İlham Əliyev Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirak edib
18 oktyabr 2014, 12:51
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirak ediblər.
Davamlı iqtisadi inkişaf mərhələsində olan Goranboyda reallaşdırılan sosial layihələr əhalinin rahatlığına, onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu sırada rayonda icrası başa çatdırılan Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsi xüsusi yer tutur. 2011-ci ildə tikintisinə başlanan hidrokompleksin sifarişçisi Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdir.
Layihəyə əsasən, Goranboy şəhəri və rayonun 18 yaşayış məntəqəsinin, Naftalan şəhəri və kurort şəbəkəsi də daxil olmaqla Qaşaltı və Qasımbəyli kəndlərinin içməli su tələbatını ödəmək üçün saniyədə 114 litr içməli su veriləcək.
Nəticədə Goranboy rayonunun və Naftalan şəhərinin 47430 nəfər sakini fasiləsiz içməli su ilə təmin ediləcək. Potensial layihə gücü saniyədə 200 litr su ötürə bilən bu qurğu 2031-ci ilədək Goranboyun əhalisinin 75 faizini, Naftalan əhalisinin isə 100 faizini təmin etməyə hesablanıb. Laboratoriya analizləri suyun keyfiyyətinin yüksək olduğunu təsdiqləyib.
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Əli Məmmədov bildirdi ki, “Azəraqrartikinti” ASC tərəfindən icra olunan layihə çərçivəsində birinci mərhələdə Ballıqaya su mənbəyinin və əsas nəqledici magistral içməli su xəttinin tikintisi başa çatdırılıb. Bu mərhələdə baş suqəbuledici-ötürücü qurğular kompleksi inşa olunub, uzunluğu 36 kilometrdən çox olan magistral su xətti çəkilib. Bundan əlavə, infiltrasiya-drenaj qurğuları sahəsi yaradılıb, perforasiya olunmuş 13 suyığıcı boru quraşdırılıb. Magistral su xətti boyunca təzyiqazaldan 11 hovuz tikilib. İkinci mərhələdə şəhərin su anbarları sahəsi yaradılıb və hər birinin həcmi 1000 kubmetr olan 3 anbar tikilib, inzibati binalar və istehsalat bazası yaradılıb. Bu mərhələdə müxtəlif təyinatlı su və kanalizasiya xətlərinin çəkilməsinə xüsusi diqqət yetirilib, bütün abonentlər su sayğacları ilə təmin olunub. Üçüncü mərhələdə isə məhsuldarlığı gündə 5 min kubmetr olan çirkab və sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması həyata keçirilib. Qurğuların mükəmməl istismarını təmin etmək üçün avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılıb.
Dövlət başçısı Goranboy şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonra Prezident İlham Əliyev Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, gözəl, tarixi bir gündür. Azərbaycanda Müstəqillik Günü iki dəfə qeyd olunur. Biri Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May Respublika Günüdür. İkincisi də 18 oktyabr – müstəqilliyimizin bərpası günüdür. Hər iki tarix bizim üçün çox əzizdir.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranırdı. Eyni zamanda, müstəqilliyimizin bərpası – Azərbaycan uzun fasilədən sonra yenidən müstəqil ölkə kimi yaşamağa başlamışdır. Bu da çox mühüm tarixi hadisədir. Əminəm, Azərbaycan xalqı müstəqillik dövründə görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf etməyə başlamışdır. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz böyük nailiyyətlərə çata bilmişik və bu gün burada qeyd etdiyimiz hadisə bunun əyani sübutudur.
Goranboy rayonunda, bizim bütün başqa şəhər və rayonlarımızda içməli su həmişə böyük problem olub. Əsrlər boyu böyük problem olub. Ancaq müstəqillik dövründə biz bu problemi aradan qaldırırıq. İndi Goranboy şəhərinə və bir neçə kəndə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu, gözəl tarixi hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Su insanın həyatı, sağlamlığı üçün əsas amildir. Təmiz içməli su insanın sağlamlığı üçün həddindən artıq önəmlidir və əminəm ki, bizim bütün vətəndaşlarımız təmiz içməli su ilə təmin olunacaqlar. Hazırda ölkə üzrə bütün şəhərlərdə bu layihələr icra edilir. Artıq bir çox yerlərdə icra edilibdir. Keçən il Naftalanda içməli su layihəsinin açılışını qeyd etmişdik və bu işlər ardıcıllıqla aparılır. Qarşıya vəzifə qoyulubdur ki, növbəti 3-4 il ərzində Azərbaycanda bütün şəhərlərdə içməli su və kanalizasiya layihələri 100 faiz icra edilsin. Beləliklə, biz bu böyük sosial proqramı icra etmiş olacağıq.
Bu, doğrudan da sosial layihədir. Çünki bu layihələrin icrasına dövlət büdcəsindən böyük vəsait ayrılır və bu vəsait sırf sosial xarakter daşıyır. Burada kommersiya tərəfindən söhbət açmaq yersizdir. Çünki su tariflərindən yığılan vəsait heç vaxt buraya qoyulan investisiyaların kompensasiyasını təmin etməyəcək. Ona görə Azərbaycan dövləti öz sosial siyasətinə sadiq olaraq bu layihələri icra edir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Çünki həm Bakıda, həm bizim bütün şəhər və rayonlarımızda içməli su daim böyük problem idi. Bakıda da bu problem həll olunur. Ancaq deyə bilərəm ki, Goranboy şəhərində bu, indi 100 faiz həll olunur. Bakıda hələ ki, əhalinin 78 faizi 24 saat ərzində içməli su alır. Bu səviyyə əvvəlki illərdə təqribən 40-50 faiz idi. Son illər ərzində Oğuz-Qəbələ-Bakı layihəsinin, digər layihələrin icrası, şəbəkənin yeniləşdirilməsi nəticəsində biz Bakını da içməli su ilə təmin edirik. Ancaq hələ ki, Bakıda görüləsi işlər çoxdur.
Goranboyda isə artıq bu işlər başa çatıb.
Bu layihələrlə yanaşı, bütün ölkə üzrə digər sosial infrastruktur layihələri icra edilir. Misal üçün, biz Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışını qeyd etdik. Bu da böyük layihədir, bir neçə kəndi birləşdirir. Minlərlə insan bu yoldan istifadə edəcək. Məcburi köçkünlərin evlərlə təmin olunması sosial layihəsi. Əvvəllər dəfələrlə burada olarkən biz məcburi köçkünlər üçün evlərin açılışını qeyd etmişdik. Digər layihələr də icra edilir, iqtisadiyyat artır. Əlbəttə ki, güclü iqtisadiyyatımız olmasa, sosial layihələri icra etmək də mümkün olmayacaq. Niyyət ola bilər, ancaq imkan olmayacaq.
Ona görə iqtisadi müstəqillik bizim üçün böyük imkanlar açır. Biz iqtisadi müstəqilliyimizi düşünülmüş siyasətlə, aparılan islahatlarla, investisiya siyasətimizlə və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə təmin etmişik. Əminəm ki, növbəti illərdə bütün şəhər və rayonlarımızda işlər daha da sürətlə gedəcək. Çünki artıq çox möhkəm baza var. İnfrastruktur layihələrinin böyük əksəriyyəti icra edilir. Növbəti illərdə biz sənayenin, kənd təsərrüfatının inkişafı ilə daha çox məşğul olacağıq.
Bu il “Sənaye ili”dir. Əlbəttə, sənaye potensialımızın inkişafı işsizliyin də aşağı səviyyədə saxlanılmasına xidmət göstərəcək. Bu gün Azərbaycanda işsizlik çox aşağı səviyyədədir, ancaq ümumiyyətlə olmamalıdır. Azərbaycanda əhali artır. Belə olan halda iqtisadiyyat da, iş yerlərinin yaradılması da buna uyğun şəkildə artmalıdır. Çünki biz ölkəmizin dayanıqlı inkişafını təmin edirik.
Təbii resurslarımız var və biz onlardan da səmərəli şəkildə istifadə edirik. Keçən ay “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu da bundan sonra onilliklər ərzində bizim üçün həm maliyyə-gəlir mənbəyi olacaq, eyni zamanda, bizim dünya miqyasında mövqelərimizi daha da möhkəmlədəcək. Kənd təsərrüfatı, regionların inkişafı, belə gözəl infrastruktur layihələrinin icrası bugünkü Azərbaycanın reallıqlarıdır. Bunu biz yaratmışıq, Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına yaradıb, bunu bizim siyasətimiz mümkün etmişdir. Çünki bu gün dünya miqyasında iqtisadi inkişaf baxımından Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə yoxdur.
Hər tərəf od tutub yanır. Bizim ətrafımızda münaqişələr, qanlı toqquşmalar, müharibələr baş verir. Azərbaycan sabitlik, əmin-amanlıq və inkişaf adasıdır. Biz ölkəmizi, vətəndaşlarımızı bütün bəlalardan, mümkün olan bütün təhlükələrdən, risklərdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır, buna layiqdir. Azərbaycan dövləti bunu təmin edəcək. Bax, bugünkü layihə bunu bir daha göstərir.
Bir daha demək istəyirəm ki, bu layihənin məhz Müstəqillik Günündə açılışı rəmzi xarakter daşıyır. Çünki bir daha qeyd etmək istəyirəm ki, xalqımız üçün lazım olan bu layihələri məhz müstəqillik dövründə icra edirik. Bu gün bizim taleyimiz öz əlimizdədir. Azərbaycan inamla inkişaf edir. Azərbaycan etibarlı əllərdədir. Əminəm ki, biz bu gözəl dinamikanı gələcək illərdə də saxlayacağıq. Sizi gözəl hadisə münasibətilə bir daha təbrik edirəm.
X X X
Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ölkəmizin, o cümlədən Goranboy rayonunun inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını çatdırdılar.
SAKİN: Möhtərəm cənab Prezident, Azərbaycan xalqına, o cümlədən goranboylulara göstərdiyiniz bu böyük diqqət və qayğı üçün Sizə təşəkkür edir, bütün rayon ictimaiyyəti adından, ağsaqqallar adından minnətdarlığımızı bildiririk. Sizə, ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, səadət arzulayırıq. Çətin, şərəfli, məsuliyyətli işinizdə Sizə uğurlar diləyirik.
Prezident İlham ƏLİYEV: Sağ olun.
SAKİN: Ömrünüz su qədər uzun olsun! Allah Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
SAKİN: Cənab Prezident, Siz şərəfli və müqayisəyəgəlməz, ölçüyəgəlməz fəaliyyətinizlə xalqın böyük sevgisini qazanan dövlət başçısısınız. Təşəkkür edirik, minnətdarlığımızı bildiririk.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
SAKİN: Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, rayon ziyalıları adından sizə təşəkkür edirik.
X X X
Sonda xatirə şəkli çəkdirildi.