İlham Əliyev Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışında iştirak edib
17 mart 2015, 20:25
Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili açılış mərasimində iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Sonra Türkiyənin milli təhsil naziri Nəbi AVCI çıxış etdi. Nazir 960 şagird yerlik bu məktəbin istifadəyə verilməsini dövlətlərimiz arasında qardaşlıq və dostluq münasibətlərinin gözəl nümunəsi adlandıraraq dedi: “Bu məktəb ölkələrimiz və xalqlarımız arasındakı sarsılmaz əlaqələrin güclü nişanəsidir”. Nəbi Avcı məktəbin qurulmasındakı xidmətlərinə görə azərbaycanlı qardaşlarına minnətdarlığını bildirdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Çox hörmətli Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Çox hörmətli Gürcüstan Prezidenti, əziz qardaşım Giorgi Marqvelaşvili.
Əziz bacılar və qardaşlar.
İlk növbədə qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam, bunu ifadə etmək istəyirəm. Xüsusilə, qədim türk torpağı olan Qarsda olmağımdam çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır.
Bu məktəb mənim atamın, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün Qarsda hava limanına enərkən ilk növbədə, Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim. Azərbaycan xalqının lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərmişdir. Daim çalışırdı ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəm olsun. Onun məşhur kəlamı bizim hamımız üçün bir nümunədir. O demişdir: Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstəririk.
Biz bütün məsələlərdə bir yerdəyik. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Türkiyənin artan gücü bizi də gücləndirir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində böyük yol keçmişdir. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Burada tikilən binalar, məktəblər, xəstəxana, sosial obyektlər Qarsın simasını dəyişmişdir. Türkiyənin hər bir yerində inkişaf göz qabağındadır. Türkiyə bu gün dünyada böyük güc mərkəzinə çevrilmişdir və böyük iyirmilərin - “G-20”nin toplantısına qardaş ölkəni - Azərbaycanı dəvət etmişdir. Buna görə bir daha əziz qardaşıma - Türkiyə Prezidentinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, əsl qardaşlıq yanaşmasıdır. Biz hər yerdə bu qardaşlığı möhkəmləndiririk.
Bu gün, eyni zamanda, Qarsda TANAP layihəsinin təməli qoyulur. TANAP bizim müştərək layihəmizdir. Üç il bundan öncə İstanbulda TANAP layihəsi imzalandı. Bu gün biz artıq bu layihənin təməlini qoyuruq. Enerji sahəsində Türkiyə-Azərbaycan-Gürcüstan birliyi artıq tam yeni bir mənzərə ortaya qoyur. Birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar, yeni iş yerləri yaradır, iqtisadi, siyasi gücümüzü artırır. Azərbaycan Türkiyəyə sərmayələr qoymağa başlamışdır. SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə 20 milyard dollar dəyərində sərmayə qoymağa başlamışdır. Bu sərmayə nəticəsində bizim bütün önəmli enerji layihələrimiz həyata keçiriləcəkdir. Eyni zamanda, SOCAR Türkiyənin təhsil sektoruna da sərmayə qoymağa başlamışdır. Qarsda, Ankarada, Kocaelidə, Ceyhanda, Əliağada beş lisey və məktəb tikilmişdir. Bu, təhsil sektoruna qoyulan sərmayədir. Yəni, bu, bizim gələcəyimizə qoyulan sərmayədir. Hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin, elminin səviyyəsidir. Biz çalışmalıyıq ki, həm Azərbaycanda, həm Türkiyədə bu məsələləri bundan sonra da inkişaf etdirək.
Bizim gənclərimiz gərək bilikli, savadlı olsunlar. Bilik, savad bu dünyada hər şeyi həll edir. Bilik, savad texnoloji tərəqqini, inkişafı şərtləndirir. O ölkələr gələcəkdə daha da güclü olacaqlar ki, orada təhsilin səviyyəsi yüksəkdir. Belə olan halda Türkiyədə bu sahəyə ayrılan diqqət bizi həddindən artıq sevindirir.
Azərbaycanda da təhsil sahəsi prioritetdir. Son 11 il ərzində Azərbaycanda 3 minə yaxın məktəb tikilib təmir edilmiş və gənclərimiz üçün çox gözəl imkanlar yaradılmışdır.
Bu məktəbdə peşə sahibləri oxuyacaqlar. Buranı bitirən peşə sahibləri sonra Türkiyə və Azərbaycan maraqlarını qoruyacaqlar. Bu, artıq Türkiyə-Azərbaycan dostluq, qardaşlıq mərkəzidir. Belə məktəbin açılması əlbəttə ki, bizim hamımızı ürəkdən sevindirir. Gənclər bilikli, savadlı, eyni zamanda, vətənpərvər, öz Vətəninə bağlı olmalıdırlar. Tarixi də yaxşı bilməlidirlər və tarixi həqiqətləri həm bilməli, həm təbliğ etməlidirlər.
Əfsuslar olsun ki, Türkiyəyə və Azərbaycana qarşı bu gün çirkin kampaniya aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər, böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə buna öz işimizlə cavab veririk. Bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ikinci ölkələr tapmaq çox çətindir. Bütün böhranlara baxmayaraq, bu gün biz inkişaf edirik. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulubdur. Biz gələcəyimizi tarixi həqiqət üzərində qururuq, tarixi gənc nəsillərə olduğu kimi təqdim edirik. Bəzi başqa ölkələr kimi, tarixi təhrif etmirik, öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq. Əfsuslar olsun ki, bu gün Türkiyəyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən işğalçı erməni dövləti yalan üzərində qurulubdur. Onların tarixi də yalandır, onların bizə qarşı irəli sürdüyü iddialar da əsassızdır. Tarix var, həqiqət var, tarixi sənədlər var. Onlar açıq sənədlərdir. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Türkiyə-Azərbaycan birliyi bu gün dünya miqyasında artıq inkaredilməz amildir. Türkiyə dünya birliyinin önəmli ölkəsidir. Azərbaycanın da imkanları artır. Biz enerji, nəqliyyat layihələrimizi həyata keçirməklə birliyimizi daha da gücləndiririk. Təsadüfi deyil ki, Bakı-Tibilisi-Qars dəmir yolunun təməl daşı da Qarsda qoyulmuşdur, TANAP layihəsinin təməli də Qarsda qoyulacaqdır.
Bu gün bizimlə bərabər qardaş Gürcüstan dövlətinin Prezidenti də iştirak edir. Buna görə mən çox minnətdaram ki, o, bu gün bizimlə bərabərdir. O, TANAP layihəsinin təməlqoyma mərasimi üçün Qarsa gəlmişdir. Amma, eyni zamanda, bu gün Heydər Əliyev adına olan məktəbin açılışında da iştirak edir. Bizim üçtərəfli əməkdaşlığımız, qardaşlığımız, birliyimiz əbədidir. Üç ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə bundan sonra da bir yerdə olacaq, bir yerdə öz gələcəyini quracaq, bir-birinə həmişə dayaq, arxa olacaqlar.
Əziz bacı və qardaşlarım, mən Qarsda olmağımdan çox məmnunam. Mən Qarsı yenilənmiş, inkişafda olan şəhər kimi görürəm və buna görə sizə, Türkiyə hökumətinə, dövlət başçısına minnətdaram. Qars bütün türk dünyası üçün əziz diyardır, əziz şəhərdir. Əminəm ki, bu gün Qarsda görülən işlər, xüsusilə TANAP layihəsinin icrası Qars üçün yeni imkanlar açacaqdır.
Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!
X X X
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı
- Cənab Azərbaycan Prezidenti, cənab Gürcüstan Prezidenti, dəyərli qonaqlar, sevgili qarslılar, xanımlar və cənablar. Sizləri ən səmimi duyğularla salamlayıram.
Cənab İlham Əliyev başda olmaqla dost və qardaş Azərbaycandan və cənab Giorgi Marqvelaşvili başda olmaqla Gürcüstandan gələn qonaqlarımıza, Avropadan, ABŞ-dan gələn qonaqlarımıza ölkəmizə, Qarsımıza “Xoş gəldiniz!” deyirəm.
Açılışını etdiyimiz Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyinin və digər məktəblərin Qarsa və ölkəmizə xeyirli olmasını diləyirəm. 424 şagirdə xidmət edəcək, 32 sinif, 200 şagirdi olan yataqxanası, idman zalı, müasir emalatxanaları, laboratoriyaları və digər təchizatı olan bu məktəbi nümunəvi bir tədris müəssisəsi kimi görürəm. Azərbaycanla aramızdakı qardaşlıq əlaqələrinin səmimi bir rəmzi olaraq gördüyüm Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyinin şəhərimizə bəxş edilməsində zəhməti olan hər kəsə təşəkkür edirəm. Qarsda bu məktəbin inşa edilməsinə dəstək olan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev qardaşıma təşəkkür edirəm.
Əvvəllər də azərbaycanlı qardaşlarımız Ceyhanda Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyini inşa edərək adanalı qardaşlarımıza ərməğan etmişdilər. Biz də İğdırda Heydər Əliyev adına Fənn Liseyini istifadəyə vermişdik.
2011-ci ildə təməlqoyma mərasimində iştirak etdiyim Qarsdakı bu məktəb əslində 2013-cü ilin sonunda təlim-tədrisə başlayıb. Bu gün isə məktəbin rəsmi açılışını həyata keçiririk. Beləliklə, Azərbaycan xalqına və Türkiyə-Azərbaycan dostluğuna xidmətlərini daim hörmətlə, ehtiramla, təqdirlə andığımız mərhum Heydər Əliyevin adını ölkəmizin hər guşəsində yaşadırıq və yaşatmağa da davam edəcəyik. Bu gün burada, həmçinin Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən şəhərimizdə istifadəyə verilən 112 sinfin də açılışını edirik. Hamısının xeyirli olmasını diləyirəm. Qonaqlarımızla birlikdə bir müddət sonra təməlqoyma mərasimində iştirak edəcəyimiz TANAP layihəsinin də Türkiyə-Azərbaycan-Gürcüstan və layihənin Avropa hissəsində yer alan bütün ölkələr üçün xeyirli olmasını diləyirəm.
Cənab prezidentlər! Dəyərli qardaşlarım.
Çıxışımın əvvəlində martın 21-də qeyd edəcəyimiz Novruz bayramımızı indidən təbrik edirəm. Novruzdan əvvəlki çərşənbə, yəni, İlaxır çərşənbə Azərbaycanda bayramın ən şən, ən gözəl və coşqulu gecəsi kimi qeyd edilir. Bu münasibətlə oxunan Qurani-Kərimin, edilən duaların, yoxsullara verilən sədəqələrin qəbul olunmasını diləyirəm. Azərbaycan başda olmaqla Orta Asiyadan Balkanlaradək bütün coğrafiyamızın bu beş min illik ortaq bayramının birliyimizə, həmrəyliyimizə vasitə olmasını diləyirəm. Baharın müjdəçisi olan Novruzun regionumuzda və bütün dünyada sülhün və əmin-amanlığın da müjdəçisi olmasını könüldən arzulayıram.
Bu il anadan olmasının 90-cı ilini qeyd etdiyimiz və 2009-cu ildə itirdiyimiz böyük şairimiz Bəxtiyar Vahabzadənin o gözəl şeirində ifadə etdiyi kimi:
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Ana yurdda-yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Bəli, Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyildir. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik.
1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun yarısı Anadolu xalqından, yarısı da Azərbaycan xalqından ibarət idi. Bakını, Gəncəni, Dərbəndi, Dağıstanı düşməndən bu qardaşlar çiyin-çiyinə verərək yan-yana şəhid olaraq azad ediblər. Bu gün də Dağlıq Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın dərdini, inanın, Anadolu torpaqlarındakı hər qardaşımız ürəyində hiss edir. Bizim nəzərimizdə Qarsdakı, İğdırdakı, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur. Bizim üçün İzmir, İstanbul, Ankara, Antalya nədirsə, Bakı da elədir. Eyni zamanda Trabzon, Samsun bizim üçün nədirsə, Batum, Tiflis də bizim üçün odur.
Mən bu gün soyuq havaya baxmayaraq, burada Prezident həmkarlarımla birlikdə bizlərlə birgə bu həyəcanı paylaşdığınız üçün sizlərə təşəkkür edirəm. İnşallah, indi Selim rayonuna gedəcəyik. Orada, inşallah, TANAP layihəsinin təməlini qoyacağıq. İnşallah, ən qısa zamanda da Azərbaycan təbii qazını Gürcüstan və Türkiyə ərazisindən Avropaya göndərəcəyik.
Hamınızı ən səmimi duyğularla salamlayıram. Sizlərə xoşbəxtlik, cansağlığı arzulayıram. Novruzumuz xeyirli olsun, deyirəm.
X X X
Çıxışlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili liseyin rəmzi açılışını bildirən lenti kəsdilər.
Azərbaycan və Türkiyə prezidentləri liseyin xatirə kitabına ürək sözlərini yazdılar.
Dövlət başçıları liseyin binasında yaradılan şəraitlə tanış oldular.
Binanın foyesində türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin büstləri qoyulub. Burada, həmçinin Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının, dövlət himnlərinin mətnlərinin, ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin həyat və fəaliyyətləri barədə məlumatların olduğu lövhələr və fotoşəkillərdən ibarət xüsusi guşə yaradılıb. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanın Azərbaycan və türk dillərindəki mətni də foyedə yaradılan guşədə nümayiş olunur.
Məlumat verildi ki, liseyin binasının təməli 2011-ci ilin mayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə inşa olunan liseyin ərazisi 2,2 hektardır. Türkiyənin Şərqi Anadolu bölgəsinin ən böyük və nüfuzlu liseyi olan bu kompleksdə müasir tələblər səviyyəsində təhsil almaq üçün bütün zəruri şərait yaradılıb. Burada 32 sinfin yerləşdiyi əsas bina, 200 yerlik yataqxana, 200 nəfərlik örtülü idman zalı, açıq idman sahəsi, zəngin fondu olan kitabxana və iki emalatxana var. Liseydə 400-dən çox şagirdin təlim-tərbiyəsi ilə 24 müəllim məşğul olur.
Liseyin əsas məqsədi elmi və texnoloji yeniliklərə açıq, ölkənin ehtiyaclarına uyğun, intizamlı, ali təhsil proqramına hazırlıq istiqamətində dərin və hərtərəfli bilik və bacarığa, müasir və demokratik düşüncəyə malik gənclər yetişdirməkdir. Təhsil ocağında gündəlik dərslərlə yanaşı, şagirdlərin texniki biliklərinin artırılması və psixoloji durumlarının yüksək səviyyədə olması, hadisələri asan qavraya və təhlil edə bilmələri, fərdi və qrupla işləmək bacarıqlarına yiyələnmələri istiqamətində də məşğələlər keçirilir.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri liseyin həyətində ağac əkdilər.