logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

11 avqust 2014, 19:00

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 200 (iki yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin.

2. Bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, həmin hərbi qulluqçuların ailə üzvlərinin (valideynləri, dul arvadı) sayına bərabər bölünməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi qaydasını bir ay müddətində hazırlayıb təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 avqust 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi