İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 iyul 2014, 16:20
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Herbert Salberi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edən Prezident İlham Əliyev onun bu səfərinin regiondakı vəziyyətlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına əminliyini ifadə etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı bildirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdardır. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altında olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər.
Regiona müxtəlif vaxtlarda bir neçə dəfə səfər etdiyini vurğulayan Herbert Salber mövcud vəziyyətlə tanış olduğunu dedi. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğuladı.