İlham Əliyev Çinin Nancinq şəhərində yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib
01 sentyabr 2014, 13:30
Prezident İlham Əliyev Çinin Nankin şəhərində yeniyetmələr arasında keçirilən ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib.
Prezident İlham ƏLİYEV çıxış edərək dedi:
- Yeniyetmələrin Yay Olimpiya Oyunlarında milli komandamız Vətəni ləyaqətlə təmsil etmişdir və Vətənə böyük qələbə ilə qayıtmışdır. Bu qələbəni əldə edən idmançıları, onların məşqçilərini ürəkdən təbrik edirəm, Azərbaycan dövləti adından onlara öz təşəkkürümü bildirirəm.
Bu, doğrudan da böyük qələbədir. Bizim komandamız 10-cu yerə layiq görülmüşdür, 12 medal qazanmışdır, onlardan 5-i qızıl medaldır və Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. Nəzərə alsaq ki, bu oyunlarda 200-dən çox komanda iştirak edirdi, əlbəttə, hər kəs görə bilər ki, bu, doğrudan da böyük və tarixi qələbədir. Bu qələbə məni çox sevindirir, bilirəm ki, Azərbaycan xalqını da sevindirir. Çünki bu, Azərbaycan gənclərinin və Azərbaycan dövlətinin qələbəsidir.
İdman yarışları, Olimpiya Oyunları, yeniyetmələrin Olimpiya Oyunları ölkələr arasındakı idman yarışıdır. Hər bir ölkə çalışır ki, bu yarışlarda daha da yüksək yerə sahib çıxsın. Ancaq Azərbaycanın milli komandası bunu sübut edibdir və bizdən qabaqkı yerlərdə dünya idmanının ənənəvi liderləridir. Belə olan halda bizim qələbəmizin mənası daha da böyükdür. Bu, tarixi qələbədir, böyük qələbədir. Azərbaycan idmanının yüksəklərə qaldırılması işində Azərbaycanın bütün idman ictimaiyyətini təbrik edirəm. Əminəm ki, bizim gənc idmançılarımız gələcəkdə də yüksək nəticələr göstərəcəklər və gələcək illərdə keçiriləcək Yay Olimpiya Oyunlarında da Azərbaycanı ləyaqətlə təmsil edəcəklər.
Azərbaycan idman dövlətidir, bunu beynəlxalq Olimpiya hərəkatının rəhbərləri qeyd edirlər. Son illərdə bu istiqamətdə aparılan dövlət siyasəti bu vəziyyətə gətirib çıxarıb ki, bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Ölkəmizin böyük idman uğurları vardır. Hər il idmançılarımız müxtəlif beynəlxalq idman yarışlarında yüzlərlə medal qazanırlar. Azərbaycanda keçirilən dünya, Avropa çempionatları idmanı ölkəmizdə geniş şəkildə təbliğ edir və uşaqları, gəncləri, yeniyetmələri idman bölmələrinə gətirir, beləliklə, ardıcıllıq təmin edilir. Bizim görkəmli idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər. Son Olimpiya Oyunlarında Londonda biz tarixi qələbə qazanmışıq. Bu Olimpiadada 10 medal qazanmışıq və komanda hesabında 30-cu yerdə, Avropa ölkələri arasında isə 15-ci yerdə idik. Əlbəttə ki, bu nəsillər arasındakı əlaqə kəsilməməlidir. Siz gənc idmançılar əlbəttə, təbii olaraq istəyirsiniz ki, gələcəkdə Olimpiya çempionları olasınız və sizin qarşınızda gözəl nümunələr var.
Çünki müstəqil Azərbaycan dövləti iştirak etdiyi bütün Olimpiya Oyunlarında, hər dəfə növbəti Olimpiya Oyunlarında daha da yüksək yerə layiq görülürdü. Bu ardıcıllıq, qələbə ardıcıllığı davam edir və nəsillər ardıcıllığı da bu gün təmin edilir. Bu, idmanın inkişafının əlamətidir. Çünki yeniyetmə-uşaq idmanına çox böyük diqqət göstərilir və hər bir ölkənin idman inkişafını məhz uşaq-yeniyetmə idmanı müəyyən edir. Çünki burada seleksiya işləri düzgün aparılmalıdır. Kadr hazırlığı, məşqçilərin peşəkarlığı və əlbəttə ki, idman siyasətinin məqsədyönlü olması burada əsas şərtlərdir. Bütün bu amillər - gənc, istedadlı idmançılar, peşəkar məşqçilər, idmana rəhbərlik edən qurumların arasında olan əlaqəlilik Azərbaycanda vardır ki, bu, heç də hər bir ölkədə mövcud deyil. Beynəlxalq Olimpiya Hərəkatının nümayəndələri daim bir məsələni qeyd edirlər ki, Azərbaycanda Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bir komanda kimi sistemli şəkildə fəaliyyət göstərirlər və bizim uğurlarımızın əsas səbəbi bundan ibarətdir.
Bu gün Azərbaycan hərtərəfli inkişaf edir, hər bir sahə inkişaf edir və idmanın inkişafı, əlbəttə ki, ölkəmizin ümumi inkişafını əksetdirir. İdmanla məşğul olmaq üçün indi bütün şərait var. Bakıda elə gözəl idman qurğuları tikilir və tikilibdir ki, onlar bütün yüksək standartlara cavab verir. Demək olar ki, bütün bölgələrdə müasir Olimpiya kompleksləri yaradılıb və o komplekslərə idmançıların axını təmin edilir. İdman infrastrukturunun yaradılması və bütövlükdə idmanı Azərbaycan cəmiyyətində önəmli bir amil kimi təqdimetmə siyasətimiz öz nəticəsini vermişdir. Belə olan halda əlbəttə, biz gələcəyə böyük ümidlərlə baxırıq və əminik ki, idmançılarımız gələcəkdə də bizi sevindirəcəklər.
Siz gənc idmançılar öz idman həyatınızda çox böyük uğurlar əldə etmisiniz. Gənc yaşlarında Olimpiya çempionu olmusunuz. Bu, böyük qələbədir, eyni zamanda, böyük məsuliyyətdir. Təbii ki, qızıl, gümüş və bürünc medal qazanan idmançılara diqqət də böyük olacaqdır, cəmiyyətdə də sizdən nümunə götürmək istəyənlər olacaqdır. Ona görə siz, ilk növbədə, peşəkar idman həyatınızı elə qurmalısınız ki, daim yüksək nəticələrə nail olasınız, eyni zamanda, həyatda, məişətdə də nümunə olmalısınız. Azərbaycan gəncləri bizim qürur mənbəyimizdir. Mən gənclərlə Bakıda, bölgələrdə tez-tez görüşürəm, onlara ürək sözlərimi deyirəm və qeyd edirəm, biz fəxr edə bilərik ki, müstəqil Azərbaycanın gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar və öz işi ilə ölkəmizin inkişafına töhfə verirlər. Siz gələcək fəaliyyətinizdə bu məsələləri daim diqqət mərkəzində saxlamalısınız və eyni zamanda, çalışmalısınız ki, peşəkarlığınızı artırasınız.
Bəzən həm Azərbaycanda, həm başqa ölkələrdə belə hallar olur ki, bir idmançı gənc yaşlarında böyük uğura imza atır. Amma ondan sonra idman səhnəsindən çəkilir, yaxud fəaliyyətini dayandırır və ya yüksək nəticəni təkrar edə bilmir. Belə hallar var, təkcə Azərbaycanda deyil. Ona görə bu böyük qələbə sizin üçün yeni bir stimul olmalıdır ki, gələcək fəaliyyətinizdə də öz gücünüzü sübut edəsiniz. Buna bütün imkanlar var, dövlət siyasəti aparılır, idmana rəhbərlik edən bütün qurumlar səmərəli fəaliyyət göstərir. Təlim-məşq prosesinin təşkili ilə bağlı heç bir problem yoxdur. Bizim idmançılarımız bütün mötəbər beynəlxalq yarışlarda iştirak edirlər. Yəni, Azərbaycan dövlətinin idman siyasəti hər bir gənc üçün böyük imkanlar açır. Siz bu imkanlardan gənc yaşlarınızda uğurla istifadə etmisiniz. Ona görə hesab edirəm ki, biz gələcəkdə də sizin qələbələriniz haqqında eşidəcəyik.
Azərbaycan böyük idman yarışına hazırlaşır. Bildiyiniz kimi, gələn il ilk dəfə olaraq Avropa Oyunları keçiriləcəkdir. Bu oyunların keçirilməsi Azərbaycana həvalə edilibdir. Bu, böyük məsuliyyətdir və Azərbaycan idmanının böyük nailiyyətidir. Çünki bu oyunların Azərbaycanda keçirilməsi qərarı bir neçə amilə söykənib. İlk növbədə, Azərbaycanın inkişafı, idman və xidmət infrastrukturunun mövcudluğu, müasir nəqliyyat sisteminin yaradılması, ümumi iqtisadi artım templəri də nəzərə alınmışdır. Eyni zamanda, idmançılarımızın çıxışları da burada öz rolunu oynayıb. Çünki belə mötəbər Avropa Oyunları birinci dəfə keçirilir. Bu oyunların necə keçiriləcəyi bizdən asılıdır. Çünki biz Avropa Oyunlarının keçirilməsi üçün standartlar müəyyən edəcəyik.
Bizim istəyimiz ondan ibarətdir ki, bu oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilsin. Buna imkan var. Qeyd etməliyəm ki, bu oyunlar iştirak edəcək idmançıların və idman növlərinin sayına görə Qış Olimpiya Oyunlarından daha da böyükdür, Yay Olimpiya Oyunlarına da çox yaxındır. Yəni, əslində Azərbaycanın üzərinə çox böyük və şərəfli missiya düşübdür ki, biz iki il yarım ərzində olimpiya oyunları səviyyəsində oyunlar keçirəcəyik. Hazırlıq prosesi gedir. Əminəm, bizim gənclərimiz də, - hələ bir il vaxt var, - çalışmalıdırlar ki, milli komandaya daxil olsunlar. Əgər bu, mümkün olacaqsa, əlbəttə ki, sizdən qələbə gözləyəcəyik. Əgər bu, mümkün olmayacaqsa, əminəm ki, siz hansısa başqa bir formada bu oyunların hazırlanmasında iştirak edəcəksiniz. Burada çoxlu təşkilati məsələlər var. O məsələlər ki, Azərbaycana bir daha özünü bütün Avropaya güclü, inkişafda olan, müasir dövlət kimi təqdim etməyə imkan verəcəkdir.
Bizim idmançılarımız həm intellektual, həm də fiziki güc tələb edən oyunlarda birinci yerlərdədirlər. Bu yaxınlarda Dünya Şahmat Olimpiadası keçirilmişdir. Bizim komandamız çox yüksək yerə layiq görülmüşdür. Yeniyetmələrin Olimpiya Oyunlarında da həmçinin. Bu, ölkəmizin gənclərinin intellektual və fiziki potensialını göstərir. Eyni zamanda, onu göstərir ki, gənclərimiz öz Vətənini nə qədər sevirlər, Vətənlə fəxr edirlər. Fəxr edirlər ki, onlar müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıdır.
Sizi bir daha bu böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə yeni uğurlar və xoşbəxtlik arzulayıram.
Sağ olun!
X X X
Güləş Federasiyasının baş katibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında hakimlər komissiyasının inspektoru olmuş Əjdər CƏFƏROV dedi:
- Möhtərəm cənab Prezident.
Fürsətdən istifadə edərək Sizi bu qələbə münasibətilə təbrik edirəm.
Cənab Prezident, bu, Sizin qələbənizdir, başda Siz olmaqla Azərbaycan xalqının qələbəsidir. Çünki Sizin diqqət və qayğınız nəticəsində bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük irəliləyişlər var. Sizin göstərişiniz əsasında istər paytaxtımızda, istərsə də regionlarımızda inşa edilmiş Olimpiya komplekslərimizdən bu gün yeniyetmə və gənc idmançılarımız istifadə edərək yüksək əyarlı medallar qazanırlar. Şəxsən Sizin diqqətiniz və idmana olan sevginiz biz idmançıları ruhlandırır. Hər dəfə mötəbər beynəlxalq yarışlardan əvvəl və sonra idmançılarla keçirdiyiniz görüşlər, bizə göstərdiyiniz etimad məsuliyyətimizi daha da artırır. Biz bu məsuliyyəti başa düşərək beynəlxalq yarışlarda iştirak edirik və daim qızıl medallar əldə edirik. Bu, başqa cür ola da bilməz.
Möhtərəm cənab Prezident, mən bir daha Sizi bu böyük qələbə münasibətilə idmançılar, xüsusən də güləşçilər adından təbrik edirəm. Sizi əmin etmək istəyirik ki, üçrəngli bayrağımızı daim yüksəklərə qaldırmaq, himnimizi səsləndirmək üçün var qüvvəmizlə çalışacağıq, Sizin etimadınızı doğruldacağıq. Qarşıda bizi böyük sınaqlar, paytaxtımızda keçiriləcək birinci Avropa Oyunları, Avropa və dünya çempionatları, 2016-cı ildə Rio-de-Janeyroda Yay Olimpiya Oyunları gözləyir.
Möhtərəm cənab Prezident, biz bir daha dünyaya sübut edəcəyik ki, Azərbaycan güclü dövlətdir. Azərbaycanın İlham Əliyev kimi güclü Prezidenti var. Biz bununla fəxr edirik. Yaşasın güclü və qüdrətli Azərbaycan!
X X X
İdmanın atletika növündə bürünc medal qazanmış Nazim BABAYEV dedi:
- Hörmətli cənab Prezident.
Hörmətli idmançılar və qonaqlar.
Bu gün mən sonsuz sevinc hissi keçirirəm. Çünki kütləviliyinə görə Yay Olimpiya Oyunlarından sonra ikinci yerdə duran mötəbər bir yarışın – Yeniyetmələrin Yay Olimpiya Oyunlarının mükafatçısı oldum. Bu, təkcə mənim qələbəm deyil, hörmətli Prezident, bu, ilk növbədə Sizin qələbənizdir. Bu, ilk növbədə dünyada yaşayan azərbaycanlıların qələbəsidir. Mən sevinirəm ki, Azərbaycanın şan-şöhrətini, idman nüfuzunu bütün dünyaya tanıtdım. Çətin keçən yarışlarda Sizin və xalqımızın dəstəyi mənə kömək oldu. Özümü həm fiziki, həm də mənəvi cəhətdən bu yarışlara hazır hesab edirdim və bu inamla da yarışlara qatıldım. Yüngül atletikanın üç təkanla tullanma növündə bürünc medala layiq görüldüm. Bu yarışlar mənim yüksək təcrübə toplamağıma kömək oldu.
Möhtərəm Prezident, biz bütün idmançılar bu qələbələrimizə görə Sizə təşəkkür edirik və bundan sonra da doğma vətənimizin idman şərəfini beynəlxalq miqyaslı yarışlarda layiqincə qoruyacaq, yeni nailiyyətlər əldə edəcəyik. Diqqətinizə görə çox sağ olun.
X X X
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz HÜSEYNZADƏ dedi:
- Möhtərəm cənab Prezident.
Həqiqətən böyük bir tarixi qələbə qazanılıb. Amma mən bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Bu məqam ondan ibarətdir ki, bu qələbəni qazanan uşaqların demək olar ki, əksəriyyəti 1997-ci ildə anadan olub. Bu, həmin ildir ki, Siz Milli Olimpiya Komitəsinin prezidenti seçilmisiniz. Deməli, onlar Sizin dövrünüzdə anadan olublar, böyüyüblər. Mən hesab edirəm bu, bizim Olimpiya Komitəsinin, idman strukturlarının ən böyük qələbəsidir ki, 17 il ərzində əldə olunan nəticələr göz qabağındadır. Mən də bütün idmançılar, bütün Azərbaycan idmansevərləri adından Sizi bu böyük qələbə münasibətilə təbrik edirəm. Mən bir şeyi demək istəyirəm. On yeddi il bundan qabaq o tarixi seçki olmasa idi, bəlkə də bu gün bu nəticələr olmazdı.
X X X
Prezident İlham ƏLİYEV dedi:
- Bəli, yadımdadır, o günlər. O, idmanın inkişafında əlbəttə ki, çox önəmli bir hadisə idi. Çünki Azərbaycan müxtəlif dövrlərdə öz idmançıları ilə fərqlənən bir respublika idi, diyar idi. Sovet vaxtında da bizim böyük qələbələrimiz olmuşdur. Dünya çempionlarımız, Azərbaycan idmançıları Olimpiya Oyunlarında ləyaqətlə çıxış etmişlər. Ancaq əlbəttə, müstəqilliyimizin ilk illərində idmanın tənəzzülü yaşanırdı. Bəlkə də bu, müəyyən dərəcədə təbii bir proses idi. Çünki ölkəmiz bütövlükdə çox ağır vəziyyətdə idi. Torpaqlarımız işğal altına düşürdü. Eyni zamanda, iqtisadi vəziyyət çox ağır idi, siyasi böhran yaşanırdı, vətəndaş müharibəsi başlamışdı. Əlbəttə ki, belə bir şəraitdə idmançılardan yüksək nəticə gözləmək çətin idi.
Xoşbəxtlikdən Azərbaycan xalqı 1993-cü ildə çox müdrik qərar qəbul etmişdir, ulu öndər Heydər Əliyevə müraciət edərək onu siyasi hakimiyyətə dəvət etmişdir və 1993-cü ildən başlayaraq Azərbaycanda proseslər müsbət istiqamətdə getmişdir. O cümlədən idmanın inkişafı istiqamətində də çox böyük işlər görülmüş, vahid konsepsiya tərtib olunmuşdur. Əlbəttə ki, 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçilməyim mənim üçün də yeni bir çağırış, yeni bir məsuliyyət idi. Mən o vaxt artıq Milli Məclisin üzvü, Dövlət Neft Şirkətinin vitse-prezidenti idim. Həm kifayət qədər çox işlərim, həm də böyük məsuliyyətim var idi. Çünki o vaxt neft kontraktlarının hazırlanması, icrası ilə bağlı çox ciddi məşğul idim. Bildiyiniz kimi, bu gün Azərbaycan iqtisadiyyatının uğurlu inkişafının təməlində məhz neft siyasətimiz durur. Ona görə, bu yeni vəzifə əlbəttə ki, mənim üçün çox maraqlı idi, eyni zamanda, yeni idi. Mən özüm uşaqlıq yaşlarımdan idmanla məşğul olurdum. Bu gün də məşğul oluram və hər bir insana bunu məsləhət görürəm. Ancaq peşəkar idmançı deyildim. Amma fikirləşdim ki, biz Azərbaycan idmanını mütləq inkişaf etdirməliyik. Çünki gözəl potensial, xalqımızın ənənələri, ənənəvi idman növlərimiz var və xalqımız fiziki cəhətdən çox hazırlıqlıdır, güclüdür, vətənpərvərdir.
İlk növbədə, idmançılara şərait yaratmaq məsələləri gündəlikdə idi. Çünki əgər şərait olmasa, idmançı əlbəttə ki, yüksək nəticəyə çata bilməz. Şərait isə yox idi. Eyni zamanda, bizim bəzi tanınmış idmançılarımız Vətəni tərk etmiş, başqa ölkələrə getmişdilər. Çünki orada idmanla məşğul olmaq üçün şərait, eyni zamanda, maddi təminat da var idi. Çalışdıq ki, onları Vətənə qaytaraq, bəzi hallarda buna müvəffəq olduq, bəzi hallarda alınmadı. İdman komplekslərinin yaradılması ilə məşğul olmağa başladıq. Eyni zamanda, biz idmanın inkişafı ilə bağlı vahid yanaşmanı formalaşdırdıq. Çünki o vaxta qədər sizə deyə bilərəm ki, Gənclər və İdman Nazirliyi, federasiyalar, Milli Olimpiya Komitəsi bir-biri ilə yola getmirdilər. Bəzi ölkələrdə olduğu kimi, bizdə də burada qarşıdurmalar, toqquşmalar, intriqalar hökm sürürdü. İlk aylarda, bəlkə də birinci bir-iki ildə mən bu məsələ ilə də məşğul idim ki, burada bu xoşagəlməz halları aradan götürək. Çünki bizim hamımızın bir məqsədi var ki, Azərbaycan idmanı inkişaf etsin və Azərbaycan idman arenalarında güclü dövlət kimi özünü göstərsin. Ona görə biz əlbəttə, bu məsələlərlə - gənc idmançılarımızın hazırlığı, seleksiya məsələləri ilə də məşğul olduq. Bizim tanınmış məşqçilərimizin bir neçəsi xaricdə idi, onları da dəvət etdik, digər tədbirlər görüldü və biz tədricən bu nəticələri görməyə başladıq.
Beynəlxalq idman qurumları ilə çox səmərəli əməkdaşlıq yaradılmışdır. Azərbaycanda dünya çempionatları keçirilməyə başlanmışdır. Yadımdadır, birinci dəfə yeniyetmələr arasında boks üzrə dünya çempionatı keçirilmişdir. Ağacan müəllim, bizim görkəmli idman xadimimiz o vaxt böyük səylər göstərmişdir. Beynəlxalq turnirlər keçirilmişdir. Bu, birinci addımlar idi. Biz bilirdik ki, bu addımlar uğurlu olsa, onda Avropa və dünya çempionatları Azərbaycanda keçirilə bilər və belə də oldu. Azərbaycanda idmanın bir neçə növü üzrə dünya və Avropa çempionatları keçirilmişdir. İndi Avropa Oyunları, əslində Avropanın Olimpiya Oyunları Azərbaycanda keçiriləcəkdir.
Əlbəttə ki, idmançılarımızın uğurları və eyni zamanda, gənc idmançılarımızın qələbələri məni həddindən artıq sevindirir. Çingiz burada qeyd etdi. Siz gəncsiniz, siz müstəqillik dövründə dünyaya gəlmisiniz və sizin qələbələriniz Azərbaycan dövlətinin gücüdür. Müstəqil Azərbaycan görün nəyə qadirdir. Sovet vaxtında belə qələbələri biz ancaq arzu edə bilərdik. Əgər bir və iki idmançımız hansısa dünya çempionatında yüksək yerə layiq görülürdüsə, bizim üçün böyük bayram idi. Ancaq bu gün müstəqil ölkə kimi dünya miqyasında böyüklər arasında 30-cu, gənclər arasında isə 10-cuyuq. Budur, real işlərin nəticəsi. Bu, onu göstərir ki, hər bir sahədə əgər işlər düzgün qurulursa, yanaşma düzgündürsə, güclü iradə varsa və məsələlərlə bağlı bütün aidiyyəti qurumlar bir nöqtəyə vururlarsa, mütləq nəticə də olacaqdır.
Mən giriş sözümdə qeyd etdiyim kimi, çox istəyirəm ki, bax bu oyunlarda qələbə qazanmış idmançıların adlarını biz gələcəkdə çox-çox, tez-tez eşidək. Siz mütləq bu fikirlə, bu amalla yaşamalısınız ki, gələcəkdə daha da böyük nəticələr əldə edəsiniz. Əminəm ki, belə də olacaq. Buna nail olmaq üçün bütün şərait var. Bu gün sizin qələbəniz bizim hamımızı ruhlandırır və bir daha göstərir ki, gənc, müstəqil Azərbaycan dövləti böyük uğurları əldə etməyə qadirdir, bunu edir və edəcəkdir. Bir daha sizi təbrik edirəm.
X X X
Sonda xatirə şəkli çəkdirildi.