İlham Əliyev Heydər Əliyev Fondunun 6 illiyinə həsr olunmuş mərasimdə iştirak etmişdir
10 may 2010, 18:10
“Buta” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edərək demişdir ki, Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycanın inkişafına yönəlmişdir.
Sonra ümummilli lider Heydər Əliyevə həsr olunan videoçarxın nümayişi olmuşdur.
Prezident İlham Əliyev mərasimdə çıxış etmişdir.
Dövlət başçısı demişdir ki, Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir.
Azərbaycan xalqı Heydər Əliyevə daim böyük məhəbbət və inamla yanaşmışdır, - deyən Prezident İlham Əliyev bildirmişdir ki, ulu öndər ölkəmizin problemlərinin həllinə hər zaman həssaslıqla yanaşmışdır və bir vaxtlar üzləşdiyimiz çətinliklərin aradan qaldırılması məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərin gərgin fəaliyyəti nəticəsində Azərbaycan riskli ölkə imicini dağıtmış, respublikada irimiqyaslı layihələrin icrasına başlanmış, bütün sahələrdə inkişaf meyilləri güclənmişdir.
1993-2003-cü illərin Azərbaycanın gələcəyi üçün həlledici dövr, bu 10 ildə görülən işlərin əsrlər boyu görülən işlərə bərabər olduğunu vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, ulu öndərin qurduğu müstəqil Azərbaycan bu gün yaşayır, inkişaf edir və xalqımızın qarşısında yeni imkanlar açılır, ölkəmiz Heydər Əliyevin yolu ilə gedir və ulu öndərin ideoloji əsasları ölkədə tam bərqərar olunmuşdur.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirmişdir ki, bu uğurlu dinamika gələcək illərdə də davam etdiriləcəkdir. Bu işlərin təməlində Heydər Əliyev amili dayanır. “Biz ümummilli liderimizə sadiqik”, - deyən Prezident İlham Əliyev bildirmişdir ki, Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaqdır.
Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi olmuşdur.
Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı sahiblərinə təqdim olunmuşdur.
Mükafatlandırma mərasimindən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olmuşdur.
Bakının qonağı olan dünya şöhrətli opera müğənnisi Plasido Dominqo konsertdə çıxış etmiş, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdür.