İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib
10 fevral 2015, 13:00
Prezident İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib.
Arkadi Dvorkoviç Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, ticarət dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə inkişaf etməsi məmnunluqla qeyd olundu.
Söhbət zamanı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.