İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibə verib
28 noyabr 2014, 15:30
Prezident İlham Əliyev noyabrın 28-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına müsahibə verib.
- Cənab Prezident, günaydın. Bizi yenidən Azərbaycan torpağında qəbul etdiyinizə görə çox sağ olun.
- Günaydın, xoş gəlmisiniz.
- Cənab Prezident, bu gün tərəfdaşlıq münasibətlərinin çoxu sınaqdan keçir. Rusiya-Azərbaycan əməkdaşlığı dinamik, dolğun inkişaf edir. Bu il səfərlər, ikitərəfli əlaqələr nöqteyi-nəzərindən çox məhsuldar olub. Mövcud tarixi məqamda Siz Rusiya ilə Azərbaycan arasında siyasi dialoqu necə qiymətləndirirsiniz?
- Biz daim siyasi dialoq aparırıq. Qeyd etdiyiniz kimi, münasibətlər çox dinamik inkişaf edir, bütün sahələri əhatə edir və aramızda həll olunmamış məsələlər, problemlər yoxdur. Münasibətlərimizin indiki mərhələsində əməkdaşlığımızı dərinləşdirmək üçün yeni imkanlar, ilk növbədə, iqtisadi sahədə imkanlar yaranır və biz ilin yekunlarına əsasən görürük ki, artıq əmtəə dövriyyəsi genişlənir, Azərbaycandan Rusiyaya ixrac artır. Zənnimcə, bu, uzun illər ərzində münasibətlərimizi məhz tərəfdaşlıq, qarşılıqlı dəstək, dostluq, mehriban qonşuluq əsasında qurmağımızın nəticəsidir. Bu da ölkələrimizə, xalqlarımıza fayda gətirir. Bu gün Azərbaycan ilə Rusiya fəal inkişaf edən və dünyada mövcud çağırışlara müqavimət göstərməyə hazır olan iki qonşu və dost dövlətdir.
- Siz hansı sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanları görürsünüz?
- Bizdə ənənəvi əməkdaşlıq sahələri var. Əlbəttə, bu, energetika sektoru, neft-qaz sahəsidir. Burada əməkdaşlığın artıq yaxşı tarixi və yaxşı potensialı var. Bu il neft-qaz sahəsində sazişlər imzalanıb. Həmin sazişlər gələcəkdə bu münasibətlərin daha dinamik inkişafını müəyyən edəcək. Elektroenergetika, nəqliyyat sahələrində də yaxşı potensial və artıq əməkdaşlıq təcrübəsi var. Biz – Rusiya da, Azərbaycan da Şimal-Cənub nəqliyyat dəhlizinin daha fəal işləməyə başlamasında maraqlıyıq. Biz öz tərəfimizdən zəruri infrastruktur yaradırıq. Bu, həm dəniz limanları, həm dəmir yolu, həm də avtomobil yollarının yenidən qurulmasıdır. Rusiya tərəfi də eyni səyləri göstərir. Əlbəttə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarında satılması sahəsində yaxşı əməkdaşlıq potensialı var. Biz ixrac potensialını artırırıq. Prinsipcə, bu, bizim hökumətin strateji xətti olub. Lakin Rusiya bazarında indiki vəziyyəti və mallarımıza olan tələbatı nəzərə alaraq, biz məhz Rusiya istehlakçısının ehtiyacı olan çeşidi məqsədyönlü şəkildə artırmağa başladıq.
Turizmin də yaxşı perspektivləri var. Biz yayda da, qışda da Azərbaycana gələn rusiyalı turistlərin sayının artdığını görürük. Burada yaxşı şərait var – məsafə də böyük deyil, dil maneəsi də yoxdur. Bir də əlbəttə, mədəniyyət, təhsil sahələri. Zənnimcə, bu sahələr əməkdaşlığımızın təməlidir. Rusiyanın tanınmış kollektivləri, demək olar, hər həftə Bakıda qastroldadır. Onlar burada çox populyardır.
- Əsas budur ki, dil maneəsi yoxdur və bu da bir çox baxımdan Azərbaycanın səyləri, rus dilinə münasibətdə həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət sayəsindədir. Təhsil də bu gün Rusiya ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın çox perspektivli sahələrindən biridir. Rusiyanın ali məktəblərində 13 min azərbaycanlı tələbə təhsil alır. Siz bu gün qarşılıqlı fəaliyyət, rus dilinin Azərbaycanda yeri barədə nə deyə bilərsiniz? Çünki Azərbaycanda çox böyük rus icması var. Bu gün bunu da xatırlamaq lazımdır. O, mane olmur ki, hər hansı bir narahatlıq yaratmır ki? Azərbaycanda rus dilinin həqiqətən, bu rahat mövcudluğu necə təmin edilir?
- Siz düzgün qeyd etdiniz ki, Azərbaycanda rus icması Cənubi Qafqazda ən böyük icmadır. Onun üzvlərinin sayı 120 min nəfərdən çoxdur. Azərbaycanı beynəlxalq məkanda layiqincə təmsil edən bu insanlar həm müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir, həm də ölkəmizin inkişafına böyük töhfə verirlər. Onlar dövlətimizin layiqli vətəndaşları, Azərbaycanın vətənpərvərləri, eyni zamanda, öz dilinə, mədəniyyətinə, ənənələrinə bağlı olan insanlardır.
Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Zənnimcə, əsrlər ərzində, o cümlədən sovet dövründə yaranan müsbət meyillər müasir Azərbaycanda möhkəmlənir. Bu da ölkəmizdə milli həmrəyliyin əsası, müasir dinamik inkişafın təməlidir.
Təəssüf ki, biz müasir dünyada çox vaxt başqa mənzərə - qarşıdurma, təcridolunma, ayrı-seçkilik görürük. Bəzi ölkələrdə ümumiyyətlə, yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun tam əksini göstərir. Onu göstərir ki, öz mədəniyyətinə, tarixinə bağlı olmaqla bərabər, eyni zamanda, başqa xalqların və dinlərin nümayəndələrinin mədəniyyətinə də hörmətlə yanaşmaq olar. Təsadüfi deyil ki, Bakı bu sahədə beynəlxalq əməkdaşlığın özünəməxsus mərkəzinə çevrilib. Bu yaxınlarda bizdə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb, müxtəlif tədbirlər, beynəlxalq forumlar keçirilir. Əlbəttə, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə kimi belə bir nümunə göstərir ki, sosial sifariş və dövlətin düzgün siyasəti olanda bütün bu məsələləri bacarıqla həll etmək mümkündür.
Azərbaycanda rus dilinə əvvəllər olduğu kimi hörmətlə yanaşılır. Bizdə tədris rus dilində olan 300-dən çox məktəb var. Bütün dövlət ali məktəblərində rus dilində təhsil almaq üçün bölmələr var. Moskva Dövlət Universitetinin filialı, Slavyan Universiteti yaradılıb. Hesab edirəm ki, bu müsbət təcrübə dili hücum hədəfi seçən ölkələr üçün faydalı ola bilər.
- Tolerant, beynəlmiləl şəhər olaraq qalmağı Bakıya tarixin özü diktə edir. Bakı Sovet İttifaqının ən beynəlmiləl şəhəri idi. Deyə bilərsinizmi, bəs indi, müasir dünyada, məsələn, Avropanın aparıcı siyasətçilərinin multukulturalizmin iflasa uğradığını etiraf etdiyi bir vaxtda bu cür şəhər və bu cür ölkə kimi qalmaq çətindirmi? Siz daxildən və ya xaricdən təzyiqlər hiss edirsinizmi?
- Yox, hiss etmirəm. Daxildən təzyiq yoxdur. Çünki cəmiyyət dövlətin bu məsələyə yanaşmasını tam bölüşür. Burada heç bir fikir ayrılığı yoxdur. Prinsipcə dövlət siyasəti cəmiyyətdə bu əhval-ruhiyyəni dəstəklədiyi kimi, ictimai rəy də dövlətin həmin siyasəti yeritməsinə kömək edir. Biz cəmiyyətin belə vəziyyətinin üstünlüklərini görürük. Çünki həmişə belə olmayıb. Axı, müstəqilliyin ilk illərində, Xalq Cəbhəsi hakimiyyətdə olanda vəziyyət tamamilə başqa idi. O vaxt dözümsüzlük, əslində, dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Mənfi münasibətlər, qeyri-yerli əhalinin sıxışdırılması cəhdləri – bütün bunlar gözümüzün qarşısında olub. Həmin illər ölkəmiz, xalqımız üçün milli rüsvayçılıq illəri idi. Azərbaycan xalqı müdriklik göstərdi və bu hakimiyyətə cəmi bir ildən bir qədər çox dözdü, sonra bu hakimiyyət tarixin xarabalığına atıldı.
- Bu peyvənd hələ də təsir edirmi?
- Bəli. Çünki cəmiyyət bu yanaşmaları rədd etdi. Milli siyasət sahəsində çox böyük səhvlərə, bəlkə də cinayətlərə yol verilib, eləcə də bütün digər sahələrdə. Odur ki, cəmiyyət bu yad təsirdən tez bir vaxtda təmizləndi, öz köklərinə qayıtdı. Bu gün bu, cəmiyyətimizin inkişafının normal vəziyyətidir. Odur ki, daxildə bu siyasətin təftiş olunmasına heç bir zəmin yoxdur.
O ki, qaldı sərhədlərimizin hüdudlarından kənarda baş verənlərə, şübhəsiz, bu, narahatlıq doğurur. Çünki biz adada yaşamırıq, regionda gedən proseslər istər-istəməz müəyyən təsir göstərir. Burada da yenə cəmiyyətin yüksək şüuru, habelə səmərəli dövlət siyasəti və belə münasibətin üstünlüklərinin əyani şəkildə nümayişi, zənnimcə, əsas hərəkətverici qüvvədir.
- Gəlin, Azərbaycanın iqtisadiyyatından danışaq. Çünki hər hansı ölkənin cəmiyyətinin vəziyyətinə dünya iqtisadiyyatı da nəzərəçarpan təsir göstərir. Bu il Azərbaycanda ümumi daxili məhsul üçfaizlik artım göstərir. Bu, yetərincə sabit artımdır və bu gün çox cəhətdən nümunə olan, hökumətin, dövlətin seçdiyi iqtisadi siyasətin səmərəliliyini sübut edən göstəricidir. Siz gələn il üçün hansı proqnozlar verirsiniz və Sizin fikrinizcə, yaxın gələcəkdə iqtisadiyyatın inkişafını nə müəyyən edəcək?
- Qeyd etdiyiniz kimi, bu il bizdə üçfaizlik artım gözlənilir. Lakin biz ümumi daxili məhsulu hesablayarkən, əsasən qeyri-neft sektoruna diqqət yetiririk və orada vəziyyət daha yaxşıdır. Biz bu il orada 6-7 faiz artım gözləyirik. Ötən il artım 10 faiz olub. Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin nəticəsidir. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45 faiz, yəni, yarıdan az təşkil edir. Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə, iqtisadiyyat sabit inkişaf edəcək.
- Bəs büdcədə hansı qiymət nəzərdə tutulub?
- Büdcədə 90 dollar nəzərdə tutulub. Ötən il 100 olub.
- Bu nikbin rəqəmdir.
- Bəli. Amma biz 90 dollar nəzərdə tutanda və büdcəni qəbul edəndə qiymət 90 dollar olub. Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik.
İqtisadiyyatı hətta builki səviyyəyə qədər inkişaf etdirmək üçün sahibkarlığın stimullaşdırılması, güzəştli kreditlərin verilməsi, fermerlərə subsidiyaların ayrılması üzrə ciddi tədbirlər görülüb. Bizdə fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad olunub. Dövlət kənddə istehsalın inkişafına fəal şəkildə subsidiya ayırır.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi sabit inkişaf edir. Azərbaycan artıq kosmik sənayesi olan ölkədir. Artıq birinci peyk buraxılıb, tezliklə ikincisi buraxılacaq. Yəni, bu sahə, kənd təsərrüfatı fəal inkişaf edir. Turizmə böyük ümidlər var. Hazırda bütün ölkə ərazisində çoxlu müasir mehmanxana yaradılır. Biz Bakıya istirahət yeri kimi üstünlük verən turistlərin sayının artdığını görürük. Bax, bu əsas istiqamətlər və üstəgəl artıq neçə ildir həyata keçirdiyimiz sənayeləşdirmə siyasəti, şübhəsiz, öz bəhrəsini verir. Biz özümüzü təkcə ərzaq məhsulları ilə deyil, tikinti materialları ilə də tam təmin etməyə çalışırıq və bu istiqamətdə hələ çox iş görülməlidir.
- Siz iqtisadiyyatın şaxələndirilməsi siyasətini davam etdirmək niyyətindəsiniz? Elədirsə, idealda ümumi daxili məhsulun strukturunda neft, xammal gəlirlərinə neçə faiz ayrılmalıdır?
- Əlbəttə, biz çalışacağıq ki, idealda neft gəlirləri bizim ümumi daxili məhsulun təqribən üçdəbirini təşkil etsin. Artıq onda şaxələndirmə siyasətimizin baş tutduğunu hesab edə bilərik. Biz buna doğru gedirik. Çünki biz bu proqramları başlayanda, neft amili, ümumiyyətlə, az qala 80 faiz idi, indi isə 45 faizdir. Yəni, meyil azalmaya doğru gedir. Nəzərə almaq lazımdır ki, biz yaxın illərdə qaz hasilatının və satışının xeyli artacağını gözləyirik. Odur ki, ümumi daxili məhsulda neftin payı artacaq.
- O, artıq neft-qaz olacaq.
- Tamamilə doğrudur.
- Buna baxmayaraq, xarici konyunkturadan asılılıq da artacaq. Siz deyirsiniz ki, neftin bir barreli 60 dollar olsa, Azərbaycan iqtisadiyyatı sabit inkişaf edəcək. Analitikləriniz bu proqnozu nə dərəcədə real sayır və bütövlükdə neftin qiymətlərinə nə kimi proqnozlar verirlər?
- Bilirsiniz, analitiklərimizdən dünya analitiklərindən daha ətraflı təhlil gözləmək çətindir. Ona görə, yəqin ki, onlar dünya trendi kimi ümumi proqnoza əsaslanırlar. Heç kəs nə olacağını irəlicədən dəqiq deyə bilməz. Görünür, bunun üçün obyektiv səbəblər var. Axı, indiyədək heç kəs dəqiq izah edə bilmir ki, bütün bunlar nə üçün baş verib.
- Soruşmaq istəyirəm, Siz hansı nəzəriyyəyə meyillisiniz. Bir neçə konspiroloji, həmçinin obyektiv, daha real nəzəriyyələr var...
- Mən öz təhlilimdə bütün bu nəzəriyyələri bir qədər inteqrasiya edərdim. Çünki baş verənlərin obyektiv səbəbləri də var. Əlbəttə, başqa qəbildən səbəblər də ola bilər. Çünki tarixdən elə dövrlər tanıyırıq ki, neftin qiymətlərinin kəskin düşməsi bəzi ölkələrdə müəyyən problemlərə səbəb olub. Odur ki, bunu istisna edə bilmərik. Xüsusən ona görə ki, mətbuatda da bu barədə çox tez-tez danışılır, analitiklər də danışırlar. Ona görə burada kimdənsə hər hansı proqnoz gözləmək yəqin ki, çox çətindir.
- İqtisadi siyasətin səmərəliliyinin mühüm meyarlarından biri vətəndaşların sosial vəziyyətidir. Siz dediniz ki, xərcləri azaltmaq lazım gəlsə, infrastruktur layihələrini ixtisara salacaqsınız. Bu o deməkdir ki, sosial proqramlarınız toxunulmaz qalır? Siz sosial dövlət haqqında vektoru, tezisi dəstəkləyirsinizmi?
- Bəli, əlbəttə, sosial proqramlara dəyişiklik edilməyəcək. Əksinə, biz çalışacağıq ki, daha çox imkanlar yaradaq. İndiki halda söhbət, əlbəttə, əməkhaqqının artırılmasından, habelə sosial infrastrukturun yaradılmasından gedir. Bizim üçün sosial sahə həmişə prioritet olub. Biz onu iqtisadi sahədən heç vaxt ayırmamışıq və apardığımız islahatlar da sosial amilə bağlıdır. Buna görə də əsaslı islahatlara baxmayaraq, Azərbaycanda sosial məsələlər son illərdə çox müvəffəqiyyətlə həll olunur.
Son 10 ildə 500-dən çox tibb müəssisəsi, 3 mindən çox məktəb binası inşa olunub. Bütün regionlarda su təchizatına dair infrastruktur layihələri həyata keçirilir. Yəni, sosial infrastruktura sərmayə yatırmaq bizim prioritetimizdir. Onlar ixtisar edilməyəcək. Lakin, eyni zamanda, bu sahə iqtisadi sahədən ayrılıqda inkişaf edə bilməz. Axı, biz son 10 ildə məhz iqtisadiyyatı inkişaf etdirmək hesabına yoxsulluğu 49 faizdən 5 faizə endirə bilmişik. Bunu əsas etibarilə yeni iş yerlərinin və iş üçün əlverişli şəraitin yaradılması hesabına etmişik. Azərbaycanda işsizlik sosial təzahür kimi, praktiki olaraq, aradan qaldırılıb.
- Azərbaycanda işsizlik neçə faizdir?
- Beş faiz. Təbii ki, bütün bunlar dövlətin iqtisadi siyasətinin, habelə biznes üçün yaxşı şəraitin yaradılmasının nəticəsində olub. Çünki iş yerləri neft sahəsində yaradılmayıb. Neft sahəsində iş yerləri belə tez yaradılmır. Bu yerlər istehsal və xidmət sahələrində, regionlarda yaradılıb. İqtisadi artım olmadan, sadəcə büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir. Burada əsas məsələ o qədər də prioritet olmayan sahələrlə cəmiyyətin sosial vəziyyətinə təsir göstərməyən sahələr arasında xərclərin azaldılmasının məhz düzgün balansının tapılmasıdır.
- İqtisadiyyatda hər hansı böhran halları yarandıqda, bir qayda olaraq, qarşıya belə bir dilemma çıxır: pulları inkişaf üçün xərcləməli, yoxsa, qənaət etməli, yığmalı, sabitləşdirmə fondları yaratmalı? Siz hansı yolu seçmisiniz?
- Biz hər iki yolu seçmişik. Fəal islahat illəri ərzində bizim valyuta xərclərimiz də, investisiyalarımız da ilbəil artıb. Keçən il Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub. Əhalisinin sayı 10 milyona yaxın olan ölkə üçün bu, az məbləğ deyil, onun 70 faizi daxili investisiyalardır. Əlbəttə, daxili investisiyaların strukturunda hələlik infrastruktur xarakterli dövlət sərmayələri üstünlük təşkil edir. Buna görə biz çalışmışıq ki, valyuta ehtiyatlarımız ilbəil artsın. Bu ehtiyatlar ilbəil artır. Eyni zamanda, biz şaxələndirilmiş iqtisadiyyat yaradılması üçün nə qədər lazımdırsa, o qədər xərcləyirik. Regionlarda normal həyat şəraiti olmadan isə bunu etmək mümkün deyil.
Müstəqilliyin ilk illərində Azərbaycan vətəndaşlarının xeyli hissəsi qazanc dalınca başqa ölkələrə, o cümlədən Rusiyaya gedirdi. İndi bu proses praktiki olaraq dayanıb və ya yavaşıyıb. Lakin başqa proses başlanıb – regionlardan Bakıya gəlirlər. Buna görə bizim əsas vəzifəmiz regional inkişaf ilə bağlı məsələlərin həlli idi ki, yerlərdə yaxşı xəstəxanalar, yaxşı məktəblər, su, elektrik, qaz təchizatı və iş üçün şərait olsun. Buna görə iqtisadiyyatın şaxələndirilməsi təkcə struktur baxımından deyil, həm də coğrafiya baxımından vacibdir. Zənnimcə, biz son illərdə ölkəmizin məhz bu baxımdan davamlı inkişafını təmin edə bilmişik.
- Coğrafiya mövzusunu bir qədər genişləndirək, xarici investisiyalar və bu gün dövlət vəsaitlərinin qorunması, inkişaf etdirilməsi üçün hansı bazarların perspektivli olması barədə danışaq. Siz hazırda nəzərlərinizi haraya yönəldirsiniz? Şərqin, məsələn, Çinin bazarları Sizin fikrinizcə, nə dərəcədə perspektivli və maraqlıdır? Mən bilirəm ki, Azərbaycan suveren fondlara sərmayə qoyur, hazırda yuan şəklində xeyli sərmayə yatırır.
- Bəli, biz investisiyalarımızı bir neçə il bundan əvvəl şaxələndirməyə başlamışıq. Bunun bir neçə səbəbi var idi. Birinci səbəb odur ki, ölkə daxilində iqtisadiyyatı hədsiz inkişaf etdirə bilməzdik. Bu da təbiidir ki, investisiya portfelimizi şaxələndirmək istəyirdik. Buna görə, sərmayə qoymağa başladıq. Bu, həm Asiya, həm Avropa, həm Rusiyadır...
- Mən bunu eşidəcəyimə ümid edirdim.
- Bəli. Buna görə biz, əlbəttə, həm səhmlərə, həm daşınmaz əmlaka, həm bank sektoruna, həm istehsalata sərmayə qoyuruq. Rusiyaya gəldikdə isə, biz bank sektoruna sərmayə qoymuşuq, VTB bankının səhmlərini almışıq, daşınmaz əmlaka, istehsalata da sərmayə qoymuşuq. Rusiya bazarı bizim üçün perspektivlidir. Biz hər hansı vəziyyətə, qondarma sanksiyalara baxmayaraq, Rusiya bazarına fəal sərmayə qoymaqda davam edəcəyik. Ona görə ki, əvvələn, bütün bunlar müvəqqətidir, ikincisi, biz elə işləməliyik ki, münasibətlərimiz möhkəmlənsin. Axı, investisiyalar sadəcə öz vəsaitlərini şaxələndirmək deyil. Bu, həm də əməkdaşlıq münasibətlərinin və onun səviyyəsinin nümayişidir. Prinsip etibarilə heç bir ölkə sabitlik, mehriban münasibətlər olmayan yerə dövlət vəsaitlərini yatırmayacaq. Rusiya bizim dostumuz, tərəfdaşımızdır. Rusiyaya sərmayə yatırılması davam etdiriləcək. Əlbəttə, biz həm də Rusiyadan Azərbaycana daha çox sərmayə qoyulmasını görmək istərdik.
- Siz dəfələrlə demisiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün əsas problemlərdən və ağrılı mövzulardan biri olaraq qalır. Sizin fikrinizcə, son vaxtlarda bu məsələnin həllinə nə dərəcədə yaxınlaşa bilmisiniz?
- Təəssüf ki, burada danışıqlar prosesində uğurlar barədə danışa bilmərik. Səbəb də kifayət qədər sadə və aydındır. Bizdə belə təsəvvür yaranıb və özü də bu təsəvvür cəmiyyətdə artıq kifayət qədər qərarlaşıb ki, Ermənistan sülh istəmir, bu məsələnin tənzimlənməsini istəmir, hər şeyi olduğu kimi saxlamaq istəyir. Başqa sözlə, status-kvonu saxlamaq istəyir. Hərçənd ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin – Rusiyanın, ABŞ-ın və Fransanın prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, o, dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Bu, münaqişənin tənzimlənməsi üçün başlıca şərtdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanındakı bütün başqa münaqişələrdən onunla fərqlənir ki, onun həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Özü də bir yox, dörd qətnamə. Həmin sənədlərdə erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Artıq 20 ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir.
Ermənistan həmin qətnamələrə sadəcə məhəl qoymur. Çünki bu qətnamələrin reallaşdırılması mexanizmi yoxdur. Bu qətnamələr münaqişənin tənzimlənməsinin əsasını təşkil etməlidir, çünki başqa variant sadəcə mümkün deyil. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Dağlıq Qarabağ ona görə “dağlıq” adlanır ki, Aran Qarabağ da var. Qarabağ qədim Azərbaycan torpağıdır. Bu gün Qarabağın bir hissəsi işğal altındadır. Özü də yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında yox, həm də keçmiş DQMV hüdudlarından kənarda yerləşən, erməni əhalinin, ümumiyyətlə, olmadığı ərazilər də işğal edilib. Biz etnik təmizləməyə məruz qalmışıq, bu gün ərazimizin xeyli hissəsi işğal altındadır.
Yəni, bu məsələnin həlli üçün hüquqi baza mövcuddur. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Tarixi baza mövcuddur. Ona görə ki, “Qarabağ” sözünün özü Azərbaycan mənşəli sözdür, bu regionun tarixi tarixçilərə və bu mövzu ilə məşğul olanlara yaxşı məlumdur. Ermənistan isə öz hərəkətləri ilə danışıqlar prosesini hər vasitə ilə pozmağa çalışır.
Deməliyəm ki, bu il əvvəlki illərdən danışıqlar prosesinin intensiv xarakteri ilə fərqlənib. Bu il həm də onunla fərqlənib ki, Minsk qrupunun həmsədrləri olan ölkələrin rəhbərləri danışıqlar prosesində fəal iştirak ediblər, əvvəllər heç vaxt belə olmayıb. Avqust ayında prezident Putin Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirdi. Sentyabr ayında ABŞ-ın dövlət katibi Kerri bizimlə analoji görüş keçirdi, oktyabrın axırında isə Fransa prezidenti Olland da Azərbaycan və Ermənistan prezidentlərini Parisdə görüşə dəvət etdi və biz həm ikitərəfli, həm də üçtərəfli diskussiyalar keçirdik. Müzakirə mövzuları arasında münaqişənin tənzimlənməsi və danışıqlar prosesi ilə yanaşı, etimad tədbirlərinin gücləndirilməsi, təmas xəttində insidentlərin azalması, tərəflərin bir-birinə daha çox etimad göstərməsi məsələləri də vardı. Hər iki tərəf – həm erməni, həm də Azərbaycan tərəfi Paris görüşünü müsbət qiymətləndirdi və bunu açıq şərhlərində qeyd etdi. Lakin düz iki həftədən sonra Ermənistan bizim ərazimizin işğal edilmiş hissəsində qondarma hərbi təlimlər keçirməyə başladı. Özü də onlar bu təlimləri Ermənistan və hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında deyil, Azərbaycanın Ağdam rayonunun ərazisində, bilavasitə təmas xətti boyunca keçirirdilər. Ermənistanın özünün məlumatına görə, orada 47 min hərbi qulluqçu və minlərlə texnika növü iştirak edib. Sual olunur: Parisdəki müsbət görüşdən dərhal sonra provokasiyalar törətməyə nə lüzum vardı?! Üstəlik, həmin təlimlər keçirilən bir neçə gün ərzində Azərbaycan təmkin və səbir nümayiş etdirmiş, buna heç bir reaksiya verməmişdi. Görünür, erməni tərəfi bununla kifayətlənməmiş və bizim mövqelərə Mi-24 döyüş helikopterləri ilə hərbi hücum etməyə cəhd göstərmişdi. Helikopterlər praktiki olaraq bizim qoşunların mövqelərinə hücum edəndə ordumuz onlardan birini vurmağa məcbur oldu. Yəni, bu, bizi cavab tədbirlərinə təhrik etmək və bununla da danışıqlar prosesini yenidən pozmaq üçün bundan bir bəhanə kimi istifadə etmək məqsədilə şüurlu surətdə törədilən fitnəkarlıq idi.
Zənnimcə, ATƏT-in Minsk qrupu ermənilərin bu fitnəkarlığına daha dəqiq münasibət bildirməli və onların belə hərəkətlərini pisləməli idi. Lakin bu, baş vermədiyinə görə onlar bildiklərini edirlər. Buna görə 2015-ci ildə tənzimləmənin perspektivləri bir neçə amildən asılı olacaq və həmin amillərdən biri vasitəçilərin erməni tərəfini buna inandırmağı bacarmalarıdır ki, münaqişənin tənzimlənməsi onların da xeyrinədir.
- Ümumiyyətlə, Siz müasir münaqişələrin həllində beynəlxalq təsisatların səmərəliliyi barədə nə düşünürsünüz?
- Mən buna o qədər də nikbin baxmıram və güman edirəm ki, belə düşünən təkcə mən deyiləm. Dünyada baş verən hadisələr göstərir ki, beynəlxalq təsisatlar öz vəzifələrinin öhdəsindən gələ bilmir, həmçinin onlara bəslənilən ümidləri doğrultmurlar. Bu, ATƏT-in 20 ildən çoxdur ki, vasitəçi olduğu bizim məsələyə də aiddir. Bu, BMT-nin səlahiyyətində olan məsələlərə də aiddir. Buna görə prinsip etibarilə dünyada beynəlxalq təsisatların deformasiyası gedir. Bu, çox narahatedici, təhlükəli meyildir. Hesab edirəm ki, dünyanın aparıcı ölkələri burada öz qəti sözlərini deməlidirlər, təkcə bəyanatlarla deyil, həm də qəbul edilən qərarlara hörmət göstərməklə. Yaxud da qərarlar qəbul edilmir, amma tədbirlər görülür – biz bunu müasir dünyada yaxın vaxtlarda dəfələrlə görmüşük. Ona görə də mövcud beynəlxalq əməkdaşlıq mexanizminin qırılması sadəcə total hərc-mərcliyə gətirib çıxaracaq. İndi nə isə təzə bir şey fikirləşib tapmaq çətindir, mövcud beynəlxalq təsisatlarda islahatlar aparmaq daha çətindir, çünki bu istiqamətdə məhdudiyyətlər vardır. Zənnimcə, indiki tarixi mərhələdə yeganə məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür. Onlar ilk növbədə, beynəlxalq hüququ pozmamalıdırlar. Onlar beynəlxalq hüququ dəstəkləməlidirlər. Lakin təəssüf ki, çox vaxt belə olmur.
- Bu il biz dünya xəritəsində özünü “İraq-Şam İslam Dövləti” adlandıran yeni bir terrorçu qurumun yaranmasını gördük. Bu radikal islamçı qruplaşma get-gedə yeni əraziləri zəbt edir və qonşularına hədə-qorxu gəlir. Deməliyik ki, bu hadisələr Azərbaycandan o qədər də uzaqda baş vermir. Bu təcavüzkar və yetərincə qətiyyətli fenomen barədə Siz nə fikirləşirsiniz?
- Əvvələn, vəziyyəti düzgün qiymətləndirmək üçün bu qondarma strukturun necə əmələ gəlməsini, haradan meydana çıxmasını dəqiq başa düşmək lazımdır. Axı, o, başqa planetdən uçub gəlməyib. Bütün bunlar ən azı son 10 ildə məhz Yaxın Şərqdə baş verən hadisələrin nəticəsidir. Bu, Yaxın Şərqdə həyata keçirilən siyasətin bəhrəsi və həmin siyasətin nəticəsidir. Bu, bir daha sübut edir ki, radikal, fanatik qrupların dəstəklənməsi məsələlərində çox ehtiyatlı və uzaqgörən olmaq lazımdır. Terrorçuları yaxşılara və pislərə bölmək olmaz. Yəni, sənin düşməninə qarşı mübarizə aparan terrorçu yaxşı, sənin özünə qarşı mübarizə aparan isə pis terrorçudur. Mənim fikrimcə, öz həllini tapmalı olan başlıca məsələ budur. Bu məsələ dünyanın aparıcı ölkələri tərəfindən həll edilməyincə, radikalizmə və terrorizmə qarşı mübarizədə ümumi anlaşma olmayınca belə vəziyyətlər daim yaranacaq.
Əlbəttə, deməzdim ki, bu, bizim üçün böyük təhlükədir. Amma təbii ki, biz bu mövzunu izləməliyik. Bu, siz dediyiniz kimi, bizim sərhədlərdən elə də uzaq deyil. Azərbaycanın daxildə radikalizm mənbələri yoxdur. Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir. Eyni zamanda, Azərbaycan dünyəvi cəmiyyəti olan dünyəvi ölkədir, təhsilin yüksək səviyyədə olduğu müasir dövlətdir. Təhsil radikalizmə qarşı başlıca qarantdır. Yüz faiz savadlılıq olan ölkədə, savadlı cəmiyyətin daxilində potensial təhlükə ola bilməz. Lakin kənardan baxanda, əlbəttə, biz regionun bir hissəsiyik, buna görə də Yaxın Şərqdə, sərhədlərimizin ətrafında baş verən proseslər, təbii ki, bizi narahat edir. Ona görə ki, bu, cəmiyyətdə ictimai şüura mənfi təsir göstərə bilər və fiziki təhlükə ola bilər. Lakin bizim sərhədlərimiz etibarlı qorunur.
- Sonda insanları hələ birləşdirə biləcək bir məsələ barədə, idman haqda danışmağı təklif edirəm. Rusiyada bu il Qış Olimpiadası keçirildi, Azərbaycan 2015-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcək. Siz bu bayrama necə hazırlaşırsınız?
- Əvvələn, fürsətdən istifadə edib rusiyalıları Soçidə Olimpiadanın uğurlu keçirilməsi münasibətilə təbrik etmək istərdim. Mən Olimpiya Oyunlarının açılışında oldum. Bu gözəl, möhtəşəm tamaşa həm Rusiyanın gücünü, həm müasirliyini, həm inkişafını nümayiş etdirirdi. Biz Rusiyanın uğurlarına, habelə rusiyalıların qələbəsinə görə çox sevindik. Buna görə ikiqat təbrik edirəm.
Biz həm də Avropa Oyunlarına hazırlaşırıq. Bu Oyunlar ilk dəfə keçiriləcək. Biz çox şadıq ki, Avropa Olimpiya Komitəsi bu hüququ Azərbaycana etibar etdi. Avropa Oyunları heç vaxt keçirilməyib. Lap əvvəldən, Oyunların Bakıda keçiriləcəyi haqda qərar qəbul edilən vaxtdan biz bu Oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qərara aldıq.
Bu Oyunlar yetərincə miqyaslı olacaq. Biz idmanın 20 növündə yarışacaq 6 mindən çox idmançı gözləyirik. Ümumiyyətlə, bu, Yay Olimpiya Oyunları ilə müqayisə edilə bilər. Biz daha çox idmançı və idmanın daha çox növünü qəbul edə bilərdik. Lakin müəyyən edildi ki, bu miqdar kifayətdir. Bizim əsas çətinliyimiz ondan ibarət idi ki, hazırlıq üçün vaxt çox az idi – cəmi iki il yarım. Lakin biz vaxtı hədər yerə itirmədik. Yeni idman obyektləri tikilir və əlbəttə, yeni nəqliyyat infrastrukturu yaradılır. Şəhərimiz bu Oyunları gözləyir. Oyunlar yarım ildən sonra keçiriləcək. Bu, böyük Avropa bayramı olacaq. Zənnimcə, Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi müdrik qərardır. Bu, məhz sizinlə danışdığımız mövzu – multikulturalizm, sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi baxımından müdrik qərarlardan biridir. 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Yəni, iki il ərzində Azərbaycan həm Avropanı, həm də islam dünyasını, arada isə “Formula-1” yarışlarını qəbul edəcək. Yeri gəlmişkən, Soçidə bu yarışlar uğurla keçirildi. Bu münasibətlə də sizi təbrik edirəm. Beləliklə, “Formula” yarışları üçün əvvəlcə Soçi, ondan sonra isə Bakı yeni şəhər olacaq, necə ki, Olimpiada. Buna görə fürsətdən istifadə edib rusiyalıları təkcə Avropa Oyunlarına yox, ümumiyyətlə, Bakıya tez-tez gəlməyə dəvət etmək istərdim.
- Azərbaycana və Azərbaycan atletlərinə qarşıdakı bütün oyunlarda yeni qələbələr arzulayıram. Sağ olun.
-Sağ olun.