İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayı qəbul etmişdir
12 yanvar 2011, 17:56
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın ölkəmizə ilk səfərinin qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğunu vurğulayaraq, bu səfərin uğurlu olacağına və əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradacağına əminliyini bildirdi. İkitərəfli münasibətləri genişləndirməyin zəruriliyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycan ilə Bosniya və Herseqovinanın dost ölkələr olduğunu, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı imkanlar yarandığını bildirdi.
Ölkəmizə ilk dəfə gəldiyini deyən Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay bu səfərin ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyinə ümidvar olduğunu söylədi. O, Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, eləcə də ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirməyin vacibliyini bildirdi. İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirən nazir ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı.