Azərbaycan və Tacikistan prezidentlərinin mətbuat üçün bəyanatları
16 oktyabr 2014, 13:05
Tacikistan Prezidenti Emoməli Rəhmonun bəyanatı
- Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.
Bu gün biz Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevin ölkəmizə rəsmi səfəri çərçivəsində onunla məzmunlu və konstruktiv görüş keçirdik. Biz görüşdə ikitərəfli, regional və beynəlxalq xarakterli bir çox məsələləri müzakirə etdik. Mən qarşılıqlı əlaqələrimizin indiki vəziyyətindən məmnun olduğumuzu bildirdim. Qeyd edildi ki, Tacikistan Azərbaycan Respublikası ilə əməkdaşlıq məsələlərinə böyük diqqət yetirir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə toxunduq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləyə və inkişaf etdirə biləcəyimiz prioritet sahələri qeyd etdik. Biz bu kontekstdə Tacikistanda hidroenergetika və neft-qaz sahəsinə aid qurğular tikilməsində, mineral ehtiyatların mənimsənilməsində Azərbaycanın işgüzar dairələrinin investisiya fəaliyyətinin gücləndiriləcəyinə və iki dövlətin bank sistemləri arasında əməkdaşlığa ümid etdiyimizi bildiririk.
Vurğulandı ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin inkişafına əngəl törədən amillərdən biri nəqliyyat-kommunikasiya imkanlarının məhdud olmasıdır. Ölkələrimizin coğrafi mövqeləri nəzərə alınmaqla təbii ki, bu cür ticarət zəruri infrastruktur yaradılmasını tələb edir. Bu baxımdan biz Hökumətlərarası Komissiyanın daimi Katibliyi Bakıda yerləşən TRASEKA layihəsi çərçivəsində Böyük İpək Yolunun bərpa olunmasında maraqlıyıq. Biz həm də Tacikistan ilə Azərbaycan arasında birbaşa aviareys açılmasında maraqlıyıq.
İkitərəfli mədəni və humanitar əlaqələrimizi yüksək qiymətləndirərək bu sahələrdə qarşılıqlı fəaliyyəti genişləndirmək barədə razılığa gəldik. Əcdadlarımızın böyük mədəni irsini daha geniş təbliğ etməyə yönəlmiş yeni təkliflər səsləndi. Məsələn, mən gələn il hər iki ölkədə Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin əsərlərinə həsr edilmiş bir sıra tədbirlərin keçirilməsini təklif etdim. Biz, həmçinin regional və beynəlxalq xarakterli məsələləri, o cümlədən Əfqanıstanda vəziyyəti müzakirə etdik.
Dağlıq Qarabağ münaqişəsi bizim müzakirələrin gedişində mühüm mövzulardan biri oldu. Mən bu problemlə əlaqədar bizim nöqteyi-nəzərimizi ifadə edərək bildirdim ki, Tacikistan müharibənin bütün dəhşətlərini görmüş bir ölkə kimi, münaqişənin dinc yolla, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsindən ibarət prinsipial mövqeyin tərəfdarıdır. Eyni zamanda, biz çoxtərəfli formatda gələcək əməkdaşlıq məsələlərinə də diqqət yetirdik. Qeyd etdik ki, beynəlxalq və regional xarakterli bir çox məsələlər üzrə ölkələrimizin mövqeləri üst-üstə düşür və ya yaxındır. Tacikistanın və Azərbaycanın həmin məsələlərə konseptual yanaşmaları BMT, ATƏT, MDB, İƏT və EKO çərçivəsində Tacikistan–Azərbaycan münasibətlərinin dinamik və ardıcıl inkişafına şərait yaradır.
Görüşün yekunları ilə əlaqədar bəyan etmək istəyirəm ki, biz Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gələcəyinə nikbinliklə baxırıq, bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün əlimizdən gələni etmək əzmindəyik. İndi isə mən böyük məmnuniyyətlə əziz qonağımız – Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevdən öz fikirlərini söyləməsini xahiş etmək istəyirəm. Buyurun.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Sağ olun, hörmətli Emoməli Şərifoviç!
İlk növbədə, məni qardaş Tacikistana rəsmi səfərə dəvət etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Tacikistan torpağına ayaq basdığımız ilk andan mənə və nümayəndə heyətimin üzvlərinə göstərilən qonaqpərvərliyə görə də təşəkkür edirəm.
Bu, mənim Tacikistana ikinci rəsmi səfərimdir. Emoməli Şərifoviç də Azərbaycanda iki dəfə rəsmi səfərdə olub. Bu fakt özlüyündə bizim münasibətlərimizin yüksək səviyyəsinə dəlalət edir. Çünki bizim aramızda çox fəal siyasi dialoq var. Biz müxtəlif beynəlxalq tədbirlər - sammitlər, konfranslar çərçivəsində də müntəzəm görüşürük, regional təhlükəsizlik, dünya siyasəti və ikitərəfli münasibətlərimizlə bağlı aktual məsələlərə dair müntəzəm fikir mübadiləsi aparmaq imkanımız var.
Emoməli Şərifoviçin artıq qeyd etdiyi kimi, bizim gündəliyimiz çox genişdir. Bu gün biz qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərini müzakirə etdik. Siyasi münasibətlərimizin çox fəal olması bütün başqa sahələrdə də əlaqələrin fəal inkişafını nəzərdə tutur. Biz bir sıra beynəlxalq təşkilatlarda birgə iştirak edir və bir-birimizi dəstəkləyirik. Fürsətdən istifadə edib, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən ölkəmizin namizədliyini dəstəklədiyinə görə Tacikistan Prezidentinə bir daha şəxsən təşəkkürümü bildirmək istərdim. Bu dəstək çox vacib idi və biz iki il ərzində bu yüksək beynəlxalq orqanda həm özümüzü, həm də bütün dostlarımızı, tərəfdaşlarımızı təmsil etdik.
Bu gün imzalanan siyasi Bəyannamə bizim gələcək münasibətlərimizin bütün spektrini müəyyənləşdirir. Çox böyük əhəmiyyət kəsb edən bu siyasi sənəddə bizim prioritetlər, birgə gələcəyimiz barədə təsəvvürlərimiz əks olunub. Mən həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində prinsipial mövqeyinə görə Tacikistana təşəkkürümü bildirmək istərdim. Bizim indicə imzaladığımız Bəyannamədə qeyd edildiyi kimi, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməklə tənzimlənməlidir. Bu qətnamələrin qəbul edildiyi vaxtdan 20 ildən çox keçir, lakin təəssüf ki, onlar yerinə yetirilmir. Qətnamələrdə aydın deyilib ki, erməni işğalçı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Münaqişənin beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq surətdə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi bizim regionda sülhün təmin edilməsi üçün yeganə mümkün yoldur.
Bu gün biz iqtisadi sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələləri müzakirə etdik. Əlbəttə, əmtəə dövriyyəsinin həcmi bizi qane edə bilməz, lakin Birgə Hökumətlərarası İqtisadi Komissiyanın dünən keçirilmiş iclası və onun nəticələri barədə bizə məruzə edilənlər nikbin olmağa əsas verir ki, biz əmtəə dövriyyəsini qısa müddətdə artıra biləcəyik. Bu istiqamətdə konkret addımlar atılır. Nəqliyyat sahəsində, xüsusən Azərbaycanın və regionun investisiya və nəqliyyat infrastrukturu nəzərə alınmaqla, gözəl imkanlar var. İlk növbədə, Azərbaycanda, Xəzər regionunda ən iri liman olacaq Yeni Beynəlxalq Dəniz Limanının açılması, habelə gələn il başa çatdırmağı planlaşdırdığımız Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yeni imkanlar yaradır. Bu, Asiyadan Avropaya və əks istiqamətdə malların tranziti üçün ən qısa, ən səmərəli və ucuz yoldur.
Bu gün biz əməkdaşlığımızın humanitar aspektləri barədə çox danışdıq. Burada yaxşı təcrübə var. Biz həm tarix, həm də mədəniyyət baxımından bir-birimizə yaxın xalqlarıq, eyni sivilizasiyanın nümayəndələriyik. Əlbəttə, bunlar bizi yaxınlaşdırır. Buna görə biz gələcəkdə də mədəni proqramlarla bağlı müxtəlif tədbirlər keçirəcəyik. Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri, Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri böyük uğurla keçdi və xalqlarımız bizim bir-birimizə nə qədər yaxın olduğumuzu bir daha gördülər.
Bu gün biz regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərini də müzakirə etdik. Bizdən o qədər də uzaq olmayan regionda vəziyyət, əlbəttə, bizi narahat edir. Regionda təhlükəsizliyi təmin etmək üçün biz mütərəqqi qüvvələrin səylərini birləşdirməliyik. Tacikistanda və Azərbaycanda çox müsbət inkişaf dinamikası var, sabitlik təmin olunub, iqtisadi, sosial məsələlər həll edilir. Buna görə bizim ölkələrdə təhlükəsizliyə daxili təhdidlər yoxdur. Bizi narahat edən bütün amillər sərhədlərimizdən kənardadır. Buna görə, sərhədlərimizin möhkəmləndirilməsi, habelə regional təhlükəsizliyə töhfəmiz fəal müzakirə etdiyimiz məsələlərdir.
Onu da bildirmək istərdim ki, Emoməli Şərifoviçin rəhbərliyi ilə Tacikistanda həyata keçirilən dəyişiklikləri Azərbaycanda böyük maraqla izləyirlər. Siz davamlı iqtisadi artımı, bir sıra sosial məsələlərin həllini təmin edirsiniz. Tacikistan regionda, dünyada böyük nüfuz sahibidir. Siz öz regionunuzda qarşılıqlı iqtisadi fəaliyyət, regional təhlükəsizlik baxımından çox mühüm rol oynayırsınız və əlbəttə, Düşənbədəki dəyişiklikləri buraya gələn adi insanlar da görürlər. Mən burada bir neçə il əvvəl olmuşdum, indi görürəm ki, böyük dəyişikliklər baş verib, yeni gözəl binalar tikilib, ictimai yerlər abadlaşdırılıb, parklar salınıb. Bütün bunlar insanlar, onların rahatlığı, firavanlığı üçün edilir. Müstəqilliyin ilk illərində həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibələrinin getdiyi dövrdə, habelə müstəqillik əldə edilənə qədər, bizim hələ müstəqil dövlətlər olmadığımız vaxtda çox çətinliklərlə üzləşən xalqlarımız yaxşı yaşamağa layiqdirlər. Mənim fikrimcə, həm Tacikistan xalqı, həm də Azərbaycan xalqı müstəqilliyin üstünlüklərini görür. Axı, biz yalnız müstəqillik dövründə bu cür böyük uğurlara nail ola bilmişik. Biz sizin dostlarınız, qardaşlarınız kimi uğurlarınıza sevinirik. Əminik ki, Tacikistanın dinamik inkişafı davam edəcək və bu, sizin xalqın, bütün regionun xeyrinə olacaq.
Emoməli Şərifoviç, qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib, Sizin üçün münasib olan istənilən vaxtda Sizi Azərbaycana dəvət etmək istəyirəm. Sağ olun.