İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada iştirak edib
22 yanvar 2015, 23:00
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada iştirak edib.
Sessiyanın aparıcısı, iqtisadiyyat üzrə professor Viktor Halberştad iştirakçıları təqdim etdikdən sonra sözü dövlətimizin başçısına verdi.
Prezident İlham ƏLİYEV dedi:
- Təşəkkür edirəm. Transformasiyadan danışarkən, hansı ki, Azərbaycan bu barədə çox narahatdır, bir az keçmişə, 1991-ci ilə - müstəqilliyimizin ilk illərinə qayıtmalıyıq. Biz o zaman müstəqil dövlət qurmaq öhdəliyi götürmüşdük. Eyni zamanda, bazar iqtisadiyyatı prinsipləri əsasında modern iqtisadiyyat qurmalı idik. Transformasiya bizim üçün siyasi sistemin transformasiyası idi, çünki müstəqillikdən əvvəl bizdə belə bir imkan yox idi. Həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid olmalı idi. Mən belə hesab edirəm ki, 23 illik müstəqillik dövrü açıq qapı siyasətini yürüdən, sərmayələri cəlb edən və bugünkü əsas çağırışları aradan qaldıran ölkənin əldə etdiyi nailiyyətləri baxımından çox maraqlı dövr hesab edilə bilər.
İqtisadi cəhətdən Azərbaycan iqtisadiyyatının 85 faizini özəl sektor formalaşdırır. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi siyasəti də uğurla həyata keçirilir. Neft qiymətlərindən asılılığımız get-gedə azalır. Beləliklə, iqtisadiyyatımızın böyük bir qismi qeyri-enerji sektoru tərəfindən təmin edilir. Həmçinin əsas beynəlxalq maliyyə təsisatlarının, xüsusən də Avropa Yenidənqurma və İnkişaf Bankı və digərlərinin yardımı ilə çox sayda böyük infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində mühüm işlər görmüşük. İndi isə Azərbaycan artıq donor ölkəyə çevrilib. Biz artıq özümüz Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təsisatları vasitəsilə bəzi layihələri maliyyələşdiririk.
Əlbəttə, başlanğıcda enerji təhlükəsizliyi məsələsi bizim üçün inkişaf vasitəsi kimi götürülmüşdür, çünki biz böyük enerji resurslarına malikik. Enerji resurslarımız regionda mühüm rol oynayır. Bu yaxınlarda digər yeni nəhəng meqalayihəyə başlamışıq. Bu, “Cənub” qaz dəhlizi adlanır. Bu layihə vasitəsilə qaz Azərbaycandan Avropaya nəql ediləcək. Bu, ola bilsin ki, Avropanın ən iri infrastruktur layihələrindən biri olacaq. “Cənub” qaz dəhlizi layihəsi artıq həyata keçirilən layihədir. İqtisadiyyatın şaxələndirilməsi demək olar ki, hər bir ölkə, xüsusən də zəngin neft və qaz ehtiyatlarına malik olan ölkə üçün ən mühüm elementlərdən biridir. Bu məsələdə də biz müəyyən uğurdan danışa bilərik.
Lakin gələcəkdə də görüləsi iş çoxdur. Çünki biz müstəqillikdən sonra nəinki mənfidən müsbətə doğru dəyişən, o cümlədən əfsuslar ki, vəziyyətin gərginləşdiyi, get-gedə daha çox münaqişə, hədələr, eləcə də terror hücumu hədələri yaranan regionda yaşayırıq. Əlbəttə ki, ölkə daxilində sabitlik onun hüdudlarından kənarda müəyyən dərəcədə proqnozlaşdırılan vəziyyət olduğu təqdirdə, tam təmin edilə bilər. Bu səbəbdən, enerji və daşıma layihələrimiz daha geniş beynəlxalq və regional əməkdaşlığa yönəlib ki, hər bir ölkə bundan bəhrələnsin. Fikrimcə, hökumətimizin apardığı siyasət hər kəsin - hasilatçı, tranzit və istehlakçı ölkələrin imkanlarımızdan bəhrələnməsinə yönəlib. Bu, bir növ Azərbaycanın nail olduğu vahid komanda işidir. Hazırda yerləşdiyimiz regionun imkanları heç vaxt indiki qədər geniş olmayıb. Lakin regionumuzun hüdudlarından kənarda vəziyyət dəyişir.
Yeni çağırışlara gəldikdə, neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımız üçün çağırışdır. Bununla belə, düşünürəm ki, hətta hər hansı mənfi bir hadisə baş verdikdə, biz müsbət məqamları tutmağa çalışmalıyıq. Bu, bizi daha qənaətcil olmağa, xərcləri azaltmağa səfərbər edəcək və neftin aşağı qiymətləri ilə yaşamağı öyrədəcək. Bu, resurslarımız tükənəndə bizim üçün çox faydalı olar.
Əlbəttə ki, bizim üçün əsas çağırış münaqişənin həll olunmasıdır. Çünki biz 20 ildən artıqdır ki, Ermənistanın işğalından əziyyət çəkirik. İyirmi ildən çoxdur ki, aparılan danışıqlar hər hansı nəticə verməyib. Fikrimcə, keçmiş sovet məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni prizmadan baxılmalıdır, eyni yanaşma, eləcə də eyni beynəlxalq hüquq normaları tətbiq edilməlidir. Əgər hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələrə fürsət yaranır. Burada ötən dəfə olduğum vaxtdan görürük ki, bir çox şeylər dəyişib. Biz hətta təsəvvür belə edə bilmədiyimiz yeni təhlükələri görürük və onlar artıq regional deyil, qlobal hədələrdir. Sabitliyin pozulması, ola bilsin, yerli və ya regional görünən problemlərin vaxtında həll edilməməsi nəticəsində Avropada baş vermiş dəhşətli hücumların şahidi olduq.
Əlbəttə ki, bizim münaqişə, yəni, Azərbaycan ilə Ermənistan arasında olan münaqişə regional xarakter daşıyır, lakin həm coğrafiya, həm də metodologiya baxımından daha böyük təsirə malikdir. Əgər siz bu münaqişəni beynəlxalq hüquq əsasında həll etməsəniz, bu kimi halları dünyanın digər yerlərində də görməyə hazır olun. Həmçinin vacibdir ki, beynəlxalq hüquq normaları bəzi ölkələrin maraqlarına uyğun olaraq interpretasiya edilməli deyil. Onlar yazıldığı kimi interpretasiya edilməlidir. BMT-nin Nizamnaməsində, ATƏT-in və digər beynəlxalq təşkilatların sənədlərində beynəlxalq hüquq normalarının prioritet xarakteri barədə çox aydın şəkildə təriflər verilib. Onların hamısına hörmətlə yanaşmaq lazımdır. Belə olan halda, biz ikili standartlardan sığortalana bilərik və daha vacibi isə regionumuzda yeni münaqişələrin yaranması riskini azaldacağıq.
X X X
Sessiyada iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən xarici investisiyaların cəlb olunması məsələlərindən danışan Qazaxıstanın iqtisadi inteqrasiya məsələləri üzrə naziri xanım Janar AYTJANOVA dedi:
- Qazaxıstan Azərbaycan kimi neft və qaz sektoruna xarici sərmayələrin cəlb edilməsində uğur qazanıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas vəzifə milli iqtisadiyyatın şaxələndirilməsi və daha yaxşı investisiya mühitinin yaradılmasıdır. Bu, regionda çağırışların aradan qaldırılmasına dair Qazaxıstanın yanaşması və mövqeyidir.
X X X
Azərbaycanın və Qazaxıstanın beynəlxalq maliyyə təsisatları ilə uğurla əməkdaşlıq etdiyini bildirən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma ÇAKRABARTİ dedi:
- Yekun məqamı qeyd edim. Bu, münasibətlərlə bağlıdır. Bu iki ölkənin liderləri beynəlxalq təsisatlarla sıx təmaslar qurmağa çalışırlar. Zənnimcə, fikir mübadiləsi, standartların, tənzimləyici normaların müəyyən edilməsi kimi məsələlər çox vacibdir.
X X X
Avrasiyanın Avropanın təhlükəsizliyi və sabitliyi üçün çox vacib olduğunu vurğulayan Avropa Komissiyasının keçmiş sədri Joze Manuel BARROZU dedi:
- Bu səbəbdən, biz enerji təchizatı marşrutlarının şaxələndirilməsi təşəbbüsünə əvvəlcədən dəstək vermişik. 2012-ci ilin yanvarında mən Prezident İlham Əliyevlə “Cənub” qaz dəhlizi ilə əlaqədar sənəd imzaladıq.
Joze Manuel Barrozu Azərbaycanın və Qazaxıstanın müasir müsəlman ölkələri kimi nümunə olduqlarını qeyd edərək bildirdi:
- Fundamentalizmə və terrorçuluğa qarşı sədd olmaqda bu ölkələrə dəstəyin verilməsi çox vacibdir. Terrorçuluq Avropa və ümumiyyətlə, bütün dünya üçün əsas geosiyasi təhlükədir, böyük hədədir. Prezident İlham Əliyev bildirdi ki, bu, xüsusən də gənc müstəqil dövlətlərə aiddir.
Avropa Komissiyasının sabiq sədri Azərbaycanın və Qazaxıstanın müstəqilliklərini daha da möhkəmləndirmək üçün islahatları davam etdirmələrinin vacibliyini vurğulayaraq qeyd etdi:
- Fikrimcə, hazırda qarşıda duran vəzifə islahatlardır, hər iki dövlətin həm siyasi, həm iqtisadi cəhətdən müasirləşməsidir. Bu, suverenlik və dövlətçilik üçün vacibdir. Mən Avropa Komissiyası tərəfindən bunu dəstəkləmişəm.
X X X
Beynəlxalq çağırışlar və müstəqillik illərində Azərbaycanın keçdiyi inkişaf yolundan danışan Prezident İlham ƏLİYEV dedi:
- Bəli, elədir ki, var. Mən də cənab Barrozunun dedikləri ilə tam razıyam. Onun şərhləri geniş biliklərindən və zəngin təcrübəsindən qaynaqlanır. O, həmçinin regionu çox yaxşı tanıyır və regionun üzləşdiyi çağırışları anlayır. Hamımız ölkələrimizdə sabit, dinc inkişafı görmək istəyirik. İstəyirik ki, insanlar daha yaxşı yaşasınlar, onların lazımi xidmətlərə yaxşı çıxışı olsun, daha çox müdafiə edilsinlər və təhlükəsiz şəraitdə yaşasınlar.
Bu gün görünən bütün təhdidlərə gəldikdə, həmin potensial təhlükələr artıq əvvəlcədən mövcud olub. Söhbət ondan gedir ki, ölkələr həmin potensial təhdidləri necə aradan qaldırmağa çalışır, onların qarşısını almaq üçün nə edirlər. Əgər təhlükə görünürsə və sizə hücum olursa, bu, artıq gecdir. Siz ürəkdən çalışmalısınız və cəmiyyətdə, ilk növbədə, ölkənizdə elə mühit yaratmalısınız ki, bu hədələr üçün əsaslar minimal olsun. Bu halda, əsasən, iqtisadi inkişaf, işsizliyin və yoxsulluğun azaldılması, yaxşı idarəçilik və sosial ədalət nəzərdə tutulur. Bütün bunlar bizim üçün hər zaman prioritet xarakter daşıyan başlıca amillər olub.
İqtisadi islahatları başlayanda, bu, asan deyildi, çünki öncə qeyd etdiyim kimi, biz sistemi tamamilə dəyişməli idik. Çox ağır vəziyyətdə idik. Həmin vaxt neft və qaz yataqlarının işlənilməsi aparılmırdı. Yoxsulluq baş alıb gedirdi. Bir sözlə, həmin iqtisadi sistemi dəyişmək çoxlu sosial gərginlik yaradırdı. Bu səbəbdən, bizdə sosial və iqtisadi siyasət paralel aparılırdı. Çünki radikal iqtisadi islahatlar bəzən sosial problemlər yaradır.
