İlham Əliyev Yunanıstan parlamentinin sədri Vanqelis Meimarakis ilə görüşmüşdür
16 iyun 2014, 19:35
Prezident İlham Əliyev iyunun 16-da Afinada Yunanıstan Respublikası parlamentinin sədri Vanqelis Meimarakis ilə görüşmüşdür.
Yunanıstan parlamentinin sədri dövlətimizin başçısını qarşıladı.
Vanqelis Meimarakis dost Azərbaycanın Prezidenti İlham Əliyev ilə Yunanıstan parlamentində görüşündən məmnunluğunu bildirdi. O, Azərbaycan və Yunanıstan parlamentləri arasında əlaqələrin inkişaf etdiyini söylədi.
Ötən ilin noyabrında Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin Azərbaycanda olduğunu xatırladan sədr yaxın vaxtlarda özünün də ölkəmizə səfər edəcəyini diqqətə çatdırdı. Vanqelis Meimarakis bu səfərin parlamentlərarası əlaqələrin dərinləşməsinə töhfə verəcəyini vurğuladı.
Parlamentin sədri, həmçinin Azərbaycan Prezidentinin Yunanıstana dövlət səfərinin ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd etdi.
Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin ölkələrimiz üçün çox önəmli olduğunu dedi, bu əlaqələrin ümumi əməkdaşlığımızın inkişafında mühüm yer tutduğunu bildirdi.
Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələrin inkişafını qeyd edən dövlətimizin başçısı qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyətini bunun göstəricisi olduğunu vurğuladı.
Dövlətimizin başçısı ikitərəfli əməkdaşlığımızın çox uğurlu olduğunu söylədi. Son beş ildə Yunanıstana ikinci dəfə səfər etdiyini deyən Prezident İlham Əliyev bunun ölkələrimiz arasında əlaqələrin inkişafını təsdiq edən mühüm fakt olduğunu diqqətə çatdırdı.
Prezident İlham Əliyev səfər çərçivəsində Yunanıstan Prezidenti və Baş naziri ilə səmərəli görüşlər keçirdiyini dedi, Azərbaycan ilə Yunanıstan arasında qurulmuş dostluq əlaqələrinin çox uğurla inkişaf etdiyini və əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsi üçün böyük imkanların olduğunu bildirdi.
Sonda Vanqelis Meimarakis Yunanıstan parlamentinin qızıl medalını Prezident İlham Əliyevə təqdim etdi.