İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub
16 oktyabr 2014, 11:00
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.
Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:
- Hörmətli İlham Heydər oğlu.
İlk növbədə demək istəyirəm ki, biz Sizin Tacikistana səfərinizdən məmnunuq. Tacikistana xoş gəlmisiniz. Tacikistanı və Azərbaycanı qədim tarix, mədəni əlaqələr birləşdirir. Əminəm ki, Sizin səfəriniz xalqlarımız arasında münasibətlərin inkişafına yeni təkan verəcək. Əlbəttə, bu səfər zamanı ikitərəfli münasibətlərin mühüm istiqamətləri daha dərindən müzakirə olunacaq və çoxtərəfli əməkdaşlığın proqramı müəyyənləşdiriləcək.
Ölkələrimiz arasında münasibətlər çox yaxşı inkişaf edir. İkitərəfli əmtəə dövriyyəsinin həcmi artmaqdadır. Görüş əsnasında münasibətlərimizin gələcək inkişafını da bir daha müzakirə edəcəyik.
Bir daha Sizi burada görməkdən məmnunluğumu ifadə edirəm və Sizə “Xoş gəlmisiniz!” deyirəm.
X X X
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Hörmətli Emoməli Şərifoviç, təşəkkür edirəm.
İlk növbədə Sizin gözəl ölkənizə səfər etmək dəvətinə görə minnətdaram. Şadam ki, yenidən buradayam və gözəl dəyişiklikləri görürəm. Mən qısa müddət ərzində hələ başqa yenilikləri də görə biləcəyəm. Bütün bunlar Sizin ölkənizin fəal inkişafının nəticəsidir. Biz dost kimi buna sevinirik və əlbəttə ki, ikitərəfli əməkdaşlığın potensialının gücləndirilməsinə ümid edirik.
Bizim aramızda möhkəm münasibətlər mövcuddur. Biz dostuq, tərəfdaşıq. Əlbəttə ki, bu səfər dostluq, tərəfdaşlıq səfəridir. Həmçinin ümid edirik ki, bu səfər iqtisadi əlaqələrin fəal inkişafına təkan verəcək. Ona görə ki, əmtəə dövriyyəsinin bizim istədiyimiz səviyyədə olmadığı fikri ilə razıyıq. Məhz nümayəndə heyətimin tərkibində bir sıra işgüzar dairələrin nümayəndələri, çoxlu nazirlər var. Buna görə, düşünürəm ki, yaxşı nəticə olacaq.