İlham Əliyev Vyetnam Kommunist Partiyasının baş katibi ilə görüşmüşdür
19 may 2014, 16:35
Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq ilə görüşmüşdür.
Görüşdə Vyetnam Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, Prezident İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin genişlənməsində yeni səhifə açacağını vurğuladı. Sovetlər dönəmində Azərbaycan xalqının Vyetnamın müstəqilliyinin qorunmasına töhfə verdiyini deyən Nquyen Phu Tronq kadr hazırlığı istiqamətində həyata keçirilən işlərdən danışdı, Azərbaycanda hazırlanan kadrların Vyetnamda neft-qaz sektorunun inkişafına yardım etdiyini bildirdi. Baş katib Azərbaycanda sabitliyin və inkişafın təmin olunması, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı görülən işləri yüksək qiymətləndirdi və bunun ölkəmizin inkişafı baxımından önəmini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycan-Vyetnam əlaqələrinin böyük tarixi olduğunu deyərək münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı əlaqələrimizin bundan sonra da inkişafı üçün böyük potensialın olduğunu qeyd etdi. Azərbaycan Prezidenti partiyalararası əməkdaşlıq məsələlərinə toxunaraq Yeni Azərbaycan Partiyası ilə Vyetnam Sosialist Respublikası Kommunist Partiyası arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini vurğuladı.
Görüşdə dövlət başçısı torpaqlarımızın işğalı ilə müşayiət olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.