Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27 avqust 2014, 18:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Babək rayonunda otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad – Babək qəsəbə – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2014-cü il.