İlham Əliyev Heydər Parkı, Heydər Əliyev Mərkəzi və “Cırtdan” uşaq əyləncə parkının açılışlarında iştirak etmişdir
21 yanvar 2011, 13:52
Prezident İlham Əliyev Bakının Lökbatan qəsəbəsində Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və “Cırtdan” uşaq əyləncə parkının açılışlarında iştirak etmişdir.
Mərasim iştirakçıları dövlət başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə Lökbatan qəsəbəsinin mərkəzində yerləşən Heydər Parkında aparılmış əsaslı yenidənqurma və abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, ölkənin ən böyük sənaye mərkəzlərindən olan Qaradağ rayonunun inkişafı dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Qaradağ rayonunun inkişafı ilə bağlı böyük tədbirlər həyata keçirilir, əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır.
Diqqətə çatdırıldı ki, Heydər Parkının ərazisi əsaslı yenidənqurma işləri nəticəsində xeyli genişləndirilmiş, burada qəsəbə sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq inşa edilmiş parkda yeni yaşıllıq zolaqları salınmış, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılmış, yaraşıqlı fəvvarələr tikilmişdir.
Bildirildi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə parkın ərazisində Heydər Əliyev Mərkəzi inşa edilmişdir.
Dövlət başçısı ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları təbrik edərək dedi:
- Sizi Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu, çox gözəl mərkəzdir. Biz bu mərkəzin açılışında da bərabər iştirak edirik. Mərkəz həm Qaradağ rayonuna, onun mərkəzi olan Lökbatan qəsəbəsinə əlavə yaraşıq verir, həm də funksional baxımdan çox dəyərlidir. Bütövlükdə burada gedən işlər məni çox sevindirir. Əminəm ki, siz də mənim fikrimlə razılaşırsınız. Qəsəbənin sakinləri burada gedən gözəl dəyişiklikləri görürlər və bu dəyişikliklərin həyata keçirilməsində fəal iştirak edirlər. İndi bu park demək olar ki, Bakının ən gözəl parklarından biridir. Gözəl şərait yaradılıb, abadlıq işləri görülüb. Parkdan başqa, bütün bu binalar təmir olunub, küçələr salınıb, genişləndirilib. Yəni, burada gedən abadlıq-quruculuq işləri onu göstərir ki, iradə, istək və işgüzarlıq olan yerdə hər şeyi etmək mümkündür.
Mən çox şadam ki, son dövrlərdə Qaradağ rayonunda belə gözəl işlər görülmüşdür, özü də, qısa müddət ərzində. Bilirsiniz ki, Qaradağ rayonuna mənim həmişə xüsusi münasibətim, xüsusi diqqətim olub. Mənim demək olar ki, siyasi fəaliyyətim bu rayonda başlayıb. Birinci dəfə 1995-ci ildə qaradağlılar mənə etimad göstərmiş, Milli Məclisə deputat seçmişlər. Mən də çalışırdım ki, bu böyük etimadı doğruldum. Dəfələrlə Qaradağ rayonuna gəlmişəm, vəziyyətlə tanış olmuşam. Bu gün ölkə Prezidenti kimi çalışıram ki, Bakının ən böyük rayonu olan Qaradağ rayonunun inkişafı üçün öz köməyimi göstərim.
Rayonun iqtisadi və sənaye inkişafı sürətli gedir. Qaradağ rayonu Azərbaycanın güclü sənaye mərkəzinə çevrilir. Burada yaradılan müəssisələr və tikilməkdə olan zavodlar rayonun iqtisadi gücünü artıracaq, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır.
Bir müddət bundan əvvəl xarici investorlar tərəfindən tikilən böyük sement zavodunun təməl daşını qoyduq. Yəqin ki, gələn il bu zavod fəaliyyətə başlayacaqdır. Ondan sonra Qaradağ rayonunda ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan gəmiqayırma zavodunun təməl daşı qoyuldu. Keçən il Bakının yeni ticarət limanı yenə də Qaradağda tikilməyə başlanmışdır.
Əlbəttə, Qaradağ rayonunun ərazisi çox böyükdür. Ərazi baxımından Bakının yarısı qədərdir. Coğrafi vəziyyəti belədir ki, buranı böyük sənaye mərkəzinə çevirmək üçün yaxşı imkanlar vardır. Ancaq digər tərəfdən, o da həqiqətdir ki, Qaradağ rayonunun ölkəmizin sənaye potensialının inkişafında öz rolu olmalıdır. Ölkəmizdə indi çox güclü sənayeləşmə siyasəti aparılır. Biz müxtəlif istiqamətlərdə güclü sənaye potensialının yaradılması ilə məşğuluq. Hazırda biz ölkə miqyasında əlbəttə ki, Bakıdan sonra iki böyük sənaye mərkəzinin yaradılması ilə ciddi məşğuluq. Onlardan biri neft-kimya sənayesinin ənənəvi mərkəzi olan Sumqayıt şəhəridir. Hazırda bu ənənəvi sahə ilə bərabər Sumqayıtda çox güclü sənaye potensialı yaradılır. İkinci sənaye mərkəzi Qaradağ rayonu olmalıdır. Gələcəkdə Qaradağ rayonunda böyük neft-kimya kompleksinin yaradılması da planlarımızda vardır.
Rayonun bu sürətli inkişafını nəzərə alaraq, hələ bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qaradağ rayonunda böyük elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Modul tipli Səngəçal elektrik stansiyasının istehsal gücü 300 meqavata bərabərdir. Yəni, bu, gələcəyə atılmış bir addımdır. Çünki biz bilirdik ki, burada yaradılacaq yeni sənaye müəssisələri əlavə elektrik enerjisi tələb edəcəkdir. Biz hər şeyi planlı şəkildə edirik və yenə də demək istəyirəm ki, sənaye sahəsində görülən bütün bu işlərlə bərabər, rayonda qısa müddət ərzində belə gözəl abadlıq işlərinin aparılması məni çox sevindirir. Mən istəyirəm ki, bütün şəhərlərimiz, bütün meydanlarımız belə gözəl olsun, insanlar üçün gözəl şərait yaradılsın, Azərbaycan vətəndaşları rahat yaşasınlar. Biz bu meydandan bu yaxınlarda istifadəyə verilmiş gözəl evi də görürük. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün tikilmiş gözəl bina da bu meydana əlavə yaraşıq verir.
Həm iqtisadi, həm də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. 2011-ci ili biz böyük ümidlərlə başlayırıq. 2011-ci ildə mənim ilk belə görüşüm Qaradağ rayonundadır. Keçən ildə də, əvvəlki illərdə də dəfələrlə rayonda olmuşam, gələcəkdə də gələcəyəm, çünki burada hələ açılışlar çox olacaqdır.
Sizi görülən bu işlərlə, əldə edilmiş uğurlarla ürəkdən təbrik edirəm. Sağ olun
Lökbatan qəsəbəsinin sakinləri adından dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirən Təranə İsmayılova dedi:
- Hörmətli möhtərəm cənab Prezident!
Sizi - ulu öndər Heydər Əliyevin layiqli davamçısını, ölkəmizi dünya miqyasında tanıdan görkəmli rəhbərimizi Sizin üçün həmişə doğma və əziz olan Qaradağ rayonunda səmimi qəlbdən salamlayıram və bütün rayon ictimaiyyəti adından Sizə “Xoş gəlmisiniz!” deyirəm.
Biz həmişə fəxr etmişik ki, Siz böyük siyasətə məhz Qaradağ rayonundan başlamısınız. 1995-2000-ci illərdə Siz parlamentdə bizim rayonun deputatı olmusunuz və o zaman da bizim rayon üçün çox böyük işlər görmüsünüz. Sizin təşəbbüsünüzlə yaradılmış Qaradağ rayonunun Sosial-İqtisadi İnkişafına Yardım Fondunun köməyi ilə rayonda bir çox işlər görülmüşdür. Bu işlər bu gün də davam edir. Fond bütün əlamətdar günlərdə, bayramlarda rayonun ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə maddi kömək göstərir, bayram sovqatları paylayır. Biz fəxrlə bildiririk ki, ölkəmizin bütün bölgələrində inşa olunan olimpiya idman komplekslərinin, şəhid və əlil ailələri üçün çoxmərtəbəli yaşayış binalarının birincisi məhz Lökbatan qəsəbəsində tikilmişdir. Bu obyektlərin açılışında ümummilli liderimiz Heydər Əliyev şəxsən iştirak etmiş və öz xeyir-duasını vermişdir.
Möhtərəm cənab Prezident!
Sizin Qaradağ rayonuna qayğınız bu gün də davam edir. Qaradağda Sizin təşəbbüsünüz və dəstəyinizlə çox böyük infrastruktur layihələrinə rəvac verilmişdir. Qeyd etdiyiniz kimi, Sahil qəsəbəsində regionun ən böyük gəmiqayırma zavodu və Ələt qəsəbəsində dəniz limanının təməli qoyulmuşdur. Qaradağ rayonunun inkişafında Heydər Əliyev Fondunun prezidenti, əzizimiz Mehriban xanım Əliyevanın da çox böyük zəhməti vardır. Rayonun ucqar qəsəbələrindən olan Çeyldağ və Ələtdə yeni orta məktəb binaları inşa olunmuş və balalarımızın istifadəsinə verilmişdir.
Möhtərəm Cənab Prezident!
Bu gün çox rəmzi məna daşıyır. Tanrının məsləhəti və taleyin qisməti ilə Siz yenə Qaradağ rayonunda obyektlərin açılışında şəxsən iştirak edirsiniz və bununla bizə çox böyük şərəf, sevinc yaşadırsınız. Bu diqqət və qayğıya görə Sizə bütün qaradağlılar adından səmimi qəlbdən təşəkkür edirəm. Əmin olun ki, qaradağlılar hər zaman sizinlədir və Sizin bütün işlərinizi dəstəkləyirlər. Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanımızın gələcəyi, dövlətimizin inkişafı naminə böyük uğurlar arzulayıram. Tanrı Sizi və Mehriban xanımı bizim millətimiz üçün qorusun. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun, xoş sözlərinizə görə təşəkkür edirəm. Mən doğrudan da 1995-ci ildən 2000-ci ilə qədər çalışırdım ki, imkan daxilində rayonun problemlərini həll edim. O vaxt burada dediyiniz Fondun xətti ilə yaşayış binası da tikilmişdi, “Ümid” qəsəbəsi salınmışdı. Əlbəttə, o vaxt imkanlarımız o qədər də geniş deyildi. Amma bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Əlbəttə, ölkəmizin maddi imkanları da çox artıbdır. Biz çalışırıq və nail oluruq ki, bu böyük sərvəti ölkəmizin inkişafına, insanların rifah halının yaxşılaşmasına yönəldək. Təsadüfi deyil ki, keçən il dünyada hələ də maliyyə və iqtisadi böhran hökm sürürdü, Avropa qitəsində ölkələrin böyük əksəriyyətində maddi sıxıntılar ucbatından maaşlar, pensiyalar kəsilirdi və bilirsiniz ki, bu çox böyük etirazlara səbəb olurdu. Buna baxmayaraq, keçən il Azərbaycanda minimum əməkhaqqı, pensiyanın baza hissəsi artmışdır, investisiya layihələri icra edilmişdir, sosial məsələlər həll olunmuşdur, 70-dən yuxarı məktəb, 40-dan artıq xəstəxana tikilmiş və təmir edilmişdir, olimpiya kompleksləri, belə gözəl parklar, xiyabanlar, yollar salınmışdır.
Bəli, Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır və təbii ki, iqtisadi imkanlarımız artdıqca biz daha da böyük işlər görməyə qadir olacağıq.
Keçən il böyük infrastruktur layihələrinin arasında Qaradağ rayonunda görülən işlər də xüsusi yer tutur. Dairəvi yolun tikintisi nəinki Bakı sakinlərinə, bütün ölkə vətəndaşlarına rahatlıq yaradacaqdır. İndi bu yoldan bütün istiqamətlərdən gələn avtomaşınlar istifadə edir. Gələcək planlarımız da çox böyükdür. Bu gün görülən işlər sadəcə olaraq gözəl bir başlanğıcdır. Baxmayaraq ki, böyük işlər görülübdür, gələcək planlarımız daha da böyükdür. Biz elə etməliyik ki, Azərbaycan dünya miqyasında inkişaf etmiş ölkələrin sırasına daxil olunsun. Bunu etmək üçün bizdə çox ciddi proqram hazırlanır. Elə etməliyik ki, iqtisadi və sosial məsələlərin həlli işində bizdə bütün meyarlar ən yüksək səviyyədə olsun. Biz buna nail olacağıq. Ölkəmizin çox gözəl bu günü və gələcəyi vardır.
Bu gün - Heydər Əliyev Mərkəzinin açılışı günündə bu barədə söhbət aparmaq yerinə düşür. Çünki bütün uğurlarımızın təməlində ulu öndərin fəaliyyəti dayanır. Əgər 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, ölkənin inkişafı tam başqa istiqamətdə gedə bilərdi. Biz o günləri, 1991-ci, 1992-ci, 1993-cü illəri, vətəndaş müharibəsini, iqtisadi böhranı yaxşı xatırlayırıq. Hamımız yaxşı xatırlayırıq ki, şəhərlərimiz, rayonlarımız hansı vəziyyətdə idi. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz o illərdə şərtləndirildi. Bizim vəzifəmiz ondan ibarətdir ki, bu siyasəti davam etdirək, ölkəmizi inkişaf etdirək, qabağa aparaq və həmişə iqtisadi, sosial məsələlərin həlli işində dünya miqyasında birincilər sırasında olaq. Bu işlərdə sizə və bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram.
X X X
Qəsəbə sakinləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.
X X X
Sonra dövlət başçısı burada orijinal üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Vurğulandı ki, burada ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği üçün hər cür şərait yaradılmışdır, müasir avadanlıqla təchiz olunmuş internet zalı fəaliyyət göstərir.
Prezident İlham Əliyev mərkəzin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolara baxdı.
Bildirildi ki, Heydər Əliyev Mərkəzində nümayiş olunan bu fotolar ümummilli liderin Qaradağ rayonuna səfərlərini, böyük sənaye obyektlərinin açılışında iştirakını əks etdirməklə yanaşı, rayonun inkişafının hər zaman ulu öndərin diqqət mərkəzində olduğunu bir daha sübut edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ölkəmizin iqtisadi qüdrətinin artmasında Qaradağ rayonu mühüm yer tutur.
Qeyd edildi ki, Lökbatanda Heydər Əliyev Mərkəzinin yaradılması müasir Azərbaycan tarixinin, Heydər Əliyev irsinin, ulu öndərin zəngin siyasi fəaliyyətinin öyrənilməsi və təbliği baxımından böyük önəm daşıyır. Gənc nəslin milli mənəvi ruhda tərbiyə edilməsində də ulu öndərin fikirlərinin əvəzsiz rolu vardır. Yeni mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması baxımından da mühüm əhəmiyyətə malikdir.
Diqqətə çatdırıldı ki, mərkəzdə ümummilli liderin həyatından bəhs edən nəşrlərin toplandığı kitabxana, kiçik kafeteriya fəaliyyət göstərir. Burada 50 yerlik konfrans və 220 yerlik iclas zalları vardır.
Dövlət başçısı iclas zalında yaradılan şəraitlə tanış oldu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 3D formatında hazırlanan filmə baxdı.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlət başçısı xatirə kitabına ürək sözlərini yazdı.
X X X
Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbə ərazisində yeni salınmış “Cırtdan” uşaq əyləncə parkı ilə tanış oldu.
Bildirildi ki, Lökbatan qəsəbəsində uşaqlar üçün salınan park xüsusi zövqlə inşa edilmişdir. Ərazidə inşa edilmiş qapalı “Cırtdan” uşaq kafesi müasir mebel dəstləri və avadanlıqla təchiz olunmuşdur. Bildirildi ki, 10 min kvadratmetr ərazisi olan park xüsusi dizayn əsasında qurulmuş, burada müxtəlif attraksionlar və əyləncəli qurğular quraşdırılmışdır.
Vurğulandı ki, parkda uşaqların mənalı istirahətinin təşkili üçün geniş imkanlar yaradılmışdır. Bu, uşaqlara göstərilən diqqət və qayğının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu təsdiq edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihələr bu sahədə xüsusi önəm daşıyır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu nəcib missiyası uşaqların xoşbəxt gələcəyinin təmin olunmasına yönəlmişdir. O, öz xeyirxah əməlləri ilə Azərbaycan uşaqlarının ən böyük dostu və himayədarına çevrilmişdir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev Lökbatan qəsəbəsinin girişində yeni salınan dəmir yolu ötürücüsü ilə də tanış oldu.
Bildirildi ki, köhnə yolötürücü müasir tələblərə cavab vermirdi. Dövlət başçısının tapşırığı ilə yeni yolötürücünün inşasına başlanılmış və yüksək tələblərə cavab verən dəmir yolu ötürücüsünün tikintisi qısa vaxt ərzində başa çatdırılmışdır. Burada müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Prezident İlham Əliyev ətraf ərazilərdə abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.