İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Gilan Qida Şəhərciyi ilə tanış olub
22 sentyabr 2014, 22:00
Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Gilan Qida Şəhərciyi ilə tanış olub.
Gilan Qida Şəhərciyində müxtəlif zavodların yaradılması rəqabətə davamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir.
Azərbaycan Prezidentinə məlumat verildi ki, Gilan Qida Şəhərciyində iki yeni emal müəssisəsi inşa olunub. Yeni müəssisələrin ümumi tikinti sahəsi 120 min kvadratmetrdir. Kartof emalı müəssisəsində iki istehsal xətti quraşdırılıb. Burada yarımfabrikat dondurulmuş kartof və kartof çipsi istehsal olunacaq. Yarımfabrikat dondurulmuş kartof istehsalı xəttinin istehsal gücü saatda 3 ton hazır məhsul təşkil edir. Çips istehsalı xəttinin istehsal gücü isə saatda bir ton hazır məhsul olacaq. Hər iki istehsal xətti tam avtomatlaşdırılmış sistem üzrə çalışır. Burada xammal 6 min kvadratmetr sahəyə malik ilkin soyuducu anbara yerləşdirilir. Müəssisədə, həmçinin keyfiyyətə nəzarət laboratoriyaları var. İstehsala göndərilmədən əvvəl məhsulun fiziki-kimyəvi göstəriciləri yoxlanılır.
Dövlət başçısı “Gilan Holding”ə məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə baxdı.
Qeyd edildi ki, artıq “Gilan Holding”in digər müəssisələrində istehsal olunan məhsullar bir çox xarici ölkələrə ixrac edilir.
Prezident İlham Əliyevə məlumat verildi ki, sərinləşdirici içkilər istehsalı müəssisəsindəki üç istehsal xəttində 9 növ qablaşdırmada 48 çeşiddə məhsul istehsalı planlaşdırılır. Müəssisədə saatda 10 min litr hazır məhsul istehsalı gücünə malik isti dolum sistemi vasitəsilə plastik qablaşdırmada meyvə lətli içkilər və soyuq çay istehsal olunacaq. Digər xətt saatda 36 min litr hazır limonad və digər qazlı sərinləşdirici içkilər, qazlı və qazsız su istehsalı üçün nəzərdə tutulub. Saatda 5 min litr hazır məhsul istehsal gücünə malik xətdə isə qazlı və qazsız su, qazlı sərinləşdirici içkilərin istehsalı planlaşdırılır. Müəssisədə qablaşdırma mərhələsindən öncə müəyyən reseptlər əsasında hazırlanmış tərkiblər laboratoriyada yoxlanılır və təsdiqdən sonra istehsala göndərilir. Burada bütün istehsal prosesi tam avtomatlaşdırılıb.
Yeni müəssisələrdə 380 nəfər daimi işlə təmin olunub.