdə iştirak edə bilərlər. Beləliklə, çox geniş imkanlar vardır ki, biz dost Azərbaycan ilə bir sıra sahələri inkişaf etdirək.