İlham Əliyev Xızı Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub
22 iyul 2014, 14:35
Prezident İlham Əliyev Xızı Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevin sərəncamları və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən binalar bölgələrin simasını daha da gözəlləşdirir. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada Xızı rayonunda görülən işlər də diqqəti cəlb edir.
Rayon icra hakimiyyəti üçün yeni tikilən binada yaradılan şərait ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinin daim diqqət mərkəzində olduğunu təsdiqləyir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan həmin bina rayonun görkəminə də xüsusi gözəllik verir. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.
Dövlət başçısına məlumat verildi ki, binanın inşasına 2013-cü ilin aprelində başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə, həmçinin Prezident İlham Əliyevin müxtəlif illərdə Xızı rayonunda keçirilən tədbirlərdə iştirakını əks etdirən şəkillər böyük maraq doğurur.
Dövlət başçısı otaqlarda yaradılan şəraitlə də tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri şəbəkəyə qoşulub. Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Binada kitabxana, iclas və konfrans zalları, inzibati və digər otaqlar vardır. İcra hakimiyyətinin binası, eyni zamanda, şəhərin simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.