İlham Əliyev Xırdalanda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub
03 oktyabr 2014, 16:10
Prezident İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
Son illərdə Abşeron rayonunda həyata keçirilən abadlıq işləri sırasında Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidən qurulması mühüm əhəmiyyət daşıyır. Bu da ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla bölgələrimizin daha da gözəlləşməsinə xidmət edir. Bu, bir daha təsdiqləyir ki, şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanlarının isə yenidən qurulması diqqətdən kənarda qalmır. Xırdalan şəhərinin mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkında yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub.
Dövlət başçısına məlumat verildi ki, ərazisi 12 hektar olan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.
Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda aparılan yenidənqurma işləri ölkədə əhalinin istirahətinin yüksək səviyyədə təşkil olunmasının davamlı və kompleks xarakter daşıdığını təsdiqləyir.