Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur
17 yanvar 2011, 15:15
Riqada təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Valdis Zatlersin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevi Latviyada görməkdən məmnun olduğunu bildirən Prezident Valdis Zatlers özünün Azərbaycana rəsmi səfərinin uğurlu olduğunu xatırlatdı. Azərbaycanın dövlət başçısının indiki səfərindən sonra Bakı ilə Riqa arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söylədi.
Latviya kimi gözəl ölkəyə səfər etməsindən məmnunluğunu ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, bu səfər ikitərəfli münasibətlərin müzakirəsi, qarşılıqlı surətdə faydalı dialoq və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı bir imkandır.
Prezident İlham Əliyev bildirdi ki, keçiriləcək Latviya-Azərbaycan biznes forumunun nəticələri uğurlu olacaq və ölkələrimiz arasında əməkdaşlığın inkişafına fayda verəcəkdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, ölkələrimiz arasında iqtisadi, enerji, informasiya-kommunikasiya texnologiyaları, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar, təhsil sahələrində əlaqələr müzakirə edildi, ikitərəfli münasibətlərin Avropa İttifaqı çərçivəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulandı və bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu.