İlham Əliyev Bərdə şəhərində yeni salınan Heydər Əliyev parkında görülən işlərlə tanış olub
06 avqust 2014, 16:35
Prezident İlham Əliyev Bərdə şəhərində yeni salınan Heydər Əliyev parkında görülən işlərlə tanış olub.
Ölkənin ümumi inkişaf tempinə uyğun olaraq sürətlə müasirləşən və gözəlləşən Bərdə şəhərində yeni park-bulvar kompleksi tikilir. Ulu öndər Heydər Əliyevin adını daşıyacaq bu kompleks ölkənin regionlarında salınmış ən böyük mədəniyyət və istirahət mərkəzlərindən biri olacaq.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 1500 metr olacaq park-bulvar kompleksi ilkin mərhələdə 40 hektar ərazini əhatə edəcək və gələcəkdə daha da genişləndiriləcək.
İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları qorunub saxlanılıb. Hazırda iki istiqamətdən həmin abidəyə asma körpü çəkilir. 14 fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artıracaq.
Ulu öndər Heydər Əliyevin kompleksdə ucaldılacaq abidəsinin yerləşdiyi 4 min kvadratmetr ərazidə qranit örtüklü monument yaradılır, 5 fəvvarədən ibarət yeni kompleks salınır. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görüləcək.
Parkın giriş qapısı da öz əzəməti ilə diqqəti cəlb edir. Eni 36 metr, hündürlüyü 12 metr olan qapı milli memarlıq üslubunda ucaldılıb. Yeni tikiləcək mədəniyyət sarayına da 3 istiqamətdən giriş qapıları qoyulub. Burada keçiriləcək müxtəlif tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq. Park-bulvara üz tutanların istirahətinin mənalı təşkili üçün 1000 tamaşaçı yeri olan süni örtüklü stadion, geniş ərazidə uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri, ticarət və iaşə obyektləri, 1,2 kilometr uzunluğunda velosiped yolu, 300 yerlik avtomobil dayanacağı yaradılır.
Parka 27 kilometr uzunluğunda yeni su xətti çəkilib, İtaliya istehsalı olan 460 işıq dirəyi, 10 ədəd relyef birləşdirici pilləkən quraşdırılıb. Həmçinin 21 hektarda yaşıllaşdırma işləri aparılıb, 6 minə qədər ağac və bəzək kolları əkilib.
Gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev park-bulvar kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.