Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev İlham Əliyevə telefonla zəng etmişdir
24 dekabr 2010, 15:04
Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Rusiya Federasiyasının Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Azərbaycan Prezidenti təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları 2010-cu ili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu il kimi dəyərləndirmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini bildirmişlər.
Rusiya Prezidenti Dmitri Medvedev 2010-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu da ünvanlamışdır. Məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm!
Prezident vəzifəsində Sizin fəaliyyətinizi haqlı olaraq Azərbaycanın – müasir və dinamik inkişaf edən dövlətin yeni uğurları ilə bağlayırlar. Ölkənizin iqtisadiyyatda və sosial sahədə sanballı nailiyyətləri, onun beynəlxalq aləmdə nüfuzunun durmadan artması yüksək qiymətə layiqdir.
Aramızda yaranmış mehriban şəxsi münasibətləri yüksək qiymətləndirirəm. Sizin Rusiya-Azərbaycan strateji tərəfdaşlığını genişləndirmək əzminiz dostluq və mehriban qonşuluq ənənələrinin möhkəmlənməsinə, dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın davamlı inkişafına hər cəhətdən kömək edir.
Əminəm ki, Rusiya və Azərbaycan arasında fəal qarşılıqlı əlaqələrin bundan sonra da davam etdirilməsi nəinki ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək, həm də Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərəcəkdir.
Sizə cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Dmitri Medvedev
Rusiya Federasiyasının Prezidenti
Moskva, Kreml, 18 dekabr 2010-cu il”.