İlham Əliyev Monteneqronun xarici işlər naziri Milan Roçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
26 noyabr 2010, 15:34
Prezident İlham Əliyev Monteneqronun