ATƏT-in VII sammitində İlham Əliyevin nitqi
01 dekabr 2010, 09:30
Hörmətli cənab sədr!
Xanımlar və cənablar!
İlk öncə bu zirvə görüşünün əla təşkili, göstərilmiş səmimi qonaqpərvərlik və il ərzində ATƏT-ə sədrlik etdiyinə görə Prezident Nursultan Nazarbayev və bütün qazaxıstanlı dostlarımıza minnətdarlığımı bildirmək istəyirəm.
Mən diqqətinizi regionumuzdakı təhlükəsizlik məsələlərinə cəlb etmək istərdim. Ermənistan ilə Azərbaycan arasında hazırkı silahlı münaqişə beynəlxalq və regional sülh və sabitliyə əsas təhdid olaraq qalır. Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlədən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Ermənistan şəhər və kəndlərimizi, evlərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın məzarlarını və məscidlərimizi dağıtmışdır. Onlar hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı olduğuna görə Ermənistanın silahlı qüvvələri tərəfindən məhv edilmişdir.
Xocalının günahsız qurbanları arasında 100-dən artıq uşaq olmuşdur.
Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. O, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir. Bu gün Ermənistan işğal edilmiş ərazilər üzərində nəzarəti saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıdışına mane olmaq məqsədilə gücdən istifadə edir. Buna baxmayaraq, Azərbaycan hər zaman sülh danışıqlarına sadiq qalmış, qalır və yenə də ümid edir ki, onlar nəticə gətirəcəkdir. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşma, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır. Lakin Ermənistan münaqişənin mümkün qədər tezliklə uzunmüddətli həllinə nail olmaq məqsədilə vicdanla danışıqlar aparmaq əvəzinə, gözlənilməz nəticələri ola biləcək münaqişənin eskalasiyasına üstünlük verir. Ermənistan daimi olaraq atəşkəs rejimini pozur, işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir, işğal edilmiş şəhər və kəndlərimizin tarixi adlarını dəyişməyə cəhd göstərir. Ermənistan qeyri-qanuni olaraq mülki şəxsləri işğal edilmiş ərazilərə yerləşdirir, vəziyyəti dönməz və sülh prosesini mənasız etməyə çalışır.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyət ATƏT-in faktaraşdırıcı missiyasının 2005-ci ildə regiona etdiyi səfərdən sonra hazırlanmış məruzədə əks olunub. Ermənistanın danışıqlar prosesindəki davranışı bizi belə qənaətə gətirir ki, Ermənistan sülh istəmir, işğal edilmiş əraziləri azad etmək fikrində deyil, sadəcə bacardığı qədər status-kvonu saxlamaq və danışıqlar prosesini müddətsiz etməyi arzulayır.
ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılmışdır, danışıqlar təxminən 20 ildir ki, aparılır, lakin heç bir nəticə yoxdur.
Azərbaycan Praqa prosesi çərçivəsində son altı il ərzində Minsk qrupunun həmsədr ölkələri tərəfindən hazırlanmış təklifləri qiymətləndirir. Biz danışıqları davam etdirməyə, onları mümkün qədər tez yekunlaşdırmaq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanacaq həll variantına nail olmağa hazırıq.
Sağ olun.