İlham Əliyev XX Azərbaycan Beynəlxalq qida sənayesi və VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur
22 may 2014, 17:10
Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində “World Food Azerbaijan-2014” XX Azərbaycan Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2014” VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan sosial-iqtisadi siyasət qeyri-neft sektorunun inkişafını tamamilə yeni mərhələyə çıxarmışdır. Bu sektorun əsas sahələrindən olan aqrar bölmənin inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına, əhalinin rifahının yüksəlməsinə önəmli töhfə verir. Qida sənayesində ən son texnologiyaların tətbiqi bu sahənin inkişafı, istehsal olunan məhsulların keyfiyyəti və rəqabətə davamlılığı baxımından çox mühümdür. Bu baxımdan ölkəmizdə təşkil olunan “World Food Azerbaijan-2014” XX Azərbaycan Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2014” VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri böyük əhəmiyyət kəsb edir. Həmin sərgilər ölkəmizdə bu sahədə əldə edilən nailiyyətləri nümayiş etdirməyə imkan yaradır və aqrar sahənin inkişafına müsbət təsir göstərir.
Bu il özünün 20 illik yubileyini qeyd edən “World Food Azerbaijan” Beynəlxalq qida sənayesi sərgisi ötən dövrdə qida məhsulları bazarında həm yerli, həm də xarici istehsalçılar üçün istiqamətləndirici funksiyanı yerinə yetirmişdir. Ötən müddətdə bu istiqamətdə mühüm nailiyyətlər əldə olunmuşdur. Mayın 10-da Mərkəzi Botanika Bağında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş “Üzüm tənəklərinin əkilməsi” aksiyası keçirilmişdir. Sərginin iş günlərində “Premium şagird” adlı tədbir çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul zamanı yüksək bal toplamış altı tələbənin mükafatlandırılması planlaşdırılır. Təsadüfi deyildir ki, bu gün sənayedə liderlik edən bir çox şirkətlərin Azərbaycan bazarında fəaliyyətə başlaması üçün sərgi start meydançasına çevrilmişdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “World Food Azerbaijan-2014” XX Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2014” VIII Beynəlxalq kənd təsərrüfatı sərgilərinin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group Plc” şirkəti çıxış edir.
“World Food Azerbaijan” sərgisi dünyaca məşhur “World Food” sərgi brendinin bir hissəsidir. Sərgi Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin qida sənayesi üzrə ən iri sərgilərini özündə birləşdirir. Böyük üstünlük olan bu cür tərəfdaşlıq təşkilati təcrübəni mənimsəməyə və bu ölkələrdə həm sərgini, həm də onun iştirakçılarını təşviq etməyə imkan verir. Artıq 7 ildir ki, sərgi “UFI” - Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təqdir olunur. Bu barədə nişan sərgilərin bütün beynəlxalq standartlara uyğunluğunu təsdiq edir və tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirir.
“World Food Azerbaijan” sərgisi ilk dəfə öz qapılarını 1995-ci ildə açmışdır və o vaxtdan etibarən onun nüfuzu Azərbaycan, Xəzəryanı region və bütün dünyanın mütəxəssisləri arasında durmadan artır. Bu illər ərzində sərgidə 1400-dən artıq şirkət iştirak etmişdir. Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərginin qarşıya qoyduğu və uğurla reallaşdırdığı əsas məqsədlərdən biznes üçün yeni tərəfdaşlar tapmaq, mövcud işgüzar münasibətləri daha da möhkəmləndirmək, müqavilələr bağlamaq və yeni məhsul növlərini təqdim etmək kimi məsələləri qeyd etmək olar.
Sərgi 20 illik yubileyini rekord sayda iştirakçı şirkətlə qarşılayır. İlk dəfədir ki, sərgidə dünyanın 36 ölkəsindən nümayəndələr iştirak edirlər. İştirakçıların sayına görə liderlik edən ölkə Türkiyədir. Sərgi hər il yeni iştirakçıları cəlb edir. Belə ki, bu ilin debütantları, o cümlədən Azərbaycan, Niderland, Belçika, Türkiyə, İtaliya, İspaniya, İran və digər ölkələrdən gələn şirkətlər ümumi iştirakçıların 45 faizini təşkil edir. Dövlət dəstəyi və peşəkar assosiasiyaların əlaqələndirilməsi çərçivəsində təşkil olunan milli ekspozisiyalarla altı ölkə - İtaliya, İran, Niderland, Macarıstan, Latviya və Estoniya çıxış edir. Milli stendlərin bu cür fəal iştirakı “World Food Azerbaijan” sərgisinin beynəlxalq qida məhsulları bazarındakı nüfuzunu bir daha təsdiq edir.
Builki sərgidə iştirakçıların sayının 26 faizini təşkil edən yerli istehsalçılar və distribüterlər də böyük fəallıq göstərir. Qida sənayesinin inkişaf etdirilməsində regionlara daha çox önəm verilir. Regionlarda ən yeni avadanlıq və istehsal texnologiyalarının tətbiqini təmin etmək məqsədilə “World Food Azerbaijan” və “Agrihort Azerbaijan” sərgilərində Bərdə, Qəbələ, Gəncə, Lənkəran, Saatlı, Sabirabad, Xaçmaz və digər rayonlardan sahibkarlar üçün infoturlar təşkil edilmişdir. Ümumilikdə, iştirakçılar öz məhsullarını üç əsas istiqamətdə nümayiş etdirir.
“World Food Azerbaijan-2014” sərgisinin yubileyi ilə əlaqədar əlavə tədbirlər planlaşdırılmışdır. Üzüm “World Food Azerbaijan-2014” sərgisinin rəmzidir və buna görə də sərgidə xarici iştirakçılara və ziyarətçilərə Azərbaycan mətbəxinin zənginliyini nümayiş etdirmək üçün üzümdən istifadə etməklə müxtəlif növ milli xörəklərin hazırlanması planlaşdırılır. Beləliklə, sərgilər ölkənin qida və aqrar sektorlarının inkişafı üzrə bütün müsbət təmayülləri nümayiş etdirir, həmçinin beynəlxalq müstəvidə sıx əməkdaşlığın qurulmasına, investisiya artımına və sənayedə ən yeni texnologiyaların tətbiqinə şərait yaradır.
Mayın 24-dək davam edəcək sərgilərin ilk iki günü yalnız mütəxəssislər, qida sənayesinin nümayəndələri, topdan və pərakəndə satıcılar, kənd təsərrüfatı məhsullarının idxalçıları və distribüterlər üçün açıq olacaqdır.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat verdi ki, sərgidə dünyanın 35 ölkəsindən 173 şirkət iştirak edir. Bu siyahıda MDB və Avropa ölkələrindən gələn şirkətlər üstünlük təşkil edir. Artıq 20 ildir ki, keçirilən ”World Food Azerbaijan” sərgisi qida sənayesinin peşəkarları, eləcə də ərzaq məhsulları və istehlak mallarını istehsal, ixrac və idxal edən şirkətlər üçün səmərəli iş meydanı kimi fəaliyyət göstərir. Sərgi qida sənayesinin bir neçə istiqamətini - avadanlıq, qida məhsulları və qablaşdırma kimi sahələri bir məkanda toplayaraq sənaye peşəkarlarının geniş spektrini əhatə edir. Burada ət və quş, süd məhsulları, dondurma, konservləşdirilmiş məhsullar, şirniyyat və çörək məmulatları, o cümlədən kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıq, habelə istixanalar, suvarma sistemləri, toxumlar, gübrələr və s. məhsullar nümayiş olunur.
Prezident İlham Əliyev “Azərtoxum” MMC-nin stendi ilə tanış oldu. 2009-cu ildə təsis edilən şirkət fermerləri yüksək keyfiyyətli və məhsuldar toxumlarla təmin edir. Şirkət Azərbaycanda hazırlanan və həyata keçirilən qida təhlükəsizliyi strategiyasına uyğun satılan toxumlar üzrə texniki yardım xidmətləri göstərir. Şirkətin qarşısına qoyduğu əsas məqsəd seçilmiş toxumlar üzrə öz texnologiyasını hazırlamaq və həmin məhsullarla dünya bazarına daxil olmaqdır.
2005-ci ildə yaradılan “Grand Motors” MMC Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu əhatə edir. Şirkət ağır texnika və yük avtomobillərinin Azərbaycana idxalını və satışını həyata keçirir. Hazırda bu şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir.
Prezident İlham Əliyev İspaniyanın “İnvernaderos El Pilar” şirkətinin stendinə də baxdı. Şirkət istixanaların layihələndirilməsi, quraşdırılması və tam təhvili üzrə fəaliyyət göstərir. Bundan başqa, kənd təsərrüfatı istehsalçıları şirkətin istixana texnologiyaları, həmçinin suvarma, isitmə, iqlim və avtomatlaşdırma sistemləri xidmətindən də istifadə edə bilər.
Bu sərgidə Latviya beş şirkətlə təmsil olunur. Dördüncü dəfədir ki, sərgiyə qatılan Latviyanın stendində əsasən ağartı məhsulları nümayiş etdirilir. Burada iştirak edən Latviya şirkətlərinin sayının ilbəil artması ümumilikdə Baltikyanı regionda sərgiyə olan marağı nümayiş etdirir.
“Grand Motors” MMC-nin “Agrolend” şirkəti də sərgidə dünyanın ən aparıcı kənd təsərrüfatı texnikasını nümayiş etdirir.
Prezident İlham Əliyev “Amkodor Baku” MMC-nin stendinə baxdı. Ötən ilin dekabrında yaradılan Belarus şirkəti 100-dən artıq müxtəlif texnika istehsal edir. Şirkətin istehsal etdiyi və nadirliyi ilə seçilən texnikası dünyanın 30-dan artıq ölkəsinə ixrac olunur.
Türkiyənin “Agrional” şirkəti də kənd təsərrüfatı istehsalçılarına müxtəlif növ texnika təklif edir. Onların arasında əkin, biçin, torpağın işlənilməsi və digər aqrotexniki qurğuları göstərmək olar. Artıq 14 ildir ki, Azərbaycanda fəaliyyət göstərən şirkət ilk dəfədir sərgiyə qatılır.
Almaniyanın “CLAAS Global Sales GMBH” şirkəti də sərgidə təmsil olunur. Şirkətin Azərbaycandakı təmsilçiliyi müştərilərə kənd təsərrüfatı texnikası təqdim edir.
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “John Deere” şirkətinin məhsullarına da baxdı. Artıq 200 ildən çoxdur ki, fəaliyyət göstərən və bütün dünyada böyük nüfuza malik şirkət sərgidə iştiraka mühüm önəm verir.
Buradan da görünür ki, “World Food Azerbaijan-2014” sərgisi artıq bütün dünyada böyük nüfuza malikdir. İştirakçılar sərgiyə qatılmaqla qısa müddətdə bazarı maksimum əhatə etmək imkanı əldə edir, qida sənayesinin liderlərindən yeni məhsullar və məxsusi təkliflər alır, etibarlı işgüzar əlaqələr qurmaq və dünya brendlərinin nümayəndələri ilə zəruri danışıqlar aparmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq şansı qazanır. Bundan başqa, sərgidə iştirakçılar qida sənayesi avadanlığını istehsal edən aparıcı şirkətlərin yeni təklif və texnologiyaları ilə də tanış olurlar. Burada ABŞ, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Rusiya, Türkiyə, Yaponiya və digər ölkələrin nüfuzlu şirkətlərlə təmsil olunması sərgi iştirakçılarının coğrafiyasının ilbəil artmasının göstəricisidir.
Sərgidə və ümumiyyətlə regionda ilk dəfə olaraq milli stendlərdə İran, İtaliya və Estoniya şirkətlərinin məhsulları nümayiş etdirilir.
“World Food Azerbaijan-2014” sərgisi ilə paralel olaraq keçirilən “Agrihort Azerbaijan-2014” VIII Beynəlxalq kənd təsərrüfatı sərgisi hər il aqrar kompleksin aparıcı nümayəndələrini, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirir. Builki sərginin əsas fərqləndirici xüsusiyyəti isə kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya sahəsinin ötən illə müqayisədə 2,5 dəfə genişlənməsidir. Bu sahə Bakı Sərgi Mərkəzinin həm daxilində, həm də açıq meydançada təşkil edilmişdir.
Prezident İlham Əliyev açıq meydançada nümayiş olunan kənd təsərrüfatı texnikası ilə tanış oldu.