İlham Əliyev Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində iştirak edib
02 oktyabr 2014, 10:30
Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.
Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.
Dövlət başçısı Forumun açılışında nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram. Bu gün Forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir. Bütün qonaqlara “Xoş gəlmisiniz” deyirəm.
Forumun keçirilməsi çox əlamətdar hadisədir. Artıq bu, gözəl ənənəyə çevrilib. Forum dördüncü dəfədir ki, keçirilir. Bu, əslində onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var. Dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət göstərilsin. Əminəm ki, Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Təsadüfi deyil ki, bu Forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hazırda dünyada humanitar məsələlərin müzakirəsi, təhlilin aparılması üçün bu Forumun müstəsna rolu vardır. Əlbəttə, buna görədir ki, Foruma maraq durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilibdir.
Biz Azərbaycan olaraq ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə daim böyük diqqət göstərmişik. Çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da gücləndi. Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü əlbəttə ki, bir neçə amil müəyyən edir – siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk.
Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Misal üçün qeyd etməliyəm ki, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdir və Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdür. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Yəni, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Bu gün “Bakı prosesi” yaşayır və inkişaf edir. Bakıda sivilizasiyalararası dialoq forumları keçirilmişdir. Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya dini liderlərinin Zirvə görüşü keçirilmişdir və Bakı Beynəlxalq Humanitar Forumunun mahiyyəti də məhz bundadır.
Əminəm ki, Forumda iştirak edən görkəmli dövlət xadimləri, ictimai xadimlər, alimlər, mütəxəssislər, ekspertlər bu günlər ərzində öz maraqlı fikirlərini bizimlə bölüşəcəklər və beləliklə, biz birgə səylərlə humanitar sahəyə öz töhfəmizi vermiş olacağıq. Biz gələcəkdə də humanitar əməkdaşlığın dərinləşməsi üçün öz səylərimizi göstərəcəyik. Əlbəttə, hesab edirəm, sirr deyil ki, bu Forum artıq hər il keçiriləcək və beləliklə, bu format yaşayacaqdır.
Onu da qeyd etməliyəm ki, humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərməyimizə baxmayaraq, xalqımız və dövlətimiz humanitar fəlakətlə üzləşmişdir. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Bizə qarşı işğalçı siyasət aparılır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi ermənilər tərəfindən zəbt edilibdir. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür və bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xocalı soyqırımı törədilmişdir ki, yüzlərlə günahsız insan bu soyqırımının qurbanı olmuşdur. Xocalı soyqırımını 10-dan çox ölkə rəsmi şəkildə soyqırımı kimi tanıyıbdır. Bu münaqişə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mötəbər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və biz burada böyük ədalətsizliklə, ikili standartlarla üzləşirik. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir. Ancaq bizim üçün ən vacib məsələdə 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalıbdır. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər və bu format, bu hüquqi baza münaqişənin həlli üçün yeganə yoldur.
Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qeyd-şərtsiz bərpa edilməlidir. İşğaldan əziyyət çəkən, öz yerindən didərgin düşən soydaşlarımız doğma torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı və qiymətləndirmə missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam olunmuşdur və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıb. Bizim məscidlərimiz, əcdadlarımızın qəbirləri, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib. Yəni, bu, böyük humanitar fəlakətdir və Azərbaycan təkbaşına, öz gücü hesabına bu humanitar məsələnin həlli, köçkünlərin yerləşdirilməsi, onları işlə təmin etmək üçün böyük işlər görüb və hələ bu işlər davam edir. Çünki köçkünlərin bir hissəsi hələ ki, ağır vəziyyətdə yaşayır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükədir. Bu münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması bölgəyə sülh, daha da böyük inkişaf gətirəcək, regional əməkdaşlıq üçün də yeni imkanlar yaradacaqdır. Bu ağır vəziyyətə baxmayaraq, Azərbaycanın inkişafı dayanıqlı olmuşdur, o cümlədən biz humanitar sahədə son illərdə böyük uğurlara imza atmışıq. Humanitar sahə bizim hökumətimiz üçün prioritet sahələrdən biridir və bu sahəyə investisiyalar qoyulur. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanda humanitar məsələlər uğurla öz həllini tapır.
Təhsilə böyük diqqət göstərilir. Son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikilibdir. Təhsilin keyfiyyətinin artırılması üçün islahatlar aparılır. Hesab edirəm ki, biz yaxın gələcəkdə bu islahatların gözəl nəticələrini görəcəyik. Eyni zamanda, Azərbaycan gəncləri dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilirlər və onlar gələcəkdə ölkəmizin inkişafında öz sözlərini deyəcəklər.
Səhiyyə sisteminin təkmilləşdirilməsi məsələsi çox aktualdır. Nəzərə alsaq ki, müstəqilliyimizin ilk illərində səhiyyə sisteminin maddi-texniki bazası tamamilə yararsız vəziyyətə düşmüşdü və biz böyük investisiyalar qoymaqla müasir səhiyyə infrastrukturunu yaratmışıq. Son 10 ildə 500-dən çox səhiyyə ocağı tikilib, təmir edilib və bu gün onların bir çoxu ən yüksək standartlara cavab verir.
Bizim mədəniyyətlə bağlı təşəbbüslərimiz öz nəticəsini verir. Azərbaycanda mütəmadi qaydada beynəlxalq tədbirlər, festivallar, konkurslar keçirilir. Bizim tarixi abidələrimiz bərpa edilir, xüsusi proqram icra olunubdur. Azərbaycanda çoxlu qədim tarixi abidələr var. Onlar bizim milli sərvətimizdir, o cümlədən dini abidələrimiz dövlət tərəfindən bərpa edilir və yeniləri tikilir. Qeyd etməliyəm ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edilibdir.
Bu məscid 743–cü ildə Şamaxı şəhərində tikilmişdir və müsəlman aləmində ən qədim məscidlərdən biridir. Şəki rayonunun Kiş kəndində Qafqazın ən qədim kilsəsi yerləşir. O kilsə də bərpa edilib və bu, bizim milli sərvətimizdir. Azərbaycanda pravoslav kilsələr, katolik kilsə, sinaqoqlar dövlətin dəstəyi ilə əsaslı şəkildə təmir edilib. Yəni, bu, bizim böyük sərvətimizdir və bir daha demək istəyirəm ki, multimədəniyyətli cəmiyyət, dinlərarası dialoq, xalqlar arasındakı dostluq, qardaşlıq bizim dövlətimizi gücləndirir. Çünki bu, cəmiyyətdə çox gözəl ab-hava yaradır. Bir daha demək istəyirəm ki, bu, həm dövlət siyasətidir, eyni zamanda, cəmiyyətin sifarişidir. Yəni, hesab edirəm ki, biz bu istiqamətdə uğurla inkişaf edəcəyik. Onu da qeyd etməliyəm ki, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər.
Biz, eyni zamanda, iqtisadi sahəyə böyük diqqət göstəririk. Çünki güclü iqtisadiyyat olmasa, humanitar təşəbbüsləri irəli sürmək də o qədər asan olmayacaq. Ona görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi təmin edək, dövlətimizi gücləndirək və eyni zamanda, ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün yeni imkanlar yaradaq. Bizim sosial siyasətimiz məqsədyönlü şəkildə aparılır. Son 10 il ərzində pensiyalar, maaşlar dəfələrlə artmışdır, yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Yoxsulluq cəmi 10 il ərzində 49 faizdən 5,3 faizə düşmüşdür. Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində yoxsulluq Azərbaycanda bir amil kimi tamamilə aradan götürüləcəkdir.
İşsizliklə bağlı mübarizə də, ilk növbədə, humanitar xarakter daşıyır. Çünki son illər ərzində 1 milyon 200 mindən çox iş yeri yaradılmışdır və işsizlik də kəskin şəkildə aşağı düşmüşdür. İndi 5 faizdən azdır. Artıq Azərbaycana başqa ölkələrdən iş tapmaq üçün miqrantlar gəlir. Yəni, bütün bunların təməlində düşünülmüş siyasət dayanır. Çünki iqtisadi inkişaf çox sürətlidir. Son 10 il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bizim bütün iqtisadi göstəricilərimiz müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən çox artmışdır. Xarici dövlət borcu çox aşağı, 8 faiz səviyyəsindədir. Büdcə gəlirləri son 10 il ərzində 20 dəfədən çox artmışdır. Büdcə gəlirlərinin düzgün bölüşdürülməsi, sosial proqramların icrası, infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin inkişafını təmin etmişdir.
Əlbəttə, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır. Bu, bizim böyük sərvətimizdir. Ancaq biz bilirik ki, bəzi ölkələrdə bu böyük sərvət heç də uğur gətirmir, əksinə, problemlər yaradır, müharibələrə, cəmiyyətdə təbəqələşməyə yol açır.
Azərbaycanda isə biz bunun tam əksini görürük. Bizim təbii sərvətlərimiz hər bir insanın həyatında öz müsbət təsirini göstərib. Çəkilən yollar, açılan xəstəxanalar, artan maaşlar, abadlaşan şəhərlər bunun bariz nümunəsidir. Azərbaycanda neft gəlirlərindən düzgün istifadə etmək, “qara qızıl”ı insan kapitalına necə çevirmək, - artıq biz buna nail olmuşuq, - sahəsində nadir təcrübə toplanmışdır. Gələcəkdə bizim iqtisadiyyatımız çoxşaxəli formatda inkişaf edəcək. Bu gün biz yeni texnologiyalara investisiyalar qoyuruq.
Bu gün Azərbaycan artıq kosmik sənayeyə malik olan ölkədir, kosmik ölkələrin klubuna daxil edilibdir. Biz innovasiyalara, yeni texnologiyalara, elmin inkişafına çox böyük önəm veririk. Elmin İnkişafı Fondu yaradılmışdır. İqtisadi inkişaf, sosial məsələlərin həlli, humanitar sahəyə diqqət, deyə bilərəm ki, son illərdə Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas amillər olmuşdur. Hesab edirəm ki, biz iqtisadi sahədə öz işimizlə bölgədə gedən regional əməkdaşlığa da müsbət təsir göstəririk. Bir çox hallarda nəhəng regional layihələrin, enerji, nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycan olmuşdur və əsas iqtisadi riskləri də öz üzərinə götürmüşdür. Deyə bilərəm ki, bizim bütün təşəbbüslərimiz, iqtisadiyyatla, enerji ilə, nəqliyyatla bağlı layihələrimiz uğurla nəticələnir. Bir dəfə də olsun uğursuzluq olmamışdır və əminəm ki, olmayacaqdır.
Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var. Bu siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir. Bu sözləri əyani şəkildə təsdiqləmək üçün sadəcə olaraq demək istəyirəm ki, Azərbaycan bir neçə il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və gənc müstəqil dövlət Azərbaycan 155 ölkənin dəstəyi ilə o mötəbər təşkilata üzv olmuşdur. Yəni, bu da bizim dünyadakı rolumuzu, müstəqil xarici siyasətimizi əks etdirir. Çünki dünya birliyinin böyük əksəriyyəti bizə inanır və öz səsini verməklə bizə dəstəyini göstərmişdir.
Hesab edirəm ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar. Hər bir ölkə digər ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə digər ölkənin seçiminə də hörmətlə yanaşmalıdır - həm beynəlxalq müstəvidə, həm dinlərarası dialoq, humanitar sahədə. Bütün bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən nümayəndələr, 60-dan çox ölkədən gələn qonaqlar müxtəlif ölkələri təmsil edirlər, amma biz bir yerdə yığışırıq, müzakirə aparırıq. Çalışırıq necə yol tapaq ki, dünyada gedən prosesləri daha çox müsbət tərəfə istiqamətləndirək. Çünki bu gün gedən proseslər çox narahatedici proseslərdir. Həm müsəlman aləmində, həm Avropada radikalizm, ayrı-seçkilik, irqçilik artır. Bu meyilləri biz görürük və bunu narahatlıqla izləyirik.
Biz burada - Bakıda bu günlər ərzində çalışacağıq ki, bu meyillərin qarşısını almaq üçün hansı işlər görülməlidir. Əsas məsələ bundan ibarətdir. Çünki biz sivilizasiyalararası dialoqdan söhbət açırıq. Amma, eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq. Əlbəttə ki, bunu, ilk növbədə, dövlətlər etməlidirlər. Amma, eyni zamanda, dövlətlərin bu siyasətini böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası, ictimai rəy müəyyən edir. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə hesab edirəm ki, biz birgə səylərimizlə bu məsələləri açmalıyıq, danışmalıyıq. Narahatedici məsələlər ətrafında fikirlərimizi bildirməliyik, lazım gəldikdə irad tutmalıyıq. Biz tərəfdaş kimi, dost kimi bu məsələlərə öz fikrimizi bildirməliyik. Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin. Bizim imkanımız var. Çünki bizim keçmişimiz, dediyim kimi imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm də keçmişdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda birgə yaşamışdır. Qeyd etdiyim kimi, biz bu gün həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq, qarşılıqlı anlaşma olsun. Biz bundan sonra da öz rolumuzu bunda görürük.
Müsəlman aləmində gedən xoşagəlməz proseslər də bizi çox narahat edir. Çünki biz müsəlman aləminin bir parçasıyıq. Bu gün müharibələr, toqquşmalar, qanlı toqquşmalar demək olar ki, ölkələri məhv edir. Bu, çox ciddi prosesdir. Biz bu prosesə təcrid edilmiş proses kimi baxa bilmərik. Müasir dünyada biz hamımız bir-birimizlə bağlıyıq. Eyni zamanda, Avropa qitəsində miqrantlara qarşı münasibətin pisləşməsi, “multikulturalizm iflasa uğrayıb” kimi bəyanatların verilməsi və ayrı-seçkiliyə meyilli olan siyasi qüvvələrin daha da böyük səs toplaması, əlbəttə ki, hamımızı narahat etməlidir.
Yenə də deyirəm, bu Forumun keçirilməsi də bu məqsədi güdür. Çünki hesab edirəm ki, müasir dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu var. Biz Avropa ilə Asiya arasında, qədim “İpək yolu” üzərində yerləşən bir ölkəyik və biz Avropanı da yaxşı anlayırıq, müsəlman ailəsinin də bir parçasıyıq. Biz çalışırıq ki, bu sivilizasiyalararası dialoq, humanitar dialoq daha da güclü olsun, daha da güclənsin.
Əlbəttə ki, müzakirələrdə bu məsələlərə diqqət göstəriləcəkdir. Əmənəm ki, müzakirələr çox uğurlu keçəcək. Dediyim sözləri təsdiq etmək üçün qeyd etməliyəm ki, nəinki humanitar sahədə, digər sahələrdə də bir çox təşəbbüslər hesab edirəm uğurlu olmuşdur.
İki il bundan əvvəl Azərbaycanda Avropanın və bəlkə də dünyanın ən mötəbər mahnı yarışı – “Eurovision” müsabiqəsi böyük uğurla keçirilmişdir. Bütün qonaqlar çox razı qalmışdılar.
Gələn il birinci Avropa Oyunları, - buna qeyri-rəsmi Avropanın Olimpiya Oyunları deyirlər, - Bakıda keçiriləcək. Bu da çox əlamətdar hadisədir. Çünki Avropada bu günə qədər Olimpiada səviyyəsində yarışlar keçirilməmişdir. Burada da Azərbaycan öz namizədliyini irəli sürmüşdür və Avropanın olimpiya ailəsi bizə böyük etimad göstərmişdir.
2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Cəmi iki il ərzində həm Avropa, həm İslam Oyunları Azərbaycanda keçiriləcək. Bu da dediyim sözlərin təsdiqidir. Bu, bizim rolumuzdur və biz çalışırıq ki, xalqları birləşdirək. Onu da qeyd etmək istəyirəm ki, keçən ay bizim üçün çox önəmli və tarixi qərar qəbul edilmişdir - futbol üzrə Avropa çempionatı 2020-ci ildə, o cümlədən Bakıda keçiriləcək. Cəmi 13 şəhər - Avropanın 13 şəhəri seçilmişdir. Onlardan biri də Bakıdır. Yəni, budur bugünkü Azərbaycan. Biz Avropa ailəsinin üzvüyük, müsəlman ailəsinin üzvüyük və sübut edirik ki, bu, mümkündür. Biri o birisini inkar etmir və etməməlidir. Bu gün inkişafda olan ölkəmiz göstərir ki, düşünülmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür.
Əziz qonaqlar, mən sizi bir daha səmimiyyətlə salamlayıram. Bilirəm ki, qonaqlar arasında ölkəmizlə tanış olan nümayəndələr vardır. İlk dəfə gələnlər də var. Əminəm ki, bu Forumun keçirilməsi sizin üçün çox maraqlı olacaq. Siz öz dəyərli fikirlərinizi bölüşəcək, eyni zamanda, ölkəmizlə yaxından tanış olacaqsınız.
Forumun iştirakçılarına uğurlar arzulayıram. Sağ olun!
X X X
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina MATVİYENKO Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxudu və çıxış edərək dedi:
- Zati-aliləri, çox hörmətli cənab Prezident!
İlk növbədə, Forumun çox yüksək səviyyədə təşkilinə, bütün iştirakçılara göstərilən əsl azərbaycansayağı qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Səmimi sözümdür, Sizin çox parlaq, çox məzmunlu, çox inandırıcı nitqinizin güclü təsiri altındayam. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun ünvanına Rusiya Federasiyası Prezidentinin təbriki daxil olub. İcazə verin onu oxuyum:
“Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və qonaqlarına
Hörmətli xanımlar və cənablar!
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun açılışı münasibətilə sizi ürəkdən salamlayıram. Cəmi bir neçə il ərzində bu Forum dünyanın 70-dən çox dövlətinin və aparıcı beynəlxalq təşkilatların nümayəndələrini birləşdirən, olduqca nüfuzlu çoxtərəfli tədbirə çevrilib. Onun iştirakçıları arasında görkəmli siyasətçilər, mədəniyyət və incəsənət xadimləri, habelə tanınmış alimlər, o cümlədən dünya şöhrətli Nobel mükafatı laureatları vardır. Budəfəki görüşün gündəliyində bizim ümumi mənəvi və intellektual irsimizin qorunub saxlanması və artırılması ilə, elmin, təhsilin və maarifin inkişafı ilə bağlı aktual məsələlər vardır. Əminəm ki, maraqlı və məzmunlu fikir mübadiləsi aparılacaq, bu mübadilə gedişində xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, bu mühüm humanitar sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə yönəlmiş yeni ideyalar və təkliflər yaranacaqdır. Forumun iştirakçılarına və qonaqlarına səmərəli ünsiyyət arzulayır, ən xoş diləklərimi bildirirəm.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin”.
X X X
Çıxışına davam edən V.Matviyenko dedi:
- Hörmətli xanımlar və cənablar! Şübhə yoxdur ki, Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü və himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu ilbəil artır. Onu qeyri-rəsmi şəkildə intellektual Davos adlandırırlar. Mənim fikrimcə, xüsusən indiki beynəlxalq şəraitdə, humanitar forumun əhəmiyyəti iri və mühüm beynəlxalq iqtisadi forumların əhəmiyyətindən heç də az deyil. Bu, qanunauyğun nəticədir və Forumun həqiqətən humanist, birləşdirici xarakterini və onun iştirakçılarının elm, təhsil, mədəniyyət və incəsənət sahələrində sıx qarşılıqlı əlaqələri dərinləşdirməyə yekdilliklə cəhd göstərməsini əks etdirir.
Qeyd etmək lazımdır ki, hələ antik dövrdə yaranmış humanizm bizim dövrdə də baza dəyəri olaraq qalır. Bu, insan ləyaqətini təsdiqləmək, mənəvi dəyərləri həm gündəlik həyatda, həm də siyasətdə təsbit etmək istəyidir. İnsan bütün dəyərlərin meyarıdır. Qədim yunan filosofu Protaqorun bu klassik formulu bütün dövrlərdə aktual olub və aktual olaraq qalır. İntibah dövründən başlayaraq humanizm böyük yaradıcı şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ayrılmaz keyfiyyətidir.
Françesko Petrarka deyirdi: “Həqiqətən nəcib insan dünyaya gələndə böyük qəlbli olmur, o, öz əməlləri ilə özünü ucaldır”.
Bununla bərabər, humanizm əqidəsi təkcə antik dövrün, İntibah dövrünün və sonrakı dövrlərin dahilərinin əsərlərinin yekunu deyil, həm də müxtəlif mədəniyyətlərə və müxtəlif dinlərə mənsub olan sadə insanların neçə-neçə nəslinin həyat təcrübəsidir.
Bəzən bizim dövrü postmodern dövrü adlandırır və deyirlər ki, humanizm başqalaşır, o cümlədən hər bir insanın şəxsi ləyaqətinin təsdiqlənməsinə və ucaldılmasına yönəlir. Mən bu yanaşmanı təkzib etmirəm, lakin fikrimcə, bizim ümumi vəzifəmiz ondan ibarətdir ki, qloballaşma əsrində humanizmin super-müasir forması ardınca yarışda, necə deyərlər, çirkli su ilə birlikdə uşağı da tullamayaq və məsələn, xalqların ənənəvi dəyərlərini qurban verməyək.
Humanizmin baza xarakterli, fundamental dəyərlərini qoruyub saxlamaq və artırmaq, ona dövrümüzün çağırışlarına uyğun forma vermək lazımdır. Müasir humanizm, ilk növbədə, özünün sosialyönümlü olması ilə fərqlənir. Onun məzmunu insanın əsas problemlərinin həlli, fiziki və mənəvi imkanlarının reallaşması ilə ayrılmaz surətdə bağlıdır. Belə humanizm sosial ədalətə can atan cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirir.
Bununla bərabər, humanizm ideyalarının adi sosiumun həyatına tətbiq edilməsi heç də həmişə ardıcıl olaraq yüksələn xətt üzrə cərəyan etməyən mürəkkəb prosesdir. Tarix göstərir ki, müxtəlif dövrlərdə və müxtəlif şəraitdə formaları və miqyasları fərqli olan, humanistləşmənin əksi olan prosesin fəsadları güclənib. Buna səbəb əlverişsiz sosial şərait, böhranlı vəziyyətlər, nəinki tarixin gedişinə təsir göstərməyə, hətta onu özünə tabe etməyə çalışan bu və ya digər hakim dairələrin ambisiyalı iddiaları olub və indi də belədir. Bir qayda olaraq bu, mənəvi və əxlaqi oriyentirlərin itirilməsinə, cəmiyyətin marginallaşmasına və digər dağıdıcı proseslərə gətirib çıxarır. Hazırda planetin müxtəlif regionlarında baş verən hadisələr bunun həqiqiliyinə bizi bir daha inandırır.
Digər tərəfdən, tamamilə aşkardır ki, harada humanizm hökm sürürsə, orada həmrəylik və qarşılıqlı anlaşma, sülh və firavanlıq bərqərar olur, orada münaqişələrə və müharibələrə yer yoxdur. Bu baxımdan, Xəzəryanı dövlətlərin üç gün bundan əvvəl Həştərxanda keçirilmiş Sammiti ən təzə və inandırıcı nümunədir. Sammitdə Xəzəryanı beş ölkənin rəhbərləri çoxillik mürəkkəb danışıqlardan sonra sülh, qarşılıqlı etimad, bir-birinin maraqlarının nəzərə alınması ideallarına güvənərək Xəzərdə əməkdaşlığın əsas məsələləri barədə razılığa gəldilər.
Sammitdə beş sənəd imzalandı, onlardan ən mühümü dənizdə fəaliyyətin əsas prinsiplərinin, o cümlədən akvatoriyanın delimitasiyası, habelə regiona aid olmayan dövlətlərin silahlı qüvvələrinin Xəzərdə olmasına yol verilməməsi haqda əsasnamənin təsbit edildiyi siyasi bəyanatdır. Nəticədə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın artıq gələn il imzalanmasına birbaşa yol açılır.
Sammit iştirakçılarının yekdil rəyinə görə bu, həqiqətən böyük irəliləyişdir və bu, regiondakı sabit və münaqişəsiz şərait, etimad və qarşılıqlı anlaşma səviyyəsinin yüksək olması sayəsində mümkün olub. Bütün bunlar çox çətin məsələləri konsensus yolu ilə həll etməyə imkan verib. Deyərdim ki, bu, fəaliyyətdə olan humanizmdir, çünki əldə edilmiş razılaşma xalqların amallarına və ümidlərinə cavab verir.
Hörmətli Forum iştirakçıları, humanist dəyərlər və ideallar uzun əsrlər boyu qarşısıalınmaz qüvvə kəsb edib. Onlar xalqların həyatının ayrılmaz hissəsinə çevrilib və beynəlxalq münasibətlərə üzvi şəkildə daxil olub. Beynəlxalq məkanda onların həyata keçirilməsi vasitələri keyfiyyətcə genişlənib. BMT-nin və UNESCO-nun xoşməramlı səfirləri, qaçqınların müdafiəsi, insan hüquqlarının təmin edilməsi üzrə və digər nüfuzlu təsisatlar – bütün bunlar bizim dövrümüzdə yaranıb və ictimai inkişafın əsas vektorlarından biri olan humanizmin inkişafının daxili məntiqindən irəli gəlib. Əlamətdar haldır ki, bütün dünyada tanınmış neçə-neçə elm, mədəniyyət, təhsil və incəsənət xadimi bu cür humanizm səfirləridir.
Mən bunu əsas götürərək bugünkü Forumun başlıca vəzifəsini real humanizmin dəyərlərinin praktiki təcəssümü kimi humanitar əməkdaşlığın yeni imkanlarının müzakirə edilməsində görürəm. Hesab edirəm ki, Forumun iştirakçıları olan görkəmli alimlər də bu sahədə müasir vəziyyətin xüsusiyyətlərini hərtərəfli müzakirə edəcəklər. Ümumiyyətlə, Forum nümayəndələrinin bu cür yüksək səviyyəsi, əlbəttə, onun uğurunun rəhnidir.
Rusiya-Azərbaycan əlaqələri qədim və geniş humanitar qarşılıqlı fəaliyyətin parlaq nümunəsidir. Bu əməkdaşlıq artıq bu gün möhkəm qanunverici əsasa da malikdir. Onun dinamik inkişafının əsas amili Rusiya və Azərbaycan rəhbərlərinin dialoqudur.
Dövlətlərimizin prezidentləri ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə şəxsən xüsusi töhfə veriblər.
Belə ki, keçən ilin avqustunda Vladimir Vladimiroviç Putinin Bakıya səfəri zamanı Rusiya ilə Azərbaycan arasında humanitar sahədə Əməkdaşlıq Proqramı imzalanıb. Rusiya Federasiyasının Federal Məclisi ilə Azərbaycan Respublikasını Milli Məclisi arasında ənənəvi dostluq əlaqələri yaranıb. 2003-cü ildən bəri - 10 ildən çoxdur ki, birgə parlamentlərarası komissiya fəaliyyət göstərir. Bu komissiya humanitar sahədə müqavilə-hüquqi bazanın inkişafında bizim parlamentlərin qarşılıqlı fəaliyyətinin ən aktual məsələlərinə daim diqqət yetirir.
Rusiya-Azərbaycan regionlararası forumları humanitar əlaqələrin dinamik inkişafına mühüm töhfə verir. Xatırladıram ki, bu il iyun ayında Qəbələ şəhərində “Regionlararası əməkdaşlıq: yeni artım imkanları” mövzusunda V Rusiya-Azərbaycan Forumu uğurla keçdi. Humanitar sahədə əməkdaşlığın perspektivli istiqamətləri həmin forumun əsas mövzularından biri oldu.
Təhsil və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əlaqələri durmadan inkişaf edir. Biz bunu çox yüksək qiymətləndiririk.
Rusiyada ali təhsil almağa Azərbaycanda böyük maraq qalmaqdadır. Azərbaycanda Rusiya diplomu gənc mütəxəssis üçün həm prestij, həm də yaxşı perspektivlər deməkdir. Azərbaycanlılar təkcə büdcə xətti ilə deyil, həm də öz vəsaitləri hesabına Rusiyada təhsil almağa həvəslə gedirlər. Bu gün Rusiyanın ali məktəblərində Azərbaycandan olan 13 minə yaxın tələbə təhsil alır.
Biz son dərəcə müsbət olan bir faktı da yüksək qiymətləndiririk: Azərbaycanda rus dilində tamdəyərli orta və ali təhsil almaq üçün geniş imkanlar vardır. Lomonosov adına Moskva Dövlət Universitetinin 2008-ci ildən fəaliyyət göstərən Bakı filialı Azərbaycan Respublikasının nüfuzlu ali məktəblərindən birinə çevrilib. Hazırda filialın beş fakültəsində 400-dən çox tələbə təhsil alır, onlara Moskva Dövlət Universitetinin aparıcı professor və müəllimləri dərs deyirlər. Ölkələrimiz Azərbaycanda rus dilinin və Rusiyada Azərbaycan dilinin dəstəklənməsi məqsədi ilə fəal əməkdaşlıq edirlər.
Əlamətdar haldır ki, Rusiyada “Mədəniyyət İli” elan edilmiş 2014-cü ildə Moskvada böyük Azərbaycan bəstəkarı Qara Qarayevə həsr edilmiş xatirə lövhəsinin təntənəli açılışı olub. Bu, xalqlarımız arasında möhkəm dostluğa dəlalət etməklə bərabər, həm də dünya musiqi mədəniyyəti, bu istedadlı bəstəkarın yaradıcılığına bələd olan və onu sevən hər kəs üçün əlamətdar hadisədir.
Əziz dostlar! Həyat göstərir ki, müasir dövrün bir sıra çağırışlarına ən yaxşı və ən konstruktiv cavab məhz humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi ola bilər.
Azərbaycanlılarda belə bir müdrik məsəl var: “Qəlbi olan insanın qayğısı da olur”. Gəlin çalışaq ki, bizim ümumi qayğılarımız mərkəzi ideyası insanı ən ali dəyər hesab etməkdən ibarət olan humanizm təliminin məğzinin həyata keçirilməsinə yönəlsin.
Bakı Forumunun bütün iştirakçılarına səmimi qəlbdən uğurlu iş arzulamaq istəyirəm. Əminəm ki, bizim və sizin yeni ideyalar, təşəbbüslər real işlərdə və layihələrdə öz praktiki təcəssümünü tapacaq, xalqlar arasında etimadın, qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun möhkəmlənməsinə kömək edəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen KLARK çıxış edərək dedi:
- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti.
Hörmətli birinci xanım.
Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar.
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun açılışında BMT-nin baş katibi Pan Gi Munu təmsil etmək mənim üçün çox xoşdur. İlk növbədə, icazə verin, müxtəlif məsələlər üzrə geniş fikir mübadiləsi üçün əhəmiyyətli bir fürsət təmin edən bugünkü Forumda bizi bir yerə topladığına görə Zati-aliləri, Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirim. Həmçinin cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, o, nitqində müxtəlif dinlər və xalqlar arasında dialoqun gücləndirilməsi məsələsindən ətraflı bəhs etdi. Bu, çox vacibdir.
Qısa çıxışımda BMT-nin Azərbaycan ilə insan inkişafının təşviqinə yönəlmiş birgə fəaliyyəti və bundan irəli gələn bir sıra yeni təşəbbüslər haqqında danışmaq istəyirəm. “Cənub-cənub” əməkdaşlığı üzrə Azərbaycanın genişlənən fəaliyyətini nəzərə alaraq BMT bu respublikanın öhdəsindən gəldiyi çətinliklər üzrə bilik və təcrübəsini digər ölkələrlə bölüşmək üçün Sizinlə tərəfdaşlıq etməkdən olduqca məmnundur. Təbiət Azərbaycana zəngin sərvətlər bəxş etmişdir. Əslində bu, tarixən belə olub. Tarixdən bizə miras qalan dərs ondan ibarətdir ki, bu ehtiyatların hasilatı adambaşına düşən ümumi daxili məhsulu böyük dərəcədə artırmağa qadir olsa da, heç də mütləq şəkildə dövlət gəlirlərini və ya insan inkişafının səviyyəsini qaldırmağa müvəffəq olmamışdır. Təbii ehtiyatı ölkə sərvətinə və daha geniş insan inkişafına çevirmək düşünülmüş və uzaqgörən dövlət siyasəti tələb edir. Azərbaycan bu baxımdan vaxtında əhəmiyyətli qərarlar qəbul etmişdir. 1994-cü ilin sentyabrında Azərbaycan xarici neft şirkətlərinin konsorsiumu ilə “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü Sazişini imzalamışdır. İlkin razılaşmalara görə, Xəzər dənizinin neft ehtiyatlarının hasilatından əldə edilən mənfəətin 80 faizi Azərbaycana çatmalı idi. İcazə verin, fürsətdən istifadə edib, sentyabrın 20-də Bakıda qeyd olunan “Əsrin müqaviləsi”nin 20-ci ildönümü münasibətilə Azərbaycanı və onun tərəfdaşlarını təbrik edim. Bu yubiley Azərbaycan qazını Avropaya çatdıracaq yeni boru kəmərinin - “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi ilə eyni gündə qeyd olunmuşdur.
“Əsrin müqaviləsi” Azərbaycanın inkişafı üçün böyük və yeni imkanlar açıb. Digər resurslarla zəngin olan ölkələr isə Azərbaycanın təbii sərvətlərin insan kapitalının inkişafı sahəsindəki təcrübəsini öyrənməlidirlər. İllər öncə BMT-nin İnkişaf Proqramı “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyasının formalaşdırılması üçün Azərbaycana kömək etmişdir. Bu təşəbbüs isə rəqabətədavamlı qeyri-neft sektorunun inkişaf etdirilməsinə və insanların bacarıqlarının gücləndirilməsinə yönəlmişdir. Cənab Prezidentin bir qədər əvvəl söylədiyi kimi, Azərbaycan bu illər ərzində yoxsulluq səviyyəsinin kəskin azaldılmasına, sosial xidmətlərə yeni sərmayələrin yatırılmasına, sosial müdafiə sisteminin qurulmasına və əməkhaqlarının artırılmasına nail olmuşdur.
Hazırda “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyası tətbiq olunduğu ilk gündəki qədər vacibdir. İnsan inkişafının artırılması istiqamətində fəaliyyət “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğur qazanması üçün vacib idi. BMT-nin İnkişaf Proqramı olaraq, biz bu konsepsiyanın reallaşdırılması işində Azərbaycana dəstək verməyə sadiqik.
Gender bərabərliyi və qadınların səlahiyyətlərinin daha da artırılması kimi məqsədlərə gəldikdə, həmçinin səhiyyə və ətraf mühitlə əlaqədar bir sıra hədəflər üzrə çağırışları nəzərə alaraq, Minilliyin İnkişaf Məqsədləri hələ də Azərbaycan üçün gündəmdə qalmaqdadır. Bu məqsədlərdən yarımçıq qalmış işlərin 2015-ci ildən sonrakı qlobal inkişaf strategiyasına daxil edilməsi ehtimalını nəzərə alsaq, növbəti ilin sentyabr ayında dünya liderləri tərəfindən qəbul ediləcək Dayanıqlı İnkişaf Məqsədləri də Azərbaycan üçün faydalı olacaq.
Azərbaycan “Cənub-cənub” və üçtərəfli əməkdaşlıq vasitəsilə digər ölkələrlə öz inkişaf təcrübələrini bölüşmək üçün çox yaxşı mövqedədir. Həqiqətən də BMT-nin İnkişaf Proqramı və Azərbaycan BMT-nin Bakı və Kabulda yerləşən İnkişaf Proqramı ofislərinin iştirakı ilə həyata keçirdiyi tərəfdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Əfqanıstandan olan həmkarlarına öz dəstəyini göstərmişdir.
Ötən il Bakı Humanitar Forumunun plenar sessiyasında Türkiyənin sabiq Prezidenti cənab Süleyman Dəmirəl Azərbaycanın “qara qızıl”ın insan kapitalına çevrilməsi təşəbbüsünün digər ölkələrdə tətbiqi üçün yaxşı model olduğunu vurğulamışdı.
BMT-nin İnkişaf Proqramı bu fikirlə razıdır və Azərbaycanın öz yenilikləri ilə bölüşmək üçün bir çox digər imkanlarının olduğunun şahididir. Məsələn, BMT-nin İnkişaf Proqramı dövlət xidmətlərinə çıxış üçün vahid pəncərə olan “Asan xidmət” mərkəzlərinin yaradılmasını alqışlayır. Yarandığı gündən etibarən “Asan xidmət” mərkəzləri tərəfindən göstərilən xidmətlər nəticəsində doğum şəhadətnamələri, icazə və ictimai xidmətlər üzrə digər sənədləri əldə etmək istəyən insanlar üçün gözləmə vaxtı və xərclər əhəmiyyətli dərəcədə azalıb. Bunun nəticəsində ictimai xidmətlərin səmərəliliyi artır və korrupsiya üçün imkanlar daralır. Bu yanaşma Azərbaycanda böyük müvəffəqiyyət qazanmışdır və ictimai xidmətləri müasirləşdirməyə çalışan digər ölkələrdə də maraq doğuracaq. BMT-nin İnkişaf Proqramı “Asan xidmət”in uzunmüddətli strategiyasının formalaşdırılmasında bu təsisatla əməkdaşlıq edib.
Ölkənin yeni pensiya sisteminin idarə edilməsi Azərbaycanın innovativ yanaşmasının digər mötəbər nümunəsidir. BMT-nin İnkişaf Proqramı dünyanın ən müasir pensiya sistemlərindən birinə çevrilən bu təşəbbüs üzrə əməkdaşlıq etməkdən çox məmnundur. Pensiyaçıların 99 faizinə ödənişlər elektron kart vasitəsilə ödənilir və buna nail olmaq üçün ən müasir informasiya texnologiyaları sistemləri quraşdırılıb. Bu da başqa ölkələrin yararlana biləcəyi digər bir müvəffəqiyyətdir.
Azərbaycan, həmçinin elektron idarəetmə, minalardan təmizləmə, neft gəlirlərinin idarə olunması və gənclər siyasəti proqramları kimi geniş sayda sahələr üzrə bölüşmək üçün nadir təcrübəyə malikdir.
Eyni zamanda, icazə verin, BMT-nin baş katibinin gənclər üzrə elçisinin ofisi, BMT-nin İnkişaf Proqramı və UNESCO adından bu il Bakıda Gənclər və İdman Nazirliyi və Avropa Şurası ilə birlikdə Gənclər siyasəti üzrə ilk Qlobal Forumun həmtəşkilatçısı olmağımızdan məmnunluğumuzu izhar edim. Bundan əlavə, Azərbaycan Respublikasının BMT-nin baş katibinin gənclər üzrə elçisinin ofisinə ilk ianə etməsini yüksək dəyərləndiririk.
BMT-nin İnkişaf Proqramı inkişafa yardımı idarə etmək üçün Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) yaradılması üzrə hökumətin təşəbbüsünü alqışlayır. Biz bacarıqların yaradılmasında və inkişaf etdirilməsində AİDA ilə tərəfdaşlıq etməkdən çox məmnun olardıq. Biz Azərbaycan tərəfinin digər ölkələrə, ələlxüsus fəlakətlərin aradan qaldırılması və UNESCO-nun proqramları üçün edilmiş töhfələri barədə məlumatlıyıq.
Əminik ki, “Cənub-cənub” əməkdaşlığı və üçtərəfli əməkdaşlıq həm tərəfdaş ölkələr, həmçinin də Azərbaycanın özü üçün faydalı olacaq. Bu, müxtəlif ölkələr və onların mütəxəssisləri arasında, cənab Prezidentin də dediyi kimi, əlaqələri möhkəmləndirməklə gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradacaq. Sözügedən təşəbbüslər Azərbaycanı xüsusi sahələrdə mükəmməllik mərkəzinə çevirəcək ki, bu da ölkənin daha geniş çeşiddə mal və xidmətlərinin ixracı qabiliyyətini artıracaq.
Ölkələrdəki ofisləri birləşdirən qlobal şəbəkəsi və 170-dən çox ölkədə həyata keçirdiyi proqramlar vasitəsilə BMT-nin İnkişaf Proqramı “Cənub-cənub” əməkdaşlığı və üçtərəfli əməkdaşlığı asanlaşdırmaq üçün nadir rola malikdir. Biz İKT və müasirləşdirilmiş dövlət idarəetməsi də daxil olmaqla, insan inkişafı üçün innovativ yanaşmaların mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirən Azərbaycan ilə çiyin-çiyinə çalışmaqdan məmnunuq.
Mən bu Forumda iştirak etmək üçün dəvətə görə Azərbaycan Prezidentə və hökumətinə bir daha təşəkkür edir, baş katibin ən xoş arzularını çatdırıram. Forumun bütün iştirakçılarına müvəffəqiyyətlər arzu edirəm. Çox sağ olun.
X X X
Sonra UNESCO-nun baş direktoru xanım İrina BOKOVANIN Forum iştirakçılarına videomüraciəti təqdim edildi.
Müraciətdə deyilir: “-Zati-aliləri. Xanımlar və cənablar.
Mən IV Bakı Beynəlxalq Humanitar Forum iştirakçılarının qarşısında çıxış etməkdən məmnunam. Mən Azərbaycan hökumətinə, xüsusən də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə belə vacib təşəbbüsə görə minnətdaram. Bu Forumun məqsədi multikulturalizm, elmi mübadilələr, texnologiya sahəsi, inkişaf, insan inkişafı məsələlərindən ibarətdir və dünyada bütün cəmiyyətləri birləşdirir. Əslində bu məqsəd UNESCO-nun mandatına da uyğundur. UNESCO-nun mandatı məhz sülhün və davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bütün cəmiyyətlər bizim dəyişən dünyada böyük dəyişikliklərə uğrayır. Biz yeni, mədəni biliklərin artırılması üçün yeni siyasətin həyata keçirilməsinə çalışmalıyıq və bu sahədə apardığımız fəaliyyətləri innovasiyalara bağlamalıyıq. Biz ifadə azadlığını təmin etməli, həmçinin bu bilikləri rəqəmsal şəbəkələrlə yayaraq bütün fərdləri əhatə etməliyik ki, azad və demokratik cəmiyyətlərimiz təşəkkül tapsın. Hamımız məhz elmi biliklərin vacibliyini anlayırıq və biz bunu hamının faydası üçün yaymalıyıq. İnanıram ki, bütün bu amillər bizim humanitar siyasətimizdə fundamental dəyişikliklərə səbəb olacaq. Mədəniyyət, təhsil, elm, rabitə və informasiya texnologiyaları bütün vacib tədbirlərin mühüm hissəsinə çevrilib. Bu, insanların əsas tələbatlarına cavab vermək, onlara kömək etmək üçün vacibdir. UNESCO öz tərəfindən hazır olduğunu bildirir ki, mandatından irəli gələrək bu vacib yanaşmaya dəstək verəcək. Mən bu ruhda sizə faydalı müzakirələr və xoş işgüzarlıq arzulayıram”.
X X X
Forumda çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman ƏL-TÜVEYCRİ dedi:
- Mərhəmətli və rəhmli Allahın adı ilə.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev,
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Zati-aliləri hörmətli birinci xanım Mehriban Əliyeva,
Zati-aliləri, xanımlar və cənablar,
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Sizin qarşısında çıxış etməkdən olduqca məmnunam. Biz gözəl Bakı şəhərində toplaşmışıq. Əvvəlcə, dialoq, ahəngdarlıq və dözümlülük məkanı sayılan Bakıda dünya miqyaslı humanitar təşəbbüsü irəli sürdüyünə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə ən səmimi təşəkkürümü və minnətdarlığımı bildirməkdən şərəf hissi duyuram.
Prezident İlham Əliyev bu Forumu mədəniyyətlərarası dialoqa aid məsələləri ümumi şəkildə müzakirə etmək, qarşılıqlı hörmət və etimad ruhunda sivilizasiyalar alyansını formalaşdırmaq məqsədilə ziyalıların, akademik dairələrin, yüksək peşəkarların, dini liderlərin, alimlərin və bütün sahələrin mühüm simalarının toplaşdığı qlobal tədbirə çevirib. Dünya heç vaxt görünmədiyi kimi ahəngdar münasibətlərin qurulmasına ehtiyac duyur. Bizə dünyada sülh və təhlükəsizliyin təmin olunması üçün möhkəm bünövrə lazımdır. Biz əslində bir çox proseslərin kəsişdiyi bir andayıq və sözün əsl mənasında bunu söyləmək lazımdır ki, çox böhranlı və çətin bir şəraitdə yaşayırıq. Beynəlxalq ictimaiyyət böyük çaşqınlıq, böyük çətinliklər içərisindədir. Bu baxımdan dünyada sülhə olan bir çox hədələr və çətinliklər göz qabağındadır. Bu çağırışların aradan qaldırılması üçün biz təbii ki, öz səmimi və hərtərəfli səylərimizi göstərməliyik. Biz görürük ki, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquqlarının qorunmasına ehtiyac var. Bakı Beynəlxalq Humanitar Forumunun öz məqsəd və mexanizmləri var və bu, sülh naminə əqli bir alyans aləmidir. Bu, belədir. Çünki biz terrorçuluğun bütün formalarına qarşı mübarizədən söhbət aparırıqsa, ilk növbədə ekstremist ideyaların aradan qaldırılmasına, bu cür meyillərin tam qarşısının alınmasına nail olmalıyıq. Lakin dünyada ədalət və sülh, ahəngdarlıq, qarşılıqlı anlaşma və fərqlilik hüququna malik olmanı etiraf etmədən buna nail ola bilmərik.
2011-ci ildə təsis olunmuş bu Forumun əsas məqsədinə gəldikdə biz qloballaşma dövründə yeni bir humanitar gündəlik yaratmaq istəyirdik. İstəyirdik ki, bunu bütün dünyada təşviq edək. Bu, Azərbaycan Respublikasının öz öhdəliklərindən irəli gələn ən ülvi məqsədlərdən biridir. Beynəlxalq ictimaiyyət qarşısında öhdəliklər ondan ibarətdir ki, humanitar inkişafın təmin edilməsi üçün bu məram həyata keçirilməlidir. Bu baxımdan beynəlxalq konfranslar kifayət qədər çoxdur. Onlar dialoq, qarşılıqlı anlaşma, dözümlülük və insanlar arasında əməkdaşlığa aiddir. Lakin Bakıda keçirilən bu Forum əslində ən uğurlu tədbirlərdən biridir və İSESCO bu cür hazırlıq işlərində iştirak etməkdən məmnunluq duyur. Bu tədbirlərlə Bakı bütün dünyanın diqqətini özünə cəlb edib. Burada insan mədəniyyətinin uzunmüddətli adət-ənənələri, artıq təşəkkül tapmış bu cür vacibliyə malik olan belə bir layihə üçün ideal platforma qurulub. Bu məqsədlə 2011-ci ildə mən bu Forumu insan sivilizasiyasının ən ülvi məramlarını özündə əks etdirən layihə adlandırdım. Çünki hökumətlər, regional və beynəlxalq təşkilatlar, adi insanların təsisatları səviyyəsində olan əməkdaşlıq belə bir qlobal səylərlə təşviq edilə bilər. Biz hesab edirik ki, insan alyansını qurmalıyıq. Bu, sözün əsl mənasında, insan alyansıdır və o, insanları bütün səylərini göstərərək, bütün vasitələrdən istifadə edərək əməkdaşlığın, anlaşmanın qurulmasına, dərinləşməsinə ruhlandırmalıdır ki, biz problemləri aradan qaldıra bilək.
Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət yenə də bir çox faktlara laqeyd yanaşır. Bunların arasında ayrı-seçkilik, ədavət, ekstremizm var. Təəssüflər olsun ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni qüvvələri tərəfindən işğalı və Fələstin xalqının çəkdiyi əziyyətlər davam edir. Bu iki problemə gəldikdə, bununla bağlı bir çox təşəbbüslər irəli sürülmüşdür. Əslində, BMT–nin Təhlükəsizlik Şurasının qətnamələri var. Bu qətnamələr hələ ki, həyata keçirilməyib. Bu, əslində beynəlxalq hüquqa məhəl qoyulmaması deməkdir. Mən hesab edirəm ki, işğala son qoyulmalıdır. Bu, yalnız yeganə yoldur. Mən bunu İSESCO adından bəyan edirəm və bu, həyata keçirilməlidir. Mən şübhə etmirəm ki, bu Forumun oynadığı vacib rol uğurlu olacaq və o, bəşəriyyətə xidmət etməkdə davam edəcək, islamın əsl dəyərlərini təşviq edəcək. Bu dəyərlər müasirlik modelinə çevrilərək hamımıza fayda gətirəcək. Bəli, siz deyə bilərsiniz ki, müsəlman aləmində bəzi insanlar var ki, onlar çox çaşqınlıq yaradan hərəkətləri ilə seçilirlər. Lakin onlar bizim dəyərlərimizi əlimizdən ala bilməzlər. Çünki onlar bizim ailəmizin bir hissəsi deyil və biz buradan bütün terrorçulara qarşı çıxış edirik. Terrorçuluq bəşəriyyətə, dinə qarşı cinayətdir. Bu, hamımıza, bütün insanlara, bütün fərdlərə qarşı törədilən cinayətdir. Gəlin, səylərimizi birləşdirək, təcavüzə, işğala və terrorçuluğa qarşı mübarizə aparaq. Çox sağ olun.
X X X
Rəsmi açılış mərasimi başa çatdıqdan sonra Forum öz işini plenar iclasla davam etdirib.