İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
08 oktyabr 2014, 16:00
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Prezident İlham Əliyevin giriş nitqi
-Bu gün biz üçüncü rübün və ilin doqquz ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Üçüncü rübdə ölkəmizin inamlı inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Ümumiyyətlə, ilin əvvəlindən bu günə qədər Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Yadımdadır, ilin əvvəlində keçən ilin yekunlarını müzakirə edərkən qeyd etmişdim ki, 2014-cü il də Azərbaycan üçün uğurlu il olacaqdır. Artıq doqquz ayın nəticələri onu göstərir ki, həqiqətən bu il də tarixdə uğurlu il kimi qalacaq. Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir.
Doqquz ayın iqtisadi göstəriciləri də çox müsbətdir. İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, - bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, - qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır.
Neft-qaz sektorunda işlər uğurla gedir. Mən bu barədə bir qədər sonra öz fikirlərimi bildirəcəyəm. Ancaq qeyri-neft sektorunun inkişafı bizim əsas məqsədimizdir.
Qeyri-neft sənayesi 6 faiz səviyyəsində artmışdır. Bu da çox müsbət göstəricidir. İnflyasiya çox aşağı səviyyədədir - cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artmışdır. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir.
Əminəm ki, inflyasiya ilin sonuna qədər də aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, gələn il də bu göstərici aşağı səviyyədə olsun. Bunu xüsusilə qeyd etməliyəm, çünki büdcəmiz artır və bu il də büdcə xərcləri kifayət qədər böyükdür. Maaşlar, pensiyalar qalxır, doqquz ayda da qalxmışdır. Buna baxmayaraq, inflyasiya aşağı səviyyədədir və bu da makroiqtisadi vəziyyətin sabit olmasını göstərir.
İnvestisiyalar böyük həcmdə qoyulur. İlin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan 11 milyardı daxili sərmayədir. Bu da son illərdə müşahidə olunan mənzərədir. İnvestisiyalar artır və daxili investisiyalar üstünlük təşkil edir. Düzdür, daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır. Ancaq Azərbaycana özəl sərmayə də qoyulur. Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerli və xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur.
Bu gün deyə bilərəm ki, dünyanın əksər ölkələrində xarici investisiyaları cəlb etmək üçün çox böyük işlər aparılır, rəqabət aparılır. Çünki hər bir ölkənin iqtisadi inkişafını investisiyalar müəyyən edir. Bu gün avrozonada müşahidə olunan vəziyyət onu göstərir, ekspertlər, alimlər qeyd edirlər ki, investisiyalar olmasa, bu böhrandan çıxmaq çətin olacaqdır.
Azərbaycanda isə bu sahədə vəziyyət çox müsbətdir. Doqquz ayda 19 milyard dollar investisiya qoyulub. İlin sonuna qədər bu rəqəm daha da artacaq və beləliklə, bizim inkişafımız daha da sürətlə gedəcək.
İnvestisiyalar müxtəlif sahələrə qoyulur: həm sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına, əlbəttə ki, neft-qaz sənayesinin inkişafına. Bu da təbiidir. Çünki bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir.
Bizim kifayət qədər valyuta ehtiyatlarımız var. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb.
Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir.
Adambaşına düşən valyuta ehtiyatlarımız isə, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir.
Biz əlbəttə ki, neftdən əldə edilmiş gəlirləri şəffaf saxlamaqla və ölkəmizin inkişafına, o cümlədən sosial layihələrin icrasına yönəltməklə dinamik inkişafımızı təmin edirik. Eyni zamanda, bizim rezervlərimiz artır və artacaq. Mən qarşıya belə vəzifə qoymuşam ki, biz çalışmalıyıq, maliyyə rezervlərimiz ildən-ilə artsın. Bu da, əlbəttə ki, həm xarici investorlar üçün əlavə imkanlar yaradır, inamı artırır, eyni zamanda, dünya maliyyə bazarlarından yaxşı şərtlərlə kreditlərin alınması üçün əlavə imkanlar yaradır. Halbuki buna o qədər də böyük ehtiyac yoxdur. Sadəcə olaraq, bu, bizə əlavə inam verir. Mən dəfələrlə demişəm ki, əvvəlki illərdə bizim əsas vəzifəmiz iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu da yaratmışıq. Biz iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilik və bu bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən xarici siyasətdə də müstəqil siyasət aparaq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir.
Deyə bilərəm ki, Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Biz bir pillə də irəliyə getdik və dünya miqyasında bu göstəriciyə görə 38-ci yerdə olmaq tarixi nailiyyətdir.
Yəni, bir sözlə, biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bu, tarixi nailiyyətdir və bizə əlavə inam verir.
Biz onsuz da bilirik ki, düz yoldayıq. Azərbaycan inamla inkişaf edir. Ancaq mötəbər, böyük nüfuzu olan maliyyə-iqtisadi qurumların qiymətləndirməsi, əlbəttə ki, çox önəmlidir.
Doqquz ayda bütün infrastruktur layihələri uğurla icra edilmişdir və bu proses davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilmişdir. Yüz mindən çox yeni iş yeri açılmışdır, onlardan 80 mini daimi iş yerləridir.
Proqramın əvvəlindən, 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılmışdır. Bu da imkan vermişdir ki, işsizlik kəskin şəkildə aşağı düşsün və bu gün 5 faiz səviyyəsindədir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25, 30 faizdir, gənclər arasında isə 50 faizə çatır. Ancaq Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları öz rolunu oynayır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası da burada əsas rol oynayır. Çünki hələ bizim iqtisadiyyatımızda neft faktoru kifayət qədər böyük yer tutur. Baxmayaraq ki, ümumi daxili məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur, ancaq ixrac potensialımızın böyük əksəriyyəti neft-qazla bağlıdır. Onu da yaxşı bilirik ki, neft-qaz sahəsində böyük həcmdə iş yerlərinin yaradılması mümkün deyil. Ona görə bizim əsas hədəfimiz qeyri-neft sektoru idi. O sektorda iş yerlərinin açılması əlbəttə ki, işsizliyin aşağı düşməsinə xidmət göstərmişdir.
Sosial proqramlar icra edilir, doqquz ayda maaşlar, pensiyalar, orta əmək haqqı artmışdır. Sosial layihələr icra edilir, - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri, mədəniyyət ocaqları, – bu sahəyə də böyük diqqət göstərilir və bizim investisiya portfelimizdə sosial layihələrə xərclənən vəsait kifayət qədər böyükdür.
Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün önəmli addımlar atılmışdır. Bu il də böyük vəsait ayrılmışdır ki, köçkünlər yeni evlərlə təmin olunsunlar. Bu proses gedir və gələn il də təbii ki, davam etdiriləcəkdir.
Bir sözlə, ölkəmizin hərtərəfli inkişafı imkan verir ki, biz gələcək planlarımızı da müəyyən edək. Bu planlar ictimaiyyət üçün aydındır, bəllidir. Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramı, konsepsiyası - “2020 konsepsiyası” var və əlbəttə ki, bu layihələrin, infrastruktur layihələrinin icrası imkan verəcək ki, dinamik inkişaf davam etsin.
Bakı və onun qəsəbələri proqramı icra edilir. Bu proqram çərçivəsində onlarla məktəb təmir edilib, tikilib, uşaq bağçalarının sayı artır və təminat yaxşılaşır.
Bakı qəsəbələrində infrastruktur layihələri icra edilir. İlk növbədə, su-kanalizasiya layihələri, ondan sonra kənd yolları tikilir.
Yəni bu da, hesab edirəm ki, çox vaxtında qəbul edilmiş proqram idi. Həm regionların, həm də Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət proqramları paralel şəkildə icra edilir və əminəm bu, bizə imkan verəcək ki, növbəti 2-3 il ərzində ölkə qarşısında duran əsas infrastruktur layihələrini başa çatdıraq. Əlbəttə ki, bu, bizim gələcək inkişafımıza müsbət təsir göstərəcək. Ona görə ki, böyük investisiya layihələri artıq arxada qalır. Bu, imkan verəcək ki, biz büdcə vəsaitini yeni istiqamətlərə yönəldək. Biznesin təşviqi, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı üçün daha da böyük həcmdə vəsait nəzərdə tutaq. Çünki hələ dövlət investisiya xərclərinin təbii ki, böyük hissəsi infrastruktur layihələrinə yönəlibdir. Su anbarları, magistral yollar, digər layihələr, dəmir yolları, o cümlədən içməli su, kanalizasiya layihələri, Oğuz-Qəbələ-Bakı su kəməri – bu nəhəng infrastruktur layihələri böyük vəsait tələb edən layihələrdir. O cümlədən gəmiqayırma zavodu, yeni beynəlxalq dəniz ticarət limanı, yəni, bütün bu layihələr artıq icra edilib, ya da onların icrasına az qalıbdır. Ona görə biz növbəti illərdə büdcə xərclərini daha çox dayanıqlı inkişafı təmin edən layihələrə yönəltməliyik.
Bax, bizim konseptual yanaşmamız bundan ibarətdir. İnfrastruktur layihələri icra edilməli idi ki, şərait yaradılsın. Biznesin inkişafı üçün aparılan islahatlar müsbət rol oynamışdır. Sahibkarlığın inkişafına həm siyasi, həm maliyyə dəstəyi göstərilmişdir və göstərilir. Beləliklə, ölkənin dinamik inkişafı təmin edilmişdir və bu gün Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bu yaxınlarda IV Bakı Beynəlxalq Forumunda iştirak edən BMT-nin İnkişaf Proqramının direktorunun çıxışında da səsləndi ki, Azərbaycanda yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübə çox önəmlidir və başqa ölkələr üçün də örnək ola bilər. Yoxsulluğun azaldılması bilavasitə bizim iqtisadi siyasətimizlə və sosial siyasətlə bağlıdır. Mən bunu dəfələrlə demişəm, bu bizim siyasətimizdir ki, sadəcə olaraq iqtisadi islahatlarla məşğul olmamalıyıq. Biz sosial sahəyə böyük diqqət göstərməliyik. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda bunun əksini görürük. Biz böyük sosial layihələri icra etmişik. Vaxtilə sovet dövründən qalan əmanətləri kompensasiya şəklində MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla insanlara qaytardıq. Maaşlar, pensiyalar durmadan artır. Bir daha demək istəyirəm ki, yanaşmamız bundan ibarətdir və bu da ölkə qarşısında yeni imkanlar açır.
Əfsuslar olsun ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmamışdır.
Bunun başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır. Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bunlar məsələnin həlli üçün əsas sənədlərdir. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul etmişlər. Yəni hüquqi cəhətdən bizim mövqeyimiz kifayət qədər möhkəmdir.
İqtisadi cəhətdən əlbəttə ki, Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızdakı uçurum daha da dərinləşəcək. Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur. Çünki ölkə tənəzzülə uğrayıbdır. Nə qədər ki, Ermənistanda kriminal diktatura rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcəkdir. İndi də Ermənistanı müstəqil ölkə adlandırmaq mümkün deyil.
Biz isə inkişaf edirik. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən bizim kifayət qədər imkanlarımız var. Ordu quruculuğu Azərbaycanda uğurla gedir və gedəcəkdir. Üçüncü rübdə təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatına da bizim hərbçilərimiz layiqli cavab vermişlər. Onlarla işğalçı məhv edilmişdir. Onlara böyük sarsıdıcı zərbə vurulmuşdur. Sadəcə olaraq onlar çalışırdılar ki, Soçi görüşü ərəfəsində özləri üçün daha da əlverişli mövqe əldə etsinlər. Ancaq onların səyləri iflasa uğradı və nəticə etibarilə erməni əsgərləri məhv edildi. Bunun da əsas günahkarı Ermənistanın kriminal rejimidir.
Bir də demək istəyirəm ki, bizim prinsipial mövqeyimizə heç bir qüvvə təsir edə bilməz. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır. Mən dəfələrlə demişəm, bir də demək istəyirəm ki, demoqrafik amil də az rol oynamır. Ermənistanın rəsmi statistikasına görə, təkcə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıbdır. Yəni 80 min erməni vətəndaşı ölkədən gedib və qayıtmayıb. Bu meyl ilin sonuna qədər davam edəcək və beləliklə, Ermənistanda 100 mindən artıq əhali azalacaqdır. Azərbaycan əhalisi isə artır və artacaq. Bu da öz növbəsində gələcəkdə münaqişənin həlli üçün və ümumiyyətlə, regional mənzərə üçün əsas rol oynayacaq. Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsinin bir neçə səbəbi var: korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq. Əlbəttə ki, təmas xəttində son hadisələrdən sonra bu kütləvi köç daha da geniş vüsət almışdır. Əgər Ermənistan bir daha təxribata əl atsa, yenə də layiqli cavab alacaq və görəcək ki, bu təxribat yeni köç dalğasına təkan verəcəkdir. Bir sözlə, bir də demək istəyirəm ki, Azərbaycan ictimaiyyəti də bilsin, biz öz prinsipial mövqeyimizdən geri çəkilməyəcəyik. Çalışırıq, çalışacağıq ki, məsələ öz həllini tapsın və tapacaqdır.
Keçən rübdə ölkəmiz üçün tarixi hadisə baş vermişdir. “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Böyük, təntənəli mərasim keçirilmişdir. Bu layihənin icra edilməsi əlbəttə ki, tarixi hadisədir. Heç kəs üçün sirr deyil ki, burada əsas rolu Azərbaycan oynayıbdır. Bu, bizim təşəbbüsümüz, bizim resurslarımız idi. Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik. Əminəm ki, yaxın gələcəkdə “Cənub” qaz dəhlizi tikiləcək, istifadəyə veriləcək və ölkəmizin bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq.
Kəmərin tikintisi zamanı minlərlə, on minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək, yüzlərlə Azərbaycan şirkəti podratçı kimi iştirak edəcək. Yəni bu, ölkəmizə böyük gəlir və siyasi dividend gətirən bir layihədir, tarixi layihədir. Biz fəxr edirik ki, Azərbaycan bu tarixi layihənin icraçısıdır, lider dövlətdir. Bu hadisə doğrudan da tarixdə qalacaq. Keçən əsrin sonlarında “Əsrin kontraktı” imzalanmışdı. O, XX əsrin kontraktı idi. Bu layihə isə XXI əsrin layihəsidir. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik.
Bu ilin doqquz ayının əsas istiqamətlərini qeyd etdim. Əlbəttə ki, bu aylar ərzində çox önəmli hadisələr baş vermişdir. Onlar haqqında burada danışsam, saatlarla vaxt lazım olacaq. Sadəcə olaraq qeyd etməliyəm ki, doqquz ayın yekunları müsbətdir. İlin sonuna qədər iş davam etdiriləcək və bu ili də biz uğurla başa vuracağıq.
X X X
Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə iştirakçıları.
Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyevin Azərbaycan dövlətinin hərtərəfli inkişafına, xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasəti 2014-cü ilin III rübündə də öz müsbət nəticələrini vermişdir. Belə ki, hesabat dövrü daxil olmaqla cari ilin 9 ayında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə qeyd edildiyi kimi 2,5 faiz, onun qeyri-neft sektoru isə 6,0 faiz artmışdır. Ölkəmizin maliyyə mövqeyi daha da güclənmiş, məcmu valyuta ehtiyatlarımız 2014-cü il 1 oktyabr tarixinə 53,0 milyard ABŞ dolları səviyyəsinədək yüksəlmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8,0 faiz artım əldə edilmişdir. Məcmu valyuta ehtiyatlarımızın xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olmuşdur. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, xarici dövlət borcumuzun ümumi daxili məhsula nisbəti isə 8,5 faiz səviyyəsində qərarlaşmışdır.
Ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılmışdır.
Dünyanın aparıcı üç beynəlxalq reytinq agentliyi tərəfindən ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqləri bir daha təsdiqlənmiş, Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlmişdir.
Qeyd olunan reytinqlər Azərbaycan Respublikasının investisiya baxımından cəlbedici ölkələr sırasında aparıcı ölkələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirir.
Bunun bariz nümunəsi 2014-cü il sentyabrın 20-də Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edəcək “Cənub” qaz dəhlizinin Bakıda təməlinin qoyulması olmuşdur. Bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın qarşıdakı onilliklər ərzində Avropa enerji təchizatında rolunun daha da artmasına, dövlətimizin texnoloji və iqtisadi inkişafına, xalqımızın firavan yaşamaşına əlavə təkan verəcəkdir.
Təməli qoyulan çoxmilyardlı investisiya-qaz layihəsi 20 il əvvəl ulu öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi ənənənin davamı, Sizin, cənab Prezident, gərgin zəhmətinizin və siyasi məharətinizin nəticəsi olaraq, Avropanın enerji təminatı ilə bağlı ilk andan tutduğunuz mövqenin nə dərəcədə düzgün olduğunu sübut etdi və son illər ərzində yürütdüyünüz enerji strategiyasına verilən beynəlxalq dəstəyin miqyasını göstərdi.
Hörmətli cənab Prezident, 2014-cü ilin 9 ayında dövlət büdcəsinin mədaxili operativ məlumata əsasən 101,2 faiz yerinə yetirilməklə 14 milyard 71 milyon manat təşkil etmişdir.
Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 101,8 faiz əməl etməklə dövlət büdcəsinə 5 milyard 324 milyon manat, 2013-cü ilin eyni dövrünə nisbətən isə 394 milyon manat və yaxud 8 faiz çox mədaxil təmin etmişdir. Dövlət Gömrük Komitəsi isə 100,1 faiz və yaxud 2013-cü ilin eyni dövrünə nisbətən 123 milyon manat, yaxud 12,2 faiz çox mədaxil təmin etmişdir. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 662,0 milyon manat və yaxud 17,5 faiz çox olmaqla, 4 milyard 454 milyon manat təşkil etmişdir.
2014-cü ilin 9 ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin 9 ayında dövlət büdcəsinin xərcləri 12 milyard 694 milyon manat və yaxud 86,0 faiz icra olunmuşdur.
Ötən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşür ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 252,0 milyon manat və ya 8,9 faiz çoxdur.
2014-cü ilin 9 ayında dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 4 milyard 172 milyon manat təşkil etmişdir.
Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 1 milyard 401 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 2 milyard 184 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 44,0 milyon manat, müdafiə təyinatlı və digər layihələrin maliyyələşdirilməsi üçün 545,0 milyon manat vəsait yönəldilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədlərinə cari ilin dövlət büdcəsindən 1 milyard 292 milyon manat vəsait sərf edilmişdir.
Hesabat dövründə əhaliyə tibbi xidmətin keyfiyyətinin artırılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkənin turizm və idman potensialının genişləndirilməsi, xalqımızın nadir incilərindən olan xalçaçılığın təşviqi, milli mədəniyyətin öyrənilməsi və digər sahələr üzrə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına maliyyələşdirilən bir sıra layihələr istifadəyə verilmişdir, o cümlədən Bakı Sağlamlıq Mərkəzi, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, yeni Xalça Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbə, Milli Gimnastika Arenası, Göygöl Olimpiya İdman Kompleksi.
Nəqliyyat sahəsində ölkəmizin tranzit potensialının gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik olacaq, Qafqaz və Orta Asiya məkanında ən iri hesab olunan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin bərə terminalı istismara verilmişdir.
Naxçıvan Muxtar Respublikasında “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları, Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının tikintisi başa çatdırılmışdır.
Şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2014-cü ilin 9 ayında dövlət büdcəsinin müvafiq xərc bölmələrindən 257,0 milyon manat, o cümlədən kəndlərarası yolların inşasının başlanması üçün ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 29,0 milyon manat vəsait ayrılmışdır.
Ölkə regionlarının qazlaşdırılması proqramı çərçivəsində hesabat dövründə 60,0 milyon manat ayrılmış, bütövlükdə isə proqramın icrası üçün yönəldilmiş vəsaitin həcmi 620,0 milyon manata çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikasının, ölkənin rayon və şəhərlərinin əhalisinin içməli su ilə təmin edilməsi üçün ilin əvvəlindən 256,0 milyon manat vəsait sərf edilmişdir.
Ölkə iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına yönələn dövlət dəstəyi tədbirləri hesabat dövründə də davam etdirilmiş, dövlət büdcəsindən bu məqsədə müvafiq vəsaitlər ayrılmışdır.
Kənd əməkçilərinə, fermerlərə və sahibkarlara göstərilən qayğının təzahürü olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan və dövlət büdcəsindən maliyyələşən güzəşt 50 faizdən 70 faizədək artırılmışdır.
“Aqrolizinq” Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən cari ildə verilmiş 32,0 milyon manat vəsaitlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsulları istehsalçılarına taxılyığan kombaynların alınması, xaricdən damazlıq heyvanların idxalı və Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üçün 30,0 milyon manat vəsait ayrılmışdır.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün cari ildə 105,0 milyon manat vəsait sərf edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz və yaxud 3,0 milyon manat çox deməkdir.
Sahibkarlara güzəştli kreditlərin verilməsi üçün dövlət büdcəsindən cari ildə Sahibkarlığa Kömək Milli Fonduna 150,0 milyon manat vəsait ayrılmışdır və bununla da dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin ümumi həcmi 830,0 milyon manata çatdırılmışdır.
Cənab Prezident, tapşırığınıza uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarının əmlak mənafelərinin daha etibarlı qorunmasına şərait yaradılması məqsədilə “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi hazırlanmışdır.
Bununla yanaşı, təbii fəlakətlər nəticəsində ölkə vətəndaşlarının əmlakına və dövlətə dəyə biləcək ziyandan sığortalanma mexanizmlərinin dünya təcrübəsi təhlil olunmaqla yaradılması üzrə də hazırlıq işləri davam edir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Asan xidmət” mərkəzlərinin maddi-texniki təminatının yaxşılaşdırılması, Agentliyin regional mərkəzlərinin yaradılması və işçi heyətlə komplektləşdirilməsi, səyyar “asan xidmətlər”in əhatə dairəsinin genişləndirilməsi üçün dövlət büdcəsindən üst-üstə 22,0 milyon manat vəsait ayrılmışdır.
Möhtərəm cənab Prezident, 2015-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəricilərinin tərtibi üzrə hazırlıq prosesi qanunvericiliklə müəyyən edilmiş müddətdə başa çatdırılmış, müvafiq büdcə layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ali diqqətinizə təqdim olunmuşdur.
Layihə dünyadakı və regiondakı iqtisadi inkişaf meyillərinə, o cümlədən xammal bazarındakı vəziyyətə nəzər salmaqla, artan regional geosiyasi gərginliyin qonşu dövlətlərə, dolayısı ilə ölkəmizə və onun sosial iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirləri qiymətləndirilməklə, bu çağırışlarla bağlı büdcədə adekvat həcmdə ehtiyatlar yaradılmaqla tərtib edilmişdir. Bu zaman tapşırığınıza uyğun olaraq büdcə layihəsində sosial məsələlərin, aztəminatlı əhali təbəqəsinə dövlət dəstəyinin ənənəvi olaraq prioritetliyi saxlanılmaqla dövlətimizin müdafiə qüdrətinin bundan sonra da möhkəmləndirilməsi, Bakı şəhərində ilk Avropa Oyunlarının keçirilməsi və icrasına başlanılmış dövlət proqramlarının davam etdirilməsi üçün maliyyə təminatının yaradılmasına üstünlük verilmişdir.
Möhtərəm cənab Prezident, çıxışımın sonunda icazə verin Sizi əmin edim ki, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2014-cü büdcə ilinin layiqincə başa çatdırılması və müəyyən etdiyiniz inkişaf hədəflərinə nail olunması üçün Maliyyə Nazirliyinin kollektivi səylərini daha da artıracaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyiniz altında həyata keçirilmiş ardıcıl tədbirlər sayəsində ekoloji durumun yaxşılaşdırılması istiqamətində tarixi əhəmiyyət daşıyan nailiyyətlər əldə olunmuşdur. Bilavasitə Sizin tapşırıq və tövsiyələrinizlə biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, geoloji kəşfiyyat, içməli suyun ekoloji keyfiyyətinin artırılması, tullantıların və çirkab suların idarə olunması, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. sahələrdə inqilabi dəyişikliklər baş vermişdir.
Hörmətli cənab Prezident! İcazə verin, nazirlik tərəfindən ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülmüş və hazırda həyata keçirilən işlər barədə məlumat verim.
Meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsindəki göstəricilər durmadan yaxşılaşır. Həyata keçirilmiş tədbirlər nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır. Son 10 il ərzində 103 min hektar sahədə meşə-bərpa işləri aparılmış və yeni meşələr salınmış, 80 milyon ağac yetişdirilmişdir.
Təkcə 2014-cü ilin 9 ayı ərzində meşə fondu torpaqlarında 1 144 hektar sahədə yeni meşələr salınmış və meşə səpini işləri aparılmış, 2 milyon 242 min ağac əkilmişdir.
Sizin tapşırığınıza əsasən paytaxtda və respublikamızın bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almış, son 10 ildə meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 milyondan artıq müxtəlif növ ağac və kol əkilmişdir.
Qeyd etmək istəyirəm ki, son 4-5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı tarixdə görünməmiş nəhəng, müasir metodlara əsaslanan yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3405 hektar ərazidə 3,5 milyon ağac əkilmiş, ərazi 10 min kilometrdən çox uzunluğunda müasir damcılı suvarma sistemləri ilə təmin olunmuşdur.
8160 kubmetr həcmində 10 yeraltı dəmir-beton su anbarı, 200 min kubmetr həcmində 7 torpaq su anbarı, 18 nasosxana, 40-dək müxtəlif tikililər inşa edilmiş, 10 kilometrlərlə elektrik xətləri çəkilmiş, onlarla transformator quraşdırılmış, alternativ su mənbələri yaratmaq üçün 42 kilometr iritutumlu su xətləri çəkilmiş, minlərlə kubmetr gübrə daşınmış və ərazilərə verilmişdir.
Bu layihələr çərçivəsində müxtəlif bölgələrdə 1700 hektar sahədə 1,1 milyondan artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilmişdir. Məlumat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hazırda 900 hektara qədəri qorunub saxlanılmışdır. Sizin göstərişinizlə son 2 il yarımda əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfə artaraq 2 600 hektara çatmışdır.
Qeyd etmək lazımdır ki, damcılı suvarma sistemlərinin qurulması və müvafiq qulluq nəticəsində, sərt şəraitə baxmayaraq, arid sahələr və yüksək minerallaşmış torpaqlarda salınmış yaşıllıqlarda yüksək bitiş faizi (95-98 %) təmin olunmuşdur. 2012-ci ildə salınmış bağlar artıq məhsul verməyə başlamışdır ki, onlardan indi toxum kimi istifadə olunur, lakin növbəti illərdə əmtəə xarakterli məhsul gözlənilir.
Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi ilə bağlı verdiyiniz tapşırığa əsasən tükənməyən mənbə olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün infrastruktur imkanları 20 min kubmetr olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 kubmetr gücündə avadanlıq quraşdırılmış zavod və müasir tinglikdən ibarət kompleks inşa edilmişdir. Faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsidir.
Bu gün zavodda istehsal olunan su ətraf ərazidə salınmış yaşıllıqların suvarılmasında istifadə edilir. Hazırda Ələt-Astara magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması işləri davam edir. Əkinlərin əksəriyyəti zeytunluq olan bu ərazilərdə suvarmaya yararlı suyun məhdud olması dəniz suyunun duzsuzlaşdırılma həcminin artırılması zərurətini yaratmışdır. Bunun üçün əlavə tikinti-quraşdırma işləri aparmadan duzsuzlaşdırma kompleksinin gücünü qısa zamanda 4 dəfə artırmaq mümkündür və buna ehtiyac var.
Bundan başqa, Şirvan kanalının nisbətən az duzlu suyunun Xəzər dənizinə axıdılmaqdansa, duzsuzlaşdıraraq suvarmada istifadə edilməsi daha məqsədəuyğun olardı.
Bioloji müxtəlifliyin qorunub saxlanılması fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır.
Qızılağac Dənizkənarı Milli Parkının və “Zaqatala-Balakən Biosfer Rezervatının” formalaşdırılması istiqamətində iş gedir və bu prosesin yekunlaşması ilə xüsusi mühafizə olunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcəkdir ki, bu da dünyada qəbul olunmuş orta səviyyədən (11-12 %) artıqdır.
Bu gün əsas diqqət xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılmasına yönəldilmişdir. Qısa zaman ərzində Şahdağ Milli Parkının nümunəvi infrastrukturu qurulmuş, Şirvan və Hirkan Milli Parklarında ekoturizm şəhərcikləri yaradılmışdır. Göygöl və bir sıra digər milli parklarda ekoturizm mərkəzlərinin yaradılması işləri yekun mərhələyə çatmışdır.
2014-cü ilin ilk 9 ayı ərzində vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilmiş və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində bu günədək 150 başadək ceyran öz tarixi areallarına köçürülmüşdür.
Alim və mütəxəssislərin iştirakı ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növləri haqqında toplanmış məlumatlar əsasında Azərbaycanın Qırmızı Kitabının 2 cilddən ibarət 2-ci nəşri çap olunmuşdur.
Xəzərin bioresurslarının bərpası istiqamətində də işlər aparılır. Hazırda müasir Xıllı nərə balıqartırma zavodunda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqdan ibarət bərpa-törədici fond yaradılmışdır. 2013-cü ildə Azərbaycanda ilk dəfə olaraq burada süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilmişdir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır.
2014-cü ilin 9 ayı ərzində su bioloji resurslarının artırılması sahəsində 419 milyon ədəd balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılmışdır. Bunlardan 6,2 milyon ədədi - nərə cinsli, 172 mini isə qiymətli qızıl balıq körpələri olmuşdur.
Möhtərəm cənab Prezident! Sizin ekoloji məsələlərə göstərdiyiniz diqqət nazirlik əməkdaşlarının əzmkarlığının və həyata keçirilən tədbirlərin effektivliyinin artmasına səbəb olmuşdur. Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna daxilolmalar son 10 ildə 14 dəfə artaraq 2013-cü ildə 3 milyon 232 min manata çatmışdır. 2014-cü ildə bu rəqəm 1 milyon 150 min manat da artmışdır.
Sizin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə tapşırıqlarınızın icrasını təmin etmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən atmosfer havasını çirkləndirən müəssisələrdə ciddi araşdırmalar aparılmış, belə müəssisələrin siyahısı hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Atmosferə zərərli maddələr atan 21 istehsalat sahəsinin fəaliyyəti dayandırılmış, köhnə texnologiyalı 32 müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır. Atmosfer havasını normadan artıq çirkləndirən 17 mənbə ləğv edilmişdir. Bu sahədə tədbirlər davam etdirilir.
2014-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ağacların kəsilməsinə qarşı daha ciddi tədbir görülməsi ilə bağlı tapşırığınızdan sonra bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və məsuliyyətin sərtləşdirilməsi üçün tədbirlər görülmüş, “Yaşıllıqların mühafizəsi haqqında” Qanun qəbul olunmuş, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər edilir.
Nəzarət tədbirlərinin gücləndirilməsi nəticəsində mənfi halların və bununla bağlı şikayətlərin sayı azalmışdır. Qeyd etmək lazımdır ki, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının, xüsusilə də IDEA İctimai Birliyinin bu mübarizəyə qoşulması yaşıllıqların mühafizəsi tədbirlərinin effektivliyinin artmasına səbəb olmuşdur.
Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılır.
Təkcə 2014-cü ildə Azərbaycanda istehsal olunan 9 avtomat meteostansiya quraşdırılaraq işə salınmış və hazırda respublika ərazisində fəaliyyət göstərən 29 avtomat meteostansiyaların hamısı günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunmuşdur. Hazırda hətta Tufandağda 4100 metr yüksəklikdə quraşdırılmış stansiyadan avtomatik məlumatlar alınır.
Hörmətli cənab Prezident! Sizin göstərişləriniz əsasında bütün bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən ardıcıl tədbirlər sayəsində ölkədə real irəliləyişlər əldə olunmuşdur.
SSRİ-dən ayrılanda və Kioto protokoluna qoşulanda Azərbaycan atmosferə ildə 71 milyon ton istilik effekti yaradan qaz tullantıları atırdı. O dövrdə iqtisadiyyatın tənəzzülü nəticəsində tullantıların həcmi 34 milyon tona düşmüşdü. Hazırda Azərbaycan iqtisadiyyatı 4 dəfə böyümüş, lakin tullantılar hələ də baza ilinə nisbətdə 70 faiz səviyyəsində qalmışdır.
Buna ətraf mühitlə bağlı tədbirlərdən başqa, davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi, ekoloji təmiz sənayenin və bərpa olunan enerji sektorunun inkişafı, enerji effektivliyinin artırılması hesabına, ən əsası isə Azərbaycanın öz resursları hesabına nail olunmasıdır.
Məhz bunun nəticəsi kimi, son zamanlar beynəlxalq ekoloji ictimaiyyət, mətbuat orqanları və sosial şəbəkələr tərəfindən Azərbaycanda təkcə iqlim dəyişmələrinin qarşısının alınması deyil, ümumilikdə ətraf mühitlə bağlı problemlərin həllində əldə olunmuş nailiyyətlər yüksək qiymətləndirilir, Azərbaycanın bu sahədə liderliyi ələ aldığı qeyd edilir. İqlim dəyişmələri üzrə dünyada tanınmış QHT olan İqlim Fəaliyyət Şəbəkəsi (Climate Action Network) Azərbaycanın bu sahədəki ambisiyalarını belə dəyərləndirib: “Bu neft-qaz hasil edən ölkə (Azərbaycan) bundan sonra da təbii ehtiyatlarının hesabına yaşaya biləcəyinə baxmayaraq, ölkənin rəhbərliyi sözdə deyil, əməldə az karbon tullantılı istehsalatın inkişafına üstünlük verir...”.
Cənab Prezident! Təşəbbüsünüzlə həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə etmiş və effektiv nəticələr verən “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” üzrə fəaliyyət davam etdirilir. 2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq 7 ildir ki, uğurla istismar olunur.
Onu da qeyd etmək istərdim ki, bu müddət ərzində qazanılmış təcrübə nəzərə alınaraq, yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında sutəmizləyici qurğuların ölkədə istehsalı təşkil edilmiş və 2014-cü ildə 50 kənddə məhz Azərbaycanda istehsal olunmuş modul tipli sutəmizləyici qurğuların quraşdırılması üzrə işlər tamamlanır.
Təcrübə göstərdi ki, yaşayış məntəqələrinin qısa müddətə təmiz su ilə təmin edilməsi kimi müasir yanaşma uğurlu olmuş və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Proqramla hələ əhatə olunmamış digər yaşayış məntəqələrində də sutəmizləyici qurğuların quraşdırılması barədə icra hakimiyyətləri və yerli idarəetmə orqanları, əsasən də əhalidən çoxsaylı müraciətlər daxil olur.
Tapşırığınıza əsasən bu işin davamı kimi içməli suyun keyfiyyəti aşağı olan və müvafiq icra hakimiyyəti tərəfindən təklif olunmuş 535 min nəfərdən artıq əhalisi olan daha 400 kəndin siyahısı aidiyyəti üzrə təqdim edilmişdir.
Hazırda 38 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır. Bununla da regionlarda 310 yaşayış məntəqəsinin modul tipli təmizləyici qurğuların quraşdırılması hesabına keyfiyyətli içməli su ilə təmin edilmiş əhalisinin sayı 500 mini keçmişdir.
Çıxışımı yekunlaşdıraraq Sizi əmin etmək istərdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Sizin əzm və iradə ilə həyata keçirdiyiniz müasir dövlət quruculuğu istiqamətində fəaliyyətinizə bundan sonra da tam dəstək olacaqdır və bu istiqamətdə Sizin bütün tapşırıqlarınızı layiqincə yerinə yetirəcəkdir.
Diqqətinizə görə minnətdaram.
X X X
Gənclər və idman naziri Azad RƏHİMOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətləri və qətiyyəti sayəsində ölkəmizdə formalaşmış ictimai-siyasi sabitlik və dinamik inkişaf bütün sahələrdə olduğu kimi gənclərlə iş və idman sahələrində də ildən-ilə nailiyyətlərimizin artmasına səbəb olmuşdur.
Hesabat dövründə gənclərin vətəndaşlıq tərbiyəsi və cəmiyyətdə iştirakı, intellektual və yaradıcı gənclərin inkişafı üçün şəraitin yaradılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi, gənclər siyasəti infrastrukturunun təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, regionda yaşayan gənclərin fəallığının artırılması məsələlərinə xüsusi diqqət ayrılmışdır.
Gənclər, bədən tərbiyəsi və idman siyasətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə “2014-2024-cü illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2014-2020-ci illər üçün Milli Strategiya”nın layihələri hazırlanmışdır.
Hazırda ölkəmizdə gənclər əhalinin təxminən 30 faizini təşkil edir. Onların inkişafı, xüsusilə regionlarda yaşayan gənclərin məlumatlandırılması və sosial xidmətlərin göstərilməsi məqsədilə Sizin tapşırığınız əsasında ölkədə “Gənclər evləri” şəbəkəsi yaradılır. 2014-cü ildə nazirliyin sifarişi ilə 4 gənclər mərkəzi yaradılmışdır. Naxçıvan, Xəzər, Suraxanı və Sabunçu gənclər evi də daxil olmaqla, qısa müddət ərzində ölkədə artıq 31, ilin sonunadək daha ən azı 3, 2015-ci ilin sonunadək isə təkcə “Dövlət Proqramı” çərçivəsində 7 belə müəssisə inşa ediləcəkdir.
İntellektual və yaradıcı gənclərin inkişafı üçün stimulların yaradılması vacib prioritetlərdəndir. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq yüksək nailiyyətlər əldə etmiş 6 nəfər gənc hər biri 10 min manat olmaqla “Gənclər üçün Prezident Mükafatı” ilə təltif edilmişdir.
Bu ilin may ayında “Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları” adlı Gənc Alimlərin Beynəlxalq Bakı Forumu keçirilmişdir. Dünyanın 96 ölkəsindən 400-dək iştirakçı elmin müxtəlif sahələri üzrə müzakirələrə qatılmışdır.
Hesabat dövründə respublikanın bütün rayon və şəhərlərindən seçilmiş 1900 nəfər nümayəndənin iştirakı ilə Azərbaycan Gənclərinin VII Forumu keçirilmişdir. Ali toplantı tərəfindən Sizin rəhbərliyiniz altında aparılan işlər yüksək dəyərləndirilmiş və növbəti dövr üçün vəzifələr müəyyənləşdirmişdir.
Son on il ərzində ölkədə gənclərin qeyri-hökumət təşkilatlarının sayı 6 dəfəyədək artaraq 51-dən 300-ə çatmışdır. Onlara dövlət tərəfindən göstərilən dəstəyin həcmi bu müddətdə dəfələrlə artmışdır. Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2014-cü ildə təkcə nazirlik tərəfindən keçirilən müsabiqədə ümumi məbləği 2 milyon manatdan artıq olan və 115 min avro olan 110 layihə dəstəklənmişdir. Qeyri-hökumət təşkilatları ilə iş sahəsində yeni elektron xidmətlər yaradılıb, xüsusi saytda tam məlumat bazası yerləşdirilmişdir.
Sizin şəxsi təşəbbüsünüzlə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu uğurlu fəaliyyət göstərərək, hesabat dövrü ərzində 827 layihəni dəstəkləmişdir, bunlardan 13-ü beynəlxalq layihə olmuşdur. Ümumilikdə isə Gənclər Fondu tərəfindən 2012-ci ildən başlayaraq 1457 layihə dəstəklənmişdir. Fond ölkənin hər bir şəhər və rayonunda gənclərin müxtəlif sahələrə olan maraqlarını əks etdirən layihələrin həyata keçirilməsinə nail olmuşdur.
2014-cü ildə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə 21 ölkədə “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqələri keçirilmiş, 174 qalibin ölkəmizə səfəri təmin edilmişdir. Bütövlükdə isə 2011-2014-cü illərdə bu müsabiqə 47 ölkədə keçirilmiş, 3 minədək esse təqdim edilmiş, 437 nəfər müsabiqə qalibi Azərbaycana səfər etmişdir.
2014-cü ilin yay aylarında Bakı və rayonlarda 1700 nəfərin iştirakı ilə “Azərbaycan doğma diyarımdır” adlı vətənpərvərlik yay-istirahət düşərgələri təşkil edilmişdir.
Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması daim diqqət mərkəzindədir. 2014-cü il sentyabrın 30-da Moskvada 500 gəncin iştirakı ilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) “RAGT: dialoq və fəaliyyət” adlı V Konfransı keçirilmişdir.
Tərəfimizdən 42 xarici ölkə və beynəlxalq təşkilatla ikitərəfli əməkdaşlıq müqaviləsi icra edilir. Azərbaycanın gənclər təşkilatları 30-dan artıq beynəlxalq qurumun tamhüquqlu üzvüdür və 5 beynəlxalq platformanın yaradılması təşəbbüsü ilə çıxış etmişdir.
Dövlət gənclər siyasətinin həyata keçirilməsində Azərbaycanın 20 il ərzində əldə etdiyi nailiyyətlər və inkişaf səviyyəsi beynəlxalq qurumlar tərəfindən də qeyd edilir. Məhz bu səbəbdən BMT-nin İnkişaf Proqramı, UNESCO, Avropa Şurası və BMT Baş Katibinin Gənclər üzrə xüsusi elçisinin ofisinin birgə qərarı ilə Gənclər Siyasəti üzrə I Qlobal Forum Bakıda keçiriləcəkdir. 2014-cü il oktyabrın 28-30-da keçiriləcək Forumda BMT-yə üzv ölkələrdən 700 nümayəndə və ekspertin iştirakı nəzərdə tutulub.
Hörmətli cənab Prezident! Hesabat dövründə ölkəmizdə 120 respublika, 32 beynəlxalq səviyyəli yarış keçirilmiş, 130 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunmuş, dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında 108 qızıl, 162 gümüş, 283 bürünc olmaqla ümumilikdə 553 medal qazanılmışdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 72 medal çoxdur.
Əlamətdar haldır ki, 2014-cü il iyulun 14-28 tarixlərində Çin Xalq Respublikasının Nanjinq şəhərində keçirilmiş Yeniyetmələrin II Olimpiya Oyunlarında idmançılarımız 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 ölkə arasında 10-cu yeri tutaraq tarixi qələbəyə imza atmışlar. Bu nəticə ilə komandamız Avropa ölkələri arasında 6-cı, MDB ölkələri arasında 3-cü, İslam ölkələri arasında isə 1-ci yerdə olmuşdur.
2014-cü il ölkəmizdə idman hadisələri ilə zəngin olmuşdur. Belə ki, Bakı şəhərində Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edən və 100-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresi, 38 ölkədən 700-ə yaxın idmançının iştirakı ilə atletika üzrə Avropa Təsnifat Turniri, 33 ölkənin 500-dən çox gimnast və rəsmi nümayəndə heyətinin iştirakı ilə bədii gimnastika üzrə 30-cu Avropa çempionatı və digər beynəlxalq tədbirlər keçirilmişdir.
Ötən dövr ərzində Avropa Oyunlarına hazırlıq işləri davam etdirilmişdir. Avropa Olimpiya Komitəsi tərəfindən Avropa Oyunlarına hazırlıq işlərinə nəzarət məqsədi ilə təsis edilmiş Koordinasiya Komissiyasının Bakı şəhərində 2 iclası keçirilmiş, təqdim olunan hesabatlarda yüksək səviyyədə hazırlıq qeyd edilmişdir. Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra böyük şəhərlərində və paytaxtlarında Avropa Oyunlarının təqdimatları uğurla keçirilmişdir.
Hazırda “Bakı-2015” Avropa Oyunları üzrə Əməliyyat Komitəsində 940 nəfər çalışır ki, onların 63 faizini yerli mütəxəssislər və gənclərimiz təşkil edir. Əməliyyat Komitəsi tərəfindən təsis edilmiş Məzunlar Akademiyasını bitirmiş 200 gənc Əməliyyat Komitəsində işlə təmin edilmişlər. Ümumilikdə Komitədə dünyanın 39 ölkəsindən mütəxəssislər çalışırlar.
Aparılan danışıqlar nəticəsində Avropanın 19, o cümlədən Fransa, İtaliya, Almaniya, Türkiyə və Avstriya, Avropadan kənarda isə 47 ölkədə Oyunların yayımlanmasına dair razılıq əldə edilmişdir. Bu iş davam etdirilir, ölkələrin sayı daha da artacaqdır.
Bu il noyabrın 20-22-də Bakı şəhərində Avropa Olimpiya Komitəsinin növbəti Baş Assambleyası keçiriləcək, bu Assambleyada növbəti Avropa Oyunlarını qəbul edən şəhərin adı elan ediləcəkdir.
Cari ilin aprel-iyun aylarında Azərbaycan ərazisindəki bütün ali təhsil müəssisələri və kolleclərdə 150.000 tələbə arasında Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında məlumatlılıq, könüllülüyə münasibət, idman növlərinə azarkeşliklə bağlı keçirilmiş sorğu göstərmişdir ki, gənclərimiz Avropa Oyunlarının Bakıda keçiriləcəyini məmnunluqla qarşılayır və tədbirlərdə könüllü kimi iştirak etməyə hazırdırlar. Hazırda Gənclər və İdman Nazirliyi və Gənclər Fondu Təşkilat Komitəsi ilə birlikdə könüllülərin seçilməsinə start verilmişdir.
Cənab Prezident, Siz hər zaman qeyd etdiyiniz kimi, Olimpiya Oyunlarının hazırlığı üçün ölkələrə 7 il vaxt verilir, Avropa Oyunlarının hazırlığına isə bizə ayrılan vaxt cəmi 2 il yarım olmuşdur. Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcəkdir, onlardan 16-sı olimpiya idman növüdür. Əlamətdar haldır ki, 11 idman növü üzrə yarışlarda qalib gələn idmançılara Rio-de-Janeyro şəhərində keçiriləcək növbəti Olimpiya oyunlarında iştirak lisenziyaları veriləcəkdir.
İdmançıların ümumi sayı 6000-dən çox olacaqdır ki, bu rəqəm son qış olimpiya oyunları iştirakçılarının sayından 2 dəfədən çoxdur. Oyunların başlanmasına 247 gün qalmasına baxmayaraq, Təşkilat Komitəsi tərəfindən bir çox işlər görülmüş və yekun mərhələyə qədəm qoyulmuşdur.
Cənab Prezident, Sizi əmin edirik ki, Sizin rəhbərliyiniz və dəstəyinizlə Oyunlar yüksək səviyyədə keçiriləcək, bu yarışlar dünya və Avropa idman tarixinə böyük bir töhfə olacaqdır.
Möhtərəm cənab Prezident! Hesabat dövründə Sizin iştirakınızla sayca 41-ci olan Göygöl Olimpiya İdman Kompleksinin, Bakıda Milli Gimnastika Arenasının, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimləri keçirilmişdir. Eyni zamanda, Daşkəsən rayonunda Gənclərin Təlim və İstirahət Mərkəzi açılışa hazırlanmışdır.
Hazırda 9 Olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri aparılır, Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyi, 16 idman zalı və qurğusunun tikinti işləri davam etdirilir.
I Avropa Oyunları ilə əlaqədar çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol, su polosu idman növləri üzrə yarışların keçiriləcəyi Avropa Oyunları Parkının, Su İdmanı Sarayının, 68000 tamaşaçı tutumu olan Futbol stadionunun, BMX-Velosipedi veloparkının tikintisi, Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, Heydər Əliyev adına İdman Konsert Kompleksinin, Bakı İdman Sarayının əsaslı təmiri və digər obyektlərdə müvəqqəti qurğuların tikintisi davam etdirilir.
Möhtərəm cənab Prezident! Ölkəmizdə gənclərə, idmançılara Sizin daim göstərdiyiniz diqqət və qayğı, bu sahəyə olan xüsusi münasibətiniz hər bir gənci, idmançı və məşqçini, hamımızı daha böyük əzm və səylə Azərbaycana, ölkə gəncliyinə və idmana xidmət etməyə ruhlandırır. Sizi əmin etmək istərdim ki, Gənclər və İdman Nazirliyi gənclərlə iş və idman sahələrində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini bundan sonra da məsuliyyətlə yerinə yetirəcəkdir.
Diqqətinizə görə çox sağ olun.
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
-İlin sonunadək nəzərdə tutulmuş bütün məsələlər axıra qədər həllini tapmalıdır. Büdcədə kifayət qədər vəsait vardır. İnfrastruktur layihələri başa çatdırılmalıdır. Bir sözlə, 2014-cü ildə də biz qarşımıza qoyduğumuz bütün məsələləri həll etməliyik və edəcəyik.
Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Əminəm ki, belə də olacaq. İnfrastruktur layihələrinin icrası davam etdirilir. Bir sözlə, bu məsələlərlə bağlı heç bir narahatlıq yoxdur.
İlin sonuna qədər böyük layihə - Şəmkirçay Su Anbarı istifadəyə verilməlidir. Bu, son illər ərzində icra edilən ən böyük layihələrdən biridir. Böyük investisiyalar qoyulubdur. Şəmkirçayda böyük su anbarı, elektrik stansiyası, kanallar tikilir. Bu, bizə imkan verəcək ki, əkin sahələrini genişləndirək və fermerlər üçün yeni imkanlar yaranacaqdır. İlin sonuna qədər açılışı nəzərdə tutulan bu böyük layihə demək olar ki, hazırdır, tamamlanma işləri aparılır. Yaxın vaxtlarda açılışını qeyd edəcəyik.
Gələn ilin büdcəsi demək olar ki, hazırdır. İndi müzakirələr aparılır. Milli Məclisə təqdim ediləcəkdir. Əsas prioritetlər bəllidir.
Biz bu barədə dəfələrlə öz fikirlərimizi bildirmişik. Sosial layihələr tam icra edilməlidir. Əlbəttə ki, ölkəmizin inkişafını təmin edən böyük infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri nəzərdə tutulur. Məktəblərin tikintisi. Son illər ərzində 3 minə yaxın məktəb binası tikilib istifadəyə verilib. Hələ ki, qəzalı, yararsız vəziyyətdə məktəblər vardır. Əlbəttə ki, sosial infrastruktur layihələri arasında bu məsələyə üstünlük veriləcək.
Demək olar ki, bəzi istisnalarla, bütün şəhərlərimizdə müasir səhiyyə ocaqları yaradılır. Ya tikilir, ya da ki, əvvəlki illərdə tikilmiş xəstəxanalar, rayon mərkəzi xəstəxanaları əsaslı şəkildə təmir edilir. Üç-dörd şəhər qalıb ki, orada, hələ xəstəxanalar lazımi səviyyədə deyil. Yəqin ki, gələn il və 2016-cı ildə bu sahədə də işlər tam yekunlaşacaq və hər bir şəhərdə müasir avadanlıqla təchiz edilmiş gözəl tibb mərkəzləri olacaq.
Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd etmək istəyirəm. Bu sahədə son illərdə böyük irəliləyiş olub. Biz bir neçə il bundan əvvəl bu məsələ ilə ciddi məşğul olmağa başlayanda məlumat verildi ki, uşaq bağçaları ilə təminat Azərbaycanda cəmi 17 faizdir. Vaxtilə tikilmiş uşaq bağçaları ya yararsız vəziyyətə düşmüşdür, ya da əfsuslar olsun ki, özəlləşdirilmişdir və onların yerində başqa obyektlər tikilmişdir.
Uşaq bağçalarının bir hissəsində məcburi köçkünlər yerləşir. Bir sözlə, bu, çox ciddi problem idi, bu gün də hələ ki, ciddi problem olaraq qalır. Ancaq, deyə bilərəm ki, son iki-üç il ərzində uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə qalxmışdır.
Bakıda, bölgələrdə onlarla yeni bağça tikilir və bu proses davam etdirilməlidir. Vaxtilə bu bağçalar elə tikilmişdi ki, onların əraziləri kifayət qədər böyükdür. Ona görə orada yeni korpus da tikilə bilər. Yeni sahələr də ayrılmalıdır. Bu məsələlərlə bağlı müvafiq göstərişlər verilib.
Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun. Çünki Azərbaycanda sosial məsələlər uğurla icra edilir. Eyni zamanda, işsizlik kəskin şəkildə aşağı düşmüşdür. İndi bölgələrdə yeni açılan sənaye müəssisələrində, tikiş fabriklərində işləyənlərin demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Ona görə uşaq bağçalarının qıtlığı böyük problemlərə gətirib çıxarır. İşsizliklə bağlı əlavə addımlar atılacaqdır və biz çalışmalıyıq ki, ümumiyyətlə, Azərbaycanda işsizlik olmasın. Əlbəttə ki, hər bir ailədə valideynlərin hər ikisi işləyir. Belə olan halda uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır. Bir sözlə, biz bu sahəyə dövlət büdcəsində diqqət yetirməliyik. Yerlərdə də həm özəl sektor, həm də yerli icra orqanları bu işlərlə məşğuldurlar. Hesab edirəm ki, bu işi daha da sürətləndirmək lazımdır.
Gələn ilin büdcəsində əlbəttə ki, hərbi xərclərə xüsusi diqqət göstərilməlidir. Mən dəfələrlə demişəm ki, biz müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq, atəşkəs rejimi yaradılmışdır. Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Son illərdə biz bu sahədə böyük nailiyyətlərə çatmışıq. Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik.
Bununla bərabər, Azərbaycanda hərbi istehsal inkişaf edir. Bu ilin keçən rübündə ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilmişdir. Bu da son illərdə Azərbaycanda bu sahədə görülən işlərin nəticəsidir. Bu sərgiyə böyük maraq göstərilmişdir. Həm Azərbaycan öz hərbi məhsullarını təqdim etmişdir, həm də ki, dünyanın bu sahədə aparıcı ölkələri öz müasir silah və texnikalarını nümayiş etdirmişlər. Demək istəyirəm ki, dövlət büdcəmizdə əlbəttə, yerli hərbi istehsala diqqət göstərilməlidir.
Əlbəttə ki, dövlət investisiya layihələri, investisiya proqramı təsdiq ediləcək. Hesab edirəm biz bu ilin sonuna qədər bu proqramı təsdiq etməliyik ki, gələn il vaxt itirmədən investisiya layihələrini icra edək.
Onu da bilməliyik ki, bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir. Neftin qiyməti aşağı düşmüşdür və ona görə yəqin ki, hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir. Biz artıq bu barədə danışmışıq. Bir daha danışacağıq ki, büdcənin icrası ilə bağlı heç bir problem olmasın. Ümumiyyətlə, Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin.
Ancaq hər halda biz buna hazır olmalıyıq və planlarımızı buna uyğun şəkildə aparmalıyıq. Çünki dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq. Yenə də qeyd etmək istəyirəm ki, artıq müvafiq göstərişlər verilmişdir. İlk növbədə sosial məsələlər - sosial təminat, hərbi xərclər və infrastruktur layihələri tam şəkildə öz həllini tapacaq.
Əminəm ki, gələn il inflyasiyanın səviyyəsi birrəqəmli olacaq, aşağı səviyyədə olacaq. Bu, imkan verəcək ki, insanların rifah halı daim artsın. Çünki inflyasiyanın qalxması və manatın məzənnəsinin düşməsi əlbəttə, insanların həyatına mənfi təsir göstərə bilər. Ona görə həm manatın məzənnəsi sabitdir, həm də inflyasiya çox aşağı səviyyədədir. Bu amillər bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir.
Biz ixrac potensialımızı artırmalıyıq. Bu məsələlərlə bağlı çox böyük işlər görülübdür. Yeni imkanlar açılır. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaranmışdır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik.
Əvvəlki dövrdə və hazırda bu sahədə görülən işlər deməyə əsas verir ki, biz buna nail olacağıq. Çünki ilk növbədə islahatlar aparılır və kənd təsərrüfatının inkişafı üçün müasir yanaşma tətbiq edilməlidir. Biz texnika ilə təmin edirik. Həm dövlət büdcəsi, həm də Prezidentin ehtiyat fondunun hesabına müasir kənd təsərrüfatı texnikası alınıb gətirilir. Müasir elmin nəticələri Azərbaycanda tətbiq olunmalıdır.
Hesab edirəm ki, eyni zamanda, meliorasiya ilə bağlı olan layihələr – Taxtakörpü və açılışı nəzərdə tutulan Şəmkirçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi dövriyyəyə veriləcəkdir. Əlbəttə ki, biz o torpaqlarda görülən işləri bəri başdan planlaşdırmalıyıq. Çünki bu sahələrdə hansı məhsullar yetişdiriləcək, dövlət hansı addımlar atacaq – əlbəttə ki, biz bu barədə düşünürük və bu yeni imkanlardan maksimum səmərə ilə istifadə etməliyik. Çünki on minlərlə hektar torpaq sahəsi suvarılacaq və beləliklə, havanın qeyri-sabit keçməsi və quraqlığın olması bizə az təsir göstərəcəkdir.
Azərbaycanda müasir emal müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarımız dünya bazarlarına emal edilmiş şəkildə çıxarılır. Bir daha demək istəyirəm ki, hazırda ixrac potensialımızın artırılması üçün çox gözəl imkanlar var. Biz, sadəcə olaraq, gərək əlavə investisiyalarla, sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlərlə ixrac imkanlarımızı daha da artıraq. Təbii ki, biz daxili bazarımızı Azərbaycanda yetişdirilən məhsullarla təmin etməliyik. Son illərdə bu sahədə də böyük irəliləyiş var.
Demək olar ki, biz özümüzü taxıldan başqa artıq əsas ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik. Əlbəttə ki, ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün bu, çox önəmli amildir. Biz əlbəttə ki, bizim üçün ənənəvi olan bazarlara daha da böyük həcmdə məhsulla çıxmalıyıq və yeni bazarlara da yol tapmalıyıq.
Giriş sözümdə dediyim kimi, qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq. Hesab edirəm ki, bu sahədə xidmət sektoru Azərbaycanda indi xüsusi yer tutur. Turizmin inkişafı sürətlə gedir, bu ilin təcrübəsi onu göstərir. Bu il bir neçə gözəl müasir otel istifadəyə verilmişdir. Bölgələrdə turizm imkanları genişlənir. İndi bölgələrdə beşulduzlu otellər açılır. Mən o açılışların hamısında şəxsən iştirak edirəm və hesab edirəm ki, burada böyük potensial var. Biz xarici turistlərin cəlb edilməsi üçün daha da fəal işləməliyik. İndi Azərbaycan haqqında məlumatlar dünya ictimaiyyətinə kifayət qədər çatdırılır.
Müxtəlif təqdimatlar, sərgilər, mədəni proqramlar, xüsusilə birinci Avropa Oyunları ilə bağlı olan tədbirlər, prezentasiyalar mütəmadi qaydada keçirilir. Biz ölkəmizin turizm imkanlarını daha da geniş şəkildə təbliğ etməliyik. Çünki bizim gözəl təbiətimiz var, istənilən turizm növü Azərbaycanda mövcuddur. Gözəl sahillər, Xəzər dənizi, dağlar, meşələr, xizək turizmi.
Artıq infrastruktur da var. Aeroportlar, magistral yollar və bütün bölgələrdə beşulduzlu, dördulduzlu, üçulduzlu gözəl otellər yaradılır.
Bu il “Sənaye ili”dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır. Mən əvvəlki müşavirələrdə də qeyd etmişdim ki, biz ərzaq təhlükəsizliyini təmin etməliyik.
Özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. İndi biz eyni yanaşmanı inşaat materiallarına da tətbiq etməliyik. Hesab edirəm ki, bu sahədə çox gözəl inkişaf var. Yəni, biz özümüzü sementlə artıq tam şəkildə təmin etmişik. Bu il istifadəyə verilən ən böyük yeni sement zavodu bu problemi də aradan götürüb. Beləliklə, biz idxaldan asılılığımızı tam şəkildə aradan qaldırmışıq. Eyni zamanda, sement istehsalında əlavə həcmlər var və ixrac imkanlarımız da artacaq. Əlbəttə ki, hər bir istehsal sahəsi üçün belə düşünülmüş yanaşma olmalıdır, var və sadəcə olaraq, biz bu işi daha da sürətlə təşkil etməliyik. Əlbəttə, biz bilirik ki, Azərbaycana hansı inşaat materialları idxal edilir və o sahəyə daha da böyük üstünlük verməliyik. Necə ki, biz vaxtilə ərzaq məhsulları ilə bağlı eyni yanaşmanı tətbiq etmişik. Baxmışıq ki, Azərbaycana hansı ərzaq məhsulları və nə qədər idxal edilir? Onların daxili istehlakda çəkisi nə qədərdir? Biz məhz o sahələrə üstünlük verdik, kreditlər ayırdıq, fermerləri, sahibkarları səfərbər etdik və dövlət dəstəyi verildi. Biz indi məhz o sahələr, o məhsullar üzrə özümüzü təmin edirik. İnşaat materialları ilə də eyni yanaşma olmalıdır. Çünki Azərbaycanda kifayət qədər xammal da və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik. Burada alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulur və inkişaf etdirilir. Burada da böyük potensial var.
Dediyim kimi, biz artıq özümüzü sement istehsalı ilə 100 faiz təmin etmişik.
Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir. Mən texnoparklar barədə dəfələrlə danışmışam, təkrar etmək istəmirəm. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik. Azərbaycan İnvestisiya Şirkəti əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir və biz xarici investorları cəlb etməklə bu işlərdə daha da yaxşı nəticələrə nail olacağıq.
Keçən ay Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Əminəm ki, ticarət limanı yaxın iki il ərzində tam şəkildə istifadəyə veriləcək. Beləliklə, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı yaradılacaq. Onun illik yükaşırma imkanı 25 milyon ton yük və bir milyon konteynerdir. Bu, Xəzərdə ən böyük liman olacaqdır və Xəzərdə yük daşımalarının həcminin artırılması gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi başa çatır. Liman hazırdır. Gəmiqayırma zavodu keçən ilin sentyabr ayında istifadəyə verilmişdir.
Bu yaxınlarda Həştərxanda keçirilən Xəzər Zirvəsində mən öz həmkarlarıma bu barədə məlumat vermişəm və demişəm ki, onlar da bu imkanlardan istifadə edə bilərlər. Xaricdən gəmi almağa daha ehtiyac yoxdur. Bizim gəmiqayırma zavodumuz istənilən gəmini istehsal edə bilər. Burada biz Xəzəryanı ölkələr arasında əlaqələndirmə işlərini daha da yüksək səviyyədə qurmalıyıq, o cümlədən limanlar arasındakı əlaqələndirmə məsələlərinə də böyük ehtiyac var.
Hava nəqliyyatı inkişaf edir. Yeni təyyarələr alınır və keçən rübdə bir önəmli hadisə də baş vermişdir. İlk dəfə olaraq “Azərbaycan Hava Yolları – AZAL” Nyu-Yorka birbaşa uçuşları təşkil etmişdir. Bu, böyük nailiyyətdir. Bu, bir keyfiyyət nişanıdır. Çünki Amerika şəhərlərinə uçuşları təşkil etmək üçün icazə almaq prosesi kifayət qədər mürəkkəbdir. Çox böyük standartlar tələb edilir. Hazırda Bakı-Nyu-York reysi artıq həyata keçirilir. Bu da böyük nailiyyətdir. Ona görə ki, bizim vətəndaşlarımız və xarici qonaqlar birbaşa uçuşlar əldə edəcəklər. Eyni zamanda, bir daha demək istəyirəm ki, bu, artıq bizim hava yollarımızın yüksək səviyyəsini göstərir.
Gələn il məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan vəsait nəzərdə tutulur. Biz hər il təkcə tikinti işlərinə 300 milyon manat ayırırıq və minlərlə soydaşımız bu məbləğ hesabına yeni evlərlə təmin edilir. Hər il dörd min, beş min ailə - yəni, ən azı 20 min nəfər yeni evlərə köçürülür. Əlbəttə, bu işlər davam etdiriləcəkdir.
Qeyd etdiyim kimi, sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlini qoyduq. Onun da böyük rəmzi mənası var. Biz təməlqoyma mərasimini başqa gündə də keçirə bilərdik. Sadəcə fikirləşdim ki, 20 il bundan əvvəl sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır və bu, Azərbaycanın inkişafını müəyyən etmişdir. Çünki əgər o vaxt ulu öndər Heydər Əliyevin qətiyyətli yanaşması olmasaydı, o müdrik addım atılmasaydı bu gün Azərbaycan necə inkişaf edəcəkdi, - bu, böyük sualdır, - nəyin hesabına inkişaf edəcəkdi? “Əsrin kontraktı”nın imzalanması və onun uğurla icra edilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi tarixi nailiyyətlərdir. Bu kontrakt bizə imkan verir ki, iqtisadi və maliyyə imkanlarımızı artıraq. Mən hesab etdim ki, XXI əsrin layihəsi də “Cənub” qaz dəhlizidir və yaxşı olar ki, 20 il sonra məhz sentyabrın 20-də bu təməlqoyma mərasimini keçirək. Belə də oldu. Yüksək səviyyəli çoxsaylı qonaqların iştirakı ilə “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyuldu, tikintisi başlamışdır. Bu, böyük və tarixi hadisədir.
Bir daha demək istəyirəm ki, bu, növbəti onilliklər ərzində, ən azı yüz il ərzində Azərbaycana böyük xeyir gətirəcək bir layihədir. Bəlkə də bu gün o faydanın tam həcmi hələ ki, bizim üçün o qədər də aydın deyil. Çünki biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlayanda da əlbəttə, buna bir layihə kimi baxırdıq. Amma görün bu layihə nə qədər böyük dəyişikliklərə gətirib çıxarmışdır. Bizim beynəlxalq əməkdaşlığımız genişləndi, maliyyə imkanlarımız artdı.
Biz xarici ölkələrə investisiya qoymağa başlamışıq. Daxildə iqtisadi və enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik.
Ona görə “Cənub” qaz dəhlizinin inşası zamanı və inşası nəticəsində hələ bəlkə də təsəvvür edə bilmədiyimiz məsələlər də ortaya çıxacaq ki, onların hamısı Azərbaycana xeyir gətirəcək. Çünki bizim qaz resurslarımız kifayət qədər böyükdür. Bu barədə hamı bilir, məlumatlar verilmişdir. Bu layihə bizə imkan verəcək ki, öz resurslarımızı dünya bazarlarına maksimum dərəcədə çıxaraq və əhatə dairəmiz də artacaq. Çünki hazırda bir neçə ölkə bizim tərəfdaşımızdır. Ancaq o ölkələrin sayı arta bilər. Yəni, bu layihə çox böyük imkanlar açır və əlbəttə ki, Azərbaycanı çox önəmli ölkə kimi bir daha təsdiqləyir.
Mən dəfələrlə demişəm ki, bizim təşəbbüslərimiz regional əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. Eyni zamanda, demişəm, Azərbaycan bu gün bölgədə elə böyük rol oynayır ki, bizim maraqlarımızı nəzərə almadan heç bir təşəbbüs irəli sürülə bilməz. Bu layihə bizim önəmimizi daha da artıracaq və Azərbaycan güclənəcək, öz təsir imkanlarını genişləndirəcəkdir. Əlbəttə ki, bu layihənin icrası zamanı tərəfdaş ölkələrlə əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Mən artıq öz həmkarlarımla bu barədə danışmışam. Yəqin ki, gələcək aylarda bir əlaqələndirmə şurası, yaxud da, işçi qrupu yaradılmalıdır ki, bu məsələlər bütün ölkələrlə - tranzit və istehlakçı ölkələrlə müzakirə edilsin. Bu layihənin icrası yüksək ekoloji standartlar əsasında təşkil edilməlidir.
Əlbəttə ki, beynəlxalq səviyyəli standartlar tətbiq ediləcək. Çünki biz ekologiya məsələlərinə çox böyük diqqət göstəririk.
Çirklənmiş ərazilərin təmizlənməsi, ağacların əkilməsi, məişət tullantıları zavodunun tikintisi, içməli su, kanalizasiya layihələrinin icrası son illərdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişmişdir. Xəzər dənizinə axıdılan çirkab sularının qarşısı indi yeni kanalizasiya layihələrinin icrası nəticəsində alınır. Çirkab suları təmizləyici qurğulara istiqamətləndirilir. İndi Bibiheybət zonasında böyük ekoloji layihə icra edilmişdir. Bura vaxtilə neftlə çirklənmiş qara bir ərazi idi. İndi orada idman şəhərciyi tikilir və birinci Avropa Oyunlarının bir hissəsi orada keçiriləcək. İndi ora abad bir ərazi olubdur. Hətta indi orada buruqlar da vardır və hasilat davam edir. İndi biz buruqların ətrafını da abadlaşdırırıq, abadlaşdıracağıq. Əlbəttə ki, hazırda böyük ekologiya layihəsi icra edilir. Böyükşor gölünün təmizlənməsi də tarixi nailiyyətdir. Çünki onilliklərlə o gölə çirkab suları, lay suları axıdılırdı. Bu, şəhərimizin ortasında böyük bir ekoloji fəlakət idi. İndi gölün təmizlənməsi prosesi gedir.
Birinci hissə gələn ilin yayına hazır olacaqdır.
Yəni, ekologiya məsələlərinin həllinə daim diqqət göstərilməlidir. Çünki bu, həyatdır, bizim həyatımızdır, uşaqlarımızın həyatıdır, xalqımızın gələcəyidir. Biz təbiəti qorumalıyıq və çalışmalıyıq ki, vaxtilə çirklənmiş ərazilərin hamısını təmizləyək.
Mən burada “Ağ Şəhər” layihəsini də qeyd edə bilərəm. “Ağ Şəhər” Qara şəhərin ərazisində yaradılır. Burada da çox böyük rəmzi məna var. Vaxtilə xaricdən gəlmiş iş adamları Azərbaycanda neft sənayesində işləmişlər, böyük qazanc, milyardlarla vəsait əldə etmişlər. Ancaq bizim üçün nə qoyub getmişlər? Qara şəhəri qoyub getmişlər. Bu ekoloji fəlakəti qoyub getmişlər. O xarici neft baronlarının qazandıqları pulların hansı hissəsi ekoloji məsələlərə xərclənib? Oraya heç bir vəsait qoyulmamışdır. Sadəcə olaraq qazanc dalınca Azərbaycana gəlmişlər, böyük pullar əldə etmişlər. Ancaq bizə nə qoyub getmişlər? Qara şəhəri.
İndi biz - müstəqil Azərbaycan bu ekoloji fəlakəti aradan götürürük. Bu da rəmzi xarakter daşıyır ki, Qara şəhər əvəzinə “Ağ Şəhər” olacaq. “Ağ Şəhər” nəinki Cənubi Qafqazda, yaxud da, bu böyük regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcəkdir. Artıq “Ağ Şəhər”in konturları görünür.
Bax, biz bu yolla başqa layihələri də icra etməliyik. Biz buraya da iş adamlarını cəlb etməliyik. Bilirəm ki, indi Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür. Orada da bu işləri çox düzgün şəkildə təşkil etmək olar. Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyir şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər.
Biz bunu Bakıda etmişik. Vaxtilə yararsız vəziyyətdə olan sənaye sahələrində görün nələr yaratmışıq. Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tikilibdir. O da bir ekoloji fəlakət idi. Mən oraya gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indi bəziləri hətta unudub ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun “Koroğlu” stansiyası ilə üzbəüz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya şəhərciyi yaradılıb. Yəni, biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik.
İndi “Ağ Şəhər” bulvarı tikilir. Yəqin ki, bir neçə aydan sonra artıq ictimaiyyət üçün açıq olacaq. Beləliklə, Bibiheybət istiqamətindən, – Bayraq Meydanından o tərəfə də işlər davam etdirilir, - idman şəhərciyindən ta “Ağ Şəhər”ə, neftayırma zavoduna qədər təqribən 16 kilometr uzunluğunda gözəl bir gəzinti zolağı – bulvar olacaqdır.
Çıxışımın sonunda birinci Avropa Oyunlarına hazırlıqla bağlı bir-iki kəlmə demək istəyirəm. İşlər qrafik üzrə gedir. Bütün idman obyektləri təmir olunur, tikilir. Əlbəttə ki, burada nəqliyyat məsələlərinə çox böyük diqqət göstərilir. Bu işlər də uğurla gedir. Təhlükəsizlik məsələləri diqqət mərkəzindədir. Biz birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. Əminəm ki, belə də olacaq.
Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. İndi Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar keçirilir. Bu, təsadüfi deyil. Bu, ölkəmizin inamlı inkişafının təzahürüdür. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi böyük uğurla keçirilmişdir. İndiyə qədər xatırlayırlar ki, Bakıda bəlkə də ən gözəl yarışma keçirilmişdir. Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə “Formula 1” yarışı keçiriləcəkdir. Bu da dünya miqyasında, hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa çempionatı keçiriləcəkdir - həm qrup, həm də dörddəbir final yarışları. Cəmi dörd şəhərdə dörddəbir final yarışı keçiriləcək - Bakı, Roma, Münxen, Sankt-Peterburq. Budur, Bakının səviyyəsi və budur, bizim gördüyümüz işlərin nəticəsi.
Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr uğurla icra ediləcək. 2014-cü ili uğurla başa vuracağıq, 2015-ci ili də uğurla başlayacağıq. Sağ olun.