Bu gün terror təhlükəsi kimi aydın görünən hədələr əsasən təhsilin aşağı səviyyədə olmasından irəli gəlir. Beləliklə, biz təhsil sahəsinə böyük sərmayələr qoymuşuq. On il əvvəl Prezident kimi ictimaiyyət qarşısında ilk çıxışlarımdan birində söyləmişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik. Başqa sözlə, enerji resurslarından əldə olunan gəlirləri təhsil, müasir texnologiya, xidmətlər sahələrinə sərmayə kimi qoymalı idik. Bu səbəbdən, hazırda Azərbaycan kosmik sənayesi olan ölkədir. Fəxr edirik ki, bu gün iki peykimiz var. Savadlılıq səviyyəsi yüz faizdir. Neftin qiymətindən asılı olmayaraq, bu gün gəlir əldə edən orta təbəqə var.
Radikalizm, əlbəttə ki, hamımız üçün təhlükədir. Cənab Barrozu düzgün qeyd etdiyi kimi, ölkələrimizin geosiyasi mövqeyi radikalların Avropa qitəsinə daxil olmasına təbii maneədir. Ölkələrimizin Avropa üçün əhəmiyyəti adətən bəzilərinin fikirləşdiyi kimi sırf neft və qazla ölçülmür, baxmayaraq ki, bu, indiyə qədər heç vaxt görünmədiyi kimi vacibdir. Bizim dövlətlər müasir və dünyəvi müsəlman ölkəsi nümunəsidir. Bu, onu göstərir ki, müsəlman ölkəsində də ənənəvi dinlərə hörmətlə yanaşan müasir, dünyəvi cəmiyyətin olması mümkündür və ümumi dəyərlərə söykənən cəmiyyət qurula bilər. Yadımdadır, cənab Barrozu ilə keçirdiyimiz mətbuat konfranslarından birində bildirmişdim ki, biz Avropa İttifaqına mümkün qədər yaxın olmaq istəyirik. Mən bunu təkrarlamaq istəyirəm. Bizim üçün bu, təkcə bazara və texnologiyalara çıxış demək deyil, bu, müasir, dünyəvi inkişafımızın davamına bir növ zəmanətdir. Eyni zamanda, regionumuzu qiymətləndirmək, tarixi təhlil etmək də vacibdir. Ölkələrimiz əsrlər boyu müstəqil olmayıb. Bu, bir növ, psixoloji amildir. Bu səbəbdən, əhalinin əksər hissəsi müstəqilliyi milli mənafe kimi qəbul edir. Bu gün biz azadıq, öz bayrağımız var. Biz artıq BMT-nin üzvləriyik və öz taleyimizi özümüz təyin edirik. Bunu özümüz edirik. Bəzən, siyasi inkişafa, siyasi islahatlara aid məsələlərə gəldikdə, müəyyən münasibətlər yaranır. Lakin biz buna sadiqik.
Siyasi islahatlar çox əhəmiyyətlidir. Çünki onlarsız heç bir ölkə davamlı inkişafa nail ola bilməz. Əgər dünyanın inkişaf etmiş ölkələrinə nəzər yetirsəniz görərsiniz ki, onların heç birində nə neft, nə də qaz var. Neft və qazı olan ölkələr isə bəzən bu resurslardan tam yararlana bilmir. Neft və qaz inkişaf üçün sadəcə bir vasitədir.
Əlbəttə ki, təhlükəsizlik məsələlərinə gəldikdə, biz öz rolumuzu oynayırıq. Məsələn, regiondakı təhlükəsizlik, Əfqanıstandakı vəziyyət. Biz regionlar arasında dəmir yolu çəkirik. Bu, Bakı–Tbilisi–Qars dəmir yolu adlanır və o, qitələri birləşdirəcək. Hər kəs bəhrələnəcək - Rusiya, Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə, Gürcüstan, Avropa. Bu layihədən hamı qazanacaq. Biz bu kimi layihələri daha çox həyata keçirməliyik. Yeganə məsələ ondan ibarətdir ki, aşağı neft qiymətləri ilə hökumətin gündəliyinə gəldikdə, hökumətin əlində olan böyük nağd vəsaitlərlə büdcə necə formalaşdırılmalıdır?! Razıyam ki, biz infrastruktura daha çox pul yatırmalıyıq. Lakin belə neft qiymətləri ilə biz infrastruktura çoxlu vəsaiti sərmayə kimi qoysaq, onda ehtiyatlarımız azala bilər. Bu halda, düzgün tarazlığı tapmalıyıq, çünki ehtiyatlar nəinki ölkə daxilində, o cümlədən investorlarda etimad yaradır.