Azərbaycan-Fransa biznes forumunda İlham Əliyevin nitqi
12 may 2014, 15:50
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Cənab Prezident, Sizi və Sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə heyətinin bütün üzvlərini bir daha səmimiyyətlə salamlayıram. Biznes forum iştirakçılarını xüsusilə salamlayıram. Bilirəm ki, bu gün səhər Fransa və Azərbaycan iş adamları biznes forumda bir-biri ilə görüşürlər, danışırlar, fikir mübadiləsi aparırlar. Əlbəttə ki, biznes qurumlarının birgə fəaliyyəti və ticarət əlaqələrinin inkişafı bizim ümumi inkişafımıza gözəl dəstək olacaqdır.
Sizin səfəriniz dünən Fransız Liseyindən başlamışdır, bu gün isə biznes forumda başa çatır. Bu arada Sizinlə apardığım danışıqlar, fikir mübadiləsi və səmimi söhbətlər bir daha bizi əmin edir ki, Fransa-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bizim siyasi, iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcəkdir.
Şübhə yoxdur ki, Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə çox əlamətdar hadisədir. Bu səfər əlaqələrimizin inkişafına çox güclü təkan verəcəkdir. Biz dünən və bu gün müxtəlif mövzular ətrafında geniş fikir mübadiləsi, məsləhətləşmələr apardıq. Bizim gələcək əlaqələrimizin inkişafı ilə bağlı konkret tapşırıqlar da verilmişdir.
Bu gün imzalanan və imzalanacaq sənədlər əməkdaşlığımızın müxtəlif aspektlərinin inkişafına xidmət göstərir.
Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Əlbəttə ki, biznes dairələri də bunu yaxşı bilir. Çünki təbii ki, biznes dairələri özlərini siyasi əlaqələr yüksək səviyyədə olan ölkələrdə rahat hiss edirlər. Siyasi əlaqələrimizin inkişafı üçün bundan sonra da müvafiq addımlar atılacaqdır.
Bir sözlə, əlaqələrimiz çoxşaxəlidir və bir çox sahələri əhatə edir. Hər bir sahə üzrə konkret proqramlar vardır, sənədlər imzalanıbdır. Bu, bizə imkan verəcəkdir ki, Fransa-Azərbaycan əlaqələri çoxşaxəli formada inkişaf etsin. Bu, həm ikitərəfli əlaqələrimiz üçün yeni imkanlar yaradır, regional əməkdaşlıq üçün yeni üfüqlər açır, eyni zamanda, Avropa-Azərbaycan əlaqələrinin inkişafı üçün də Fransa-Azərbaycan əlaqələri çox mühüm rol oynayır. Çünki Fransa Avropanın aparıcı dövlətidir və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında əlbəttə ki, Fransanın xüsusi yeri və rolu vardır.
İqtisadi sahəyə gəldikdə, mən çox şadam ki, Azərbaycan Fransanın Cənubi Qafqazdakı birinci ticarət tərəfdaşıdır. Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır. Əldə edilmiş razılaşmalar və imzalanacaq müqavilələr nəticəsində bu rəqəm daha da artacaqdır. Təbii ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Hesab edirəm ki, indiki ticarət dövriyyəsinin həcmi yaxşı bir başlanğıcdır. Bunu artırmaq üçün konkret imkanlar və müştərək siyasi iradə vardır.
Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir - həm investorlar, həm podratçı-kontraktorlar kimi. Hesab edirəm ki, növbəti illərdə biz bu istiqamət üzrə inkişaf edəcəyik. Biz Fransa şirkətlərini Azərbaycanda investisiya qoymaq və bizim layihələrdə podratçı-kontraktor kimi iştirak etmək üçün dəvət edirik.
Bu günə qədər ölkəmiz üçün çox vacib olan bir neçə layihədə Fransa şirkətləri çox fəal iştirak etmişlər, yüksək peşəkarlıq göstərmişlər. Onların çox gözəl reputasiyası vardır. Onlar tərəfindən icra edilmiş layihələr Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir.
Ümid edirəm ki, biznes forumun nəticəsi olaraq bizim iş adamları arasındakı əlaqələr daha da yüksək pilləyə qalxacaqdır. Azərbaycanda görüləsi işlər çoxdur, infrastruktur layihələri bizim üçün prioritet təşkil edir. Eyni zamanda, ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Postsovet məkanında birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan birinci yerdədir. Son on il ərzində ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulmuşdur. Təkcə keçən il 25 milyard dollardan çox sərmayə yatırılmışdır. Onlardan 30 faizi xarici sərmayədir.
Çox sevindirici hal ondan ibarətdir ki, xarici şirkətlər təkcə neft-qaz sektoruna deyil, qeyri-neft sektoruna da öz investisiyalarını qoyurlar. Yəni, Azərbaycanın uzunmüddətli uğurlu inkişafına böyük inam vardır. Bu inam əsassız deyildir.
Çünki son illər ərzində iqtisadi sahədə, ümumiyyətlə, ölkəmizin inkişafı ilə bağlı atılan addımlar konkret nəticələrə gətirib çıxarmışdır. Azərbaycan vətəndaşları, Azərbaycan əhalisi müstəqilliyin üstünlüklərini gündəlik həyatda görürlər.
Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Deyə bilərəm ki, son on il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat Azərbaycan iqtisadiyyatı olmuşdur. Ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Bununla bərabər, sosial məsələlər öz həllini tapmışdır, işsizlik aradan qaldırılıb, cəmi 5 faiz təşkil edir. Xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu, bizə imkan verir ki, xarici maliyyə bazarlarında ölkə iqtisadiyyatına istədiyimiz qədər maliyyə resursları cəlb edək. Ancaq biz bu sahəyə çox böyük ehtiyatla yanaşırıq. Çünki öz maliyyə imkanlarımız da vardır. Biz ilk növbədə onlardan istifadə edirik.
Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi artır. Dünya Davos İqtisadi Forumunun son hesablamalarına görə, ölkə iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 39-cu yerdədir. Cəmi 20 ildən bir qədər çox bazar iqtisadiyyatı prinsipləri üzərində çalışan iqtisadiyyat üçün bu, çox böyük göstəricidir. Onu da qeyd etməliyəm ki, biz müstəqilliyi qazananda ümumi daxili məhsulumuzda özəl sektorun payı sıfıra bərabər idi. Hazırda bu, 80 faizdən çoxdur. Yəni, özəl sektorun inkişafı, xarici sərmayələrin cəlb edilməsi, eyni zamanda, dövlət investisiyalarının ölkə üçün prioritet təşkil edən sahələrə yönəldilməsi bu gözəl şəraiti yaratmışdır.
Növbəti illərdə bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafı olacaqdır və bu istiqamətdə konkret addımlar atılır.
Fransa şirkətlərinin təcrübəsi, onların töhfəsi bizə çox lazımdır, böyük əhəmiyyət kəsb edir. Əminəm ki, növbəti illərdə biz müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edəcəyik.
Mən prioritetlər arasında nəqliyyat sektorunu qeyd etmək istərdim. Bilirəm ki, nəqliyyat sektorunda yeni kontraktların imzalanması gözlənilir. Burada Fransanın dünya səviyyəli təcrübəsi hər kəs üçün bəllidir. İnformasiya-kommunikasiya sektorunun inkişafı bizim üçün prioritetdir. Biz burada da əməkdaşlıq edirik, edəcəyik.
Azərbaycan hazırda kosmik sənayenin inkişafı ilə məşğuldur. Keçən il birinci Azərbaycan peyki – “Azərspace–1” orbitə buraxılmışdır və “Arianespace” şirkəti bu sevinci bizə bəxş etmişdir. Biz növbəti illərdə də kosmik sənayedə birgə işləyəcəyik. Hesab edirəm ki, Fransa bu sahədə Azərbaycanın bir nömrəli tərəfdaşı olmalıdır.
Fransa şirkətləri inşaat sektorunda müxtəlif layihələrdə iştirak edirlər. Kənd təsərrüfatı, turizm, xüsusilə üzümçülük sektorunun bərpası gündəlikdə duran məsələdir və burada Fransadan yaxşı tərəfdaş axtarmaq əlbəttə ki, düzgün olmazdı.
Bir sözlə, biz Fransa şirkətlərini Azərbaycanda daha da böyük həcmdə iş görməyə dəvət edirik. Yenə də deyirəm, iki istiqamət üzrə - investor və kontraktor kimi. Beləliklə, növbəti illərdə, əminəm ki, əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır.
Bir-iki kəlmə enerji sektoru ilə bağlı demək istərdim. Bu sektorun da böyük əhəmiyyəti vardır. Artıq bu sahədə görülən işlər regionumuzun çərçivələrindən çıxıb daha çox qlobal xarakter daşıyır. Azərbaycan Xəzər dənizindən Qərb istiqamətinə gedən bütün neft-qaz kəmərlərinin inşasının təşəbbüskarıdır və bu layihələrin icrasında liderlik mövqelərinə malikdir.
Keçən il XXI əsrin kontraktı imzalanmışdır. Bu, üç komponentdən ibarətdir: hasilat, nəqliyyat və satış. Burada Avropa İttifaqı-Azərbaycan əlaqələrinin əhəmiyyəti ön plandadır. Bu, layihə Avropanın ən böyük infrastruktur layihəsidir. Oraya qoyulacaq sərmayənin həcmi təqribən 45 milyard dollar olacaqdır. Əlbəttə ki, biz Fransa şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik. Əminəm ki, bu sahədə əməkdaşlıq həm bizim müştərək maraqlarımızı təmin edəcək, həm gözəl biznes imkanları yaradacaq və beləliklə, Fransa-Azərbaycan dostluğu bundan sonra da uğurla inkişaf edəcəkdir.
Cənab Prezident, mən Sizi bir daha ürəkdən salamlayıram. Bir daha mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə minnətdaram. Bütün qonaqlarımıza və dost Fransa xalqına inkişaf, tərəqqi, əmin-amanlıq arzulayıram.
Sağ olun.