İlham Əliyev Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışında iştirak etmişdir
29 may 2014, 16:15
Bakıda Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Azərbaycanda səhiyyə sahəsində islahatlar ildən-ilə daha geniş vüsət alır. Səhiyyənin kompleks şəkildə inkişafı dövlətin sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Son 10 ildə Azərbaycanın səhiyyə sistemi əsaslı inkişaf yolu keçmişdir. Bu sahədə müxtəlif dövlət proqramları həyata keçirilir. Əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması və onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Səhiyyə müəssisələrinin təmir və bərpası, ən müasir avadanlıqla təchiz edilməsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, əhalinin bütün növ tibbi xidmətlərlə əhatə olunması, tibb işçilərinin ixtisasının artırılması, ən müasir standartlara uyğun yeni kadrların hazırlanması səhiyyə sahəsində islahatların əsasını təşkil edir.
Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda inşası başa çatdırılan Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu da ölkəmizdə reallaşdırılan islahatlara mühüm töhfədir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilən bu səhiyyə ocağı ölkəmizdə idman nailiyyətlərinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması, müasir beynəlxalq təcrübənin tətbiqi, gənc idmançıların potensialının aşkar edilməsi və xəsarət almış idmançıların reabilitasiyası məqsədi ilə yaradılmışdır. İnstitutun əsas fəaliyyət istiqamətləri idmançıların və ehtiyat qüvvələrin diaqnostikası, dispanserləşdirilməsi və müalicəsidir.
Prezident İlham Əliyev institutun rəmzi açılışını bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına yeni səhiyyə müəssisəsi haqqında məlumat verdi. Bildirildi ki, institutun binasının inşasına 2012-ci ilin yanvar ayında başlanmışdır. Dördmərtəbəli bina orijinal layihə əsasında tikilmişdir. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. İnfrastruktur ən son elmi-texniki yeniliklərə cavab verir.
Diqqətə çatdırıldı ki, bu tibb ocağında qeydiyyat prosedurlarının rahatlığı üçün hər cür şərait yaradılmışdır. İnstitutda dünya standartlarına cavab verən avadanlıq quraşdırılmışdır. Buradakı avadanlıq idmançıların ilkin müayinəsi üçün olduqca vacibdir. Bir sıra avadanlıq biometrik müayinələr üçün nəzərdə tutulmuşdur. İnstitutda idmançıların səhhəti ilə bağlı əldə edilən məlumatların təhlili onların cari hazırlıq vəziyyətini qiymətləndirməyə imkan verir. Bu da məşq prosesinin düzgün aparılması üçün vacib əhəmiyyət kəsb edir. Ən müasir avadanlıq məşq və yarışlar zamanı müxtəlif mərhələlərdə idmançıların qidalanmalarının seçimi, tənzimlənməsi və adekvat fiziki yükün müəyyənləşdirilməsinə imkan verir. Yüksək səviyyəli avadanlıq vasitəsilə aparılan funksional yük sınaqları da ümumi işin daha məqsədyönlü şəkildə yerinə yetirilməsində mühüm rol oynayır. Bir sıra spesifik avadanlıq xüsusi iqlim şəraitində idmançıların hazırlıq səviyyəsini yoxlamağa, ekstremal təbii şəraitlərə uyğun qaydada məşğələlər aparmağa əlverişli imkan yaradır. İnstitutda qaçış ustaları, avarçəkmə, xizəksürmə və idmanın digər növləri üzrə idmançıların müayinələri də aparılacaqdır. Burada yaradılan şərait Azərbaycanda səhiyyə islahatlarının səviyyəsi, həmçinin respublikamızda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı barədə dolğun təəssürat yaradır.
Qeyd edildi ki, institutda idmançıların hərəkətlərinin video-kompyuter təhlili imkanına malik optik sistem quraşdırılmışdır. Kompleks diaqnostika gizli zədələri təyin etməyə, reabilitasiya tədbirlərinin səmərəliliyini qiymətləndirməyə, idmançılar üçün optimal geyim seçməyə və paralimpiyaçılarla bağlı aparılan tədbirlərin funksionallığını qiymətləndirməyə geniş imkanlar açır.
Məlumat verildi ki, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutundakı stasionar bölmədə dörd palata vardır. Həmin palatalar gündüzlər idmançıların fərdi reabilitasiya proqramlarının reallaşdırılması üçün nəzərdə tutulmuşdur. Stasionar bölmə, eyni zamanda, ağır xəstə idmançılar üçün müalicəvi və diaqnostik tədbirlərin icrasına yardım məqsədi də daşıyır. Burada paralimpiyaçılar üçün də xüsusi palata yaradılmışdır. Müasir laboratoriya idmançıların funksional vəziyyətinin təməl, cari və mərhələli monitorinqini həyata keçirmək üçün lazımi avadanlıqla təchiz edilmişdir. İnstitutda müxtəlif sahələr üzrə həkimlərin səmərəli çalışmaları üçün hər cür şərait yaradılmışdır. Burada ixtisaslı həkimlər idmançıların yüksək nəticələrə nail olmaları üçün onlara müvafiq tibbi yardım göstərəcəklər.
İnstitutda idmançılarla bağlı məşq prosesi və ya reabilitasiya tədbirlərinin optimallaşdırılması məqsədilə hər bir idmançı üzrə məlumatlar təhlil olunacaqdır. Həmin proses zamanı idmançı və məşqçilərlə sıx əməkdaşlıq aparılacaqdır. Bu baxımdan hər cür təchizatı olan toplantı otağı da səmərəli fəaliyyətə geniş imkanlar yaradır. Yüksək ixtisaslı ortopedistlər idmançıların bərpaedici müalicəsi ilə məşğul olacaqlar. Nadir avadanlıq müəyyən zədəsi olan idmançıların cəmi 2-3 gün ərzində müalicə olunaraq yarışlarda iştirak etmələrinə imkan verəcəkdir.
İnstitutdakı hovuzlar da idmançıların hərtərəfli müalicəsinin aparılmasına geniş imkanlar açır. Trenajor salonunda spesifik xüsusiyyətlərə malik tibbi trenajorlar quraşdırılmışdır. Həmin salon idmançıların reabilitasiyasına xidmət edəcəkdir. Müxtəlif bölmələrdə zədəli idmançılara da xidmət göstəriləcəkdir. Müasir texnologiyalar idmançıların sağlamlığını və onların fiziki hazırlığını lazımi səviyyədə saxlamağa hərtərəfli imkan yaradır.
Dövlət başçısına institutun müasir laboratoriyası olan, həmçinin təcili yardım və tibbi heyətin gediş-gəlişi üçün nəzərdə tutulan avtomobilləri də nümayiş etdirildi. Qeyd olundu ki, avtomobildəki laboratoriya müasir avadanlıqla təchiz edilmişdir və bunların köməyi ilə idmançılara səyyar qaydada istənilən xidmət göstəriləcəkdir. Bu laboratoriya-maşında Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda həyata keçiriləcək əksər müayinə və operativ müalicənin aparılması mümkündür. Ən müasir avadanlıqla təchiz edilən iki təcili tibbi yardım avtomobili də istər yarışlar zamanı, istərsə də digər zəruri hallarda istifadə oluna bilər.
Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu ilə tanış olan dövlət başçısı kollektivə uğurlar arzuladı.
Sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda aparılan yenidənqurma və əsaslı təmir işləri ilə tanış oldu. Qeyd edildi ki, bu stadionda uzun müddət idi əsaslı təmir aparılmamışdı. Bakıda Yeniyetmələrin Olimpiya Oyunlarının atletika üzrə 2-ci Avropa təsnifat yarışlarında iştirak edəcək idmançıların məşqlərinin keçirilməsi üçün bu stadionda yenidənqurma və əsaslı təmir işlərinin aparılması qərara alınmışdır.
Bildirildi ki, qısa müddətdə stadionun təbii ot örtüyü yenilənmişdir. Burada sintetik örtüklü qaçış zolağı salınmışdır. Tribunanın üst örtüyü də yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra stadionda idmançıların səmərəli məşqləri və idman yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Stadionda aparılan yenidənqurma və əsaslı təmir işləri ilə tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verdi.