1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19 yanvar 2011, 18:30
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:
1. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin:
I qrup əlillərə – 150 manat
II qrup əlillərə – 130 manat
III qrup əlillərə – 100 manat.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin “Sosial müdafiə və sosial təminat bölməsi” vəsaiti hesabına ödənilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2011-ci il.