Məmmədəli Məmmədəliyevdən, İsmayıllı, Azərbaycan
29 avqust 2014, 18:00
Möhtərəm cənab Prezident!
Bütün Azərbaycan xalqının sevimlisi, əzizi, ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi, xalqımızın qeyrətli, vətənpərvər, fədakar oğlu!
Siz müstəqil Azərbaycan Respublikasının inkişafı, onun dövlətçilik ənənələrinin qorunub saxlanması, möhkəmləndirilməsi, iqtisadi-siyasi qüdrətinin artırılması, müstəqilliyinin əbədi xarakter alması, xalqımızın rifah halının gündən-günə yaxşılaşması, ölkəmizin inkişaf etmiş dövlətlər səviyyəsinə çatması üçün gecə-gündüz çalışır, yorulmadan fəaliyyət göstərir, uzaqgörən sosial-iqtisadi siyasət aparır, ölkəmizi çox böyük və uğurlu gələcəyə istiqamətləndirirsiniz.
Fəaliyyətiniz xalqımızın, türk dünyasının, bütövlükdə bəşəriyyətin inkişafına, milli-mənəvi idealların yüksəlişinə, ictimai-bəşəri şüurun təşəkkülünə yönəlmiş, Sizi dünyada seçilib fərqlənən liderlər sırasına çıxarmışdır.
Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz, siyasi liderimiz, humanist və vətənpərvər ölkə başçımız vardır. Sizin rəhbərliyiniz altında istək və arzularımız çiçək açır. Sosial həyatımız gündən-günə tərəqqi və inkişafa istiqamət götürür, firavanlığa qovuşur. Vətəndaş cəmiyyəti, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu uğurla davam etdirilir.
Möhtərəm cənab Prezident! Bu inkişaf, yüksəliş və tərəqqi bölgəmizdə, İsmayıllı sakinlərinin sosial həyatında da çox bariz şəkildə özünü göstərir. Son illərdə rayonumuz sürətli inkişafa, yüksəliş və tərəqqiyə qədəm qoyub. İsmayıllı şəhərinin, qəsəbə və kəndlərin siması tanınmaz dərəcədə dəyişib, illərdən bəri yığılıb qalan problemlər öz həllini tapmağa başlayıb.
Biz İsmayıllı rayonunun ucqar dağ kəndində, Lahıc qəsəbəsindən 7-8 kilometr aralıda Müdri kəndində yaşayırıq. Minnətdarlıqla qeyd etmək istəyirik ki, Lahıcdan kəndimizə qədər olan yol, Girdimçay üzərindəki körpü təmir edilib, kənd sakinlərinin Lahıca, rayon mərkəzinə rahat gediş-gəliş təmin olunub.
Kəndimizdə müasir tipli yeni tam orta məktəb binası tikilib istifadəyə verilib. Sosial həyatımıza, məişətimizə yeniliklər, müasir texnologiyalar daxil olmaqdadır. Hazırda biz bu ucqar dağ kəndində mobil telefonlardan, kompüterlərdən, müasir televiziya kanallarından istifadə imkanlarına malikik.
Yaşadığımız evlərin həyətinə su xətti çəkilib. Kəndimizin abadlaşması, inkişaf etdirilməsi, gənclərimizin öz doğma yurduna dönüşü baş tutmaqdadır. Əhalinin daha rahat məkanlara, respublikanın iri şəhərlərinə köçüb getməsinin qarşısı alınıb. Mübaliğəsiz deyə bilərik ki, gənclərimiz artıq şəhərdən kəndə qayıdırlar, öz doğulduqları torpaqda yaşamağa üstünlük verirlər, təsərrüfat qurur, ev tikirlər.
Möhtərəm cənab Prezident! Bütün bunlara, həyatımıza, məişətimizə, düşüncə tərzimizə, maddi və mənəvi aləmimizə gətirdiyiniz yeniliklərə, uğurlu və müsbət nəticələrə görə Sizə bütün kənd sakinləri, ağsaqqallar, ziyalılar, gənclər adından sonsuz təşəkkürümüzü, dərin minnətdarlığımızı bildirir, çətin, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar, nailiyyətlər arzulayırıq!
Ulu Tanrı Sizi qorusun!
Müdri kənd ağsaqqalları, ziyalıları adından dərin hörmətlə,
Məmmədəliyev Məmmədəli İmaməli oğlu, təqaüddə olan müəllim.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.