Azərbaycan və Yunanıstan prezidentlərinin mətbuat üçün bəyanatları
16 iyun 2014, 16:15
Yunanıstan Prezidenti Karolos Papulyasın bəyanatı
- Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi Afina şəhərində səmimiyyətlə salamlamaqdan məmnunluq hissi duyuram. Bugünkü səfər Yunanıstan ilə Azərbaycan arasında gözəl münasibətlərin yeni bir işarəsidir, əməkdaşlığımız üçün yeni yollar, yeni üfüqlər açır.
Prezident Əliyevin və mənim ikitərəfli münasibətlərimizin hər bir aspektini nəzərdən keçirmək imkanımız oldu. Burada həm siyasi, həm enerji, həm iqtisadi, həm ticari, həm də mədəni sahələrdə əlaqələr nəzərdə tutulur. Bizim, həmçinin mühüm beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu.
Ölkələrimiz arasında siyasi münasibətlər inkişaf edir. Bu, ölkələr arasında həm dövlət səviyyəsində, həm də siyasi səviyyədə çox mühüm səfərlərin həyata keçirilməsindən görünür. Mədəni münasibətlərimiz sahəsində də gözəçarpan artım mövcuddur. Mən burada xüsusən də universitetdə müasir yunan dili və sivilizasiyası mərkəzinin açılmasını nəzərdə tuturam. Həmçinin Bakı Slavyan Universitetində yunan dili tədris olunur.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini bildirən Prezident Karolos Papulyas Azərbaycanın təbii qazının Yunanıstan vasitəsilə Avropaya çatdırılmasını mümkün edəcək TAP təbii qaz boru kəmərinin əhəmiyyətindən danışdı.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın DESFA şirkətinin səhmlərinin əsas hissəsini almasını müsbət hal kimi dəyərləndirən Yunanıstan dövlətinin başçısı dedi:
- Bu gün biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə yeni imkanlar açan üç sənədi imzaladıq: Yunanıstan ilə Azərbaycan arasında Avropa İttifaqı məsələləri haqqında memorandum, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş və gənclər sahəsində əməkdaşlıq memorandumu.
Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri nəzərdən keçirdik. Bu münasibətlər Avropa İttifaqının qonşuluq siyasətinin hissəsidir. Biz bu kimi məsələlərə Avropa İttifaqının Şurasında sədrliyimiz zamanı xüsusi diqqət yetirdik. Son altı ay ərzində bu qəbildən məsələləri fəal şəkildə təşviq etdik.
Prezident Karolos Papulyas Kipr məsələsi ilə bağlı aparılan danışıqların mühüm mərhələyə daxil olduğunu vurğuladı. Yunanıstan dövlətinin başçısı bəyanatını bu sözlərlə bitirdi:
- Yekun olaraq Azərbaycan Prezidentinə olduqca məhsuldar və əhatəli danışıqların aparıldığına görə təşəkkürümü bildirirəm və Sizə Yunanıstanda xoş səfər arzulayıram.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Çox təşəkkür edirəm, hörmətli cənab Prezident.
İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz minnətdarlığımı bildirirəm.
Bu, mənim Yunanıstana ikinci rəsmi səfərimdir. Prezident Papulyas da üç il bundan əvvəl Azərbaycana rəsmi səfər etmişdir. Bu səfərlər onu göstərir ki, Yunanıstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir və əminəm, mənim səfərim bu əlaqələrə yeni təkan verəcəkdir.
Prezident Papulyas qeyd etdiyi kimi, bizim siyasi əlaqələrimiz gündən-günə güclənir və əminəm ki, gələcəkdə daha da güclənəcəkdir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Xüsusilə Avropa Şurasında bizim nümayəndə heyətlərimiz çox fəal əməkdaşlıq münasibətləri qurmuşlar. Keçən ay Azərbaycan Avropa Şurasında sədrliyi öz üzərinə götürmüşdür və ilin sonuna qədər bu sədrliyi davam etdirəcəkdir. Yunanıstan isə Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına çox böyük töhfə vermişdir. Avropa İttifaqı-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, strateji xarakter alıbdır. İki gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana uğurlu səfəri bu əlaqələrin strateji mahiyyətini bir daha təsdiq etmişdir.
Biz Prezident Papulyas ilə regional təhlükəsizlik məsələlərini də geniş şəkildə müzakirə etdik. Regional təhlükəsizlik üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayır. Münaqişənin tezliklə həlli bölgəyə sülh, əməkdaşlıq gətirəcəkdir. BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ümid edirəm ki, bu münaqişənin həlli yaxın zamanlarda mümkün olacaq və beləliklə, dediyim kimi, bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.
Əlaqələrimizin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. Burada Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra edilən “Şahdəniz”, TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcəkdir.
Bu gün, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu məsələləri də müzakirə edildi, mədəniyyət sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə, bizim əlaqələrimiz çox geniş xarakter daşıyır və əminəm ki, gələcəkdə daha da sürətlə inkişaf edəcəkdir.
Cənab Prezident, qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, səfərin nəticələri iki ölkəni bir-birinə daha da yaxın edəcəkdir. Sağ olun.