İlham Əliyev Bakıda inşa olunan Heydər məscidində son tamamlama işlərinin gedişi ilə tanış olub
24 dekabr 2014, 14:55
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Binəqədi rayonunun ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi ilə tanış olublar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin başa çatdığını, hazırda burada son tamamlama işlərinin həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Artıq məscidin fasadında bütün işlər görülüb, 72 metr hündürlüyündə 4 minarənin inşası başa çatdırılıb.
Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib.
Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Tikinti işləri zamanı bəzək elementləri xüsusi ustalıqla yerinə yetirilib. Ornamentlərin zənginliyi məscidin fasadının arxitekturasında xüsusi harmoniya yaradıb. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də tamamlama-bəzək işləri başa çatmaq üzrədir. Burada da xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Hündürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin daxilinə xüsusi gözəllik verir.
Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Bunun nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilib. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədəki “İmamzadə” kompleksində təmir-bərpa işləri aparılır. Artıq Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı “Cümə” məscidi də dindarların istifadəsinə verilib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli mənəvi dünyasına daha çox bağlı olsunlar.
Prezident İlham Əliyev məsciddə son tamamlama işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.