Coşqun Əliyevdən, Krasnoyarsk, Rusiya


12 avqust 2014, 11:00
Cənab Ali Baş Komandan!
Mən 2001-2003-cü illərdə Azərbaycan ordusunda Motoatıcı tağım komandiri və motoatıcı bölük komandiri əvəzi olaraq həqiqi hərbi xidməti layiqincə yerinə yetirmişəm. Hazırda Rusiyada yaşayıram.
Hər gün cəbhədən aldığım məlumatlar mənim qanımı damarlarımda coşdurur. Vətənim, millətim və dövlətim məndən ötrü hər şeydən ucadır, bu yolda canımı, qanımı əsirgəməyəcəyimə and içmişəm və bu andıma sadiqəm. Ordumuzda yenidən xidmət etməyi çox istəyirəm. Eyni məktubla Müdafiə Nazirliyinə də 3 dəfə müraciət etmişəm. Mənim təkrar xidmətə başlamağıma və cəbhə bölgəsinə göndərilməyimə yardımçı olmağınızı istərdim. Orduda xidmət etdiyim zaman yüzlərcə peşəkar əsgər yetişdirmiş, korpus komandiri, briqada komandiri və onların müavinləri tərəfindən dəfələrlə nümunəvi xidmətimə görə mükafatlandırılmışam. Nə əməkhaqqı, nə də başqa bir təminat arzusunda deyiləm. Arzuladığım tək şey təkrar şəxsi heyətimin başına keçib müqəddəs bayrağımızı Şuşamızda, Qarabağımızda dalğalandırmaqdır. Bir Vətən oğlunun, Allah qismət etsə gələcək şəhidinin arzusunu ürəyində qoymayın.
Dərin hörmətlə,
Əliyev Coşqun İzafəddin oğlu, baş leytenant.
Rusiya Federasiyası, Krasnoyarsk şəhəri, Xırxatala kəndi.