Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
20 oktyabr 2014, 19:00
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkənin bütün bölgələrində olduğu kimi Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Mərkəzi Rayon Xəstəxanası, Gənclərin Təlim və İstirahət Mərkəzi, Avtovağzal Kompleksi, əlil, şəhid ailələri və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün ümumilikdə 80 mənzilli 5 yaşayış binası, 13 ümumtəhsil məktəbi və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, Bayraq Meydanı yaradılmış, “Daşkəsən Filizsaflaşdırma” kombinatının fəaliyyəti bərpa olunmuş, avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Daşkəsən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2014-cü il.