İlham Əliyev Beynəlxalq Olimpiya və Avropa Olimpiya komitələrinin prezidentlərini qəbul edib
20 noyabr 2014, 15:30
Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda həyata keçirilən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi və əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının Bakıda keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirən dövlətimizin başçısı ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu dedi. Prezident İlham Əliyev qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu cür tədbirlərin yaxşı fürsət yaratdığını bildirdi. Bir sıra beynəlxalq tədbirlərin təşkilində ölkəmizin yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlətimizin başçısı birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə etdi.
Görüşdə Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olundu, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışıldı, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri görülməsindən məmnunluq ifadə olundu.
Sonra Tomas Bax Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dövlət başçıları üçün hazırlanmış xatirə medalını Prezident İlham Əliyevə təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu xatirə medalının təqdim olunduğu ilk dövlət başçılarından biridir.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin şərəfinə ziyafət verildi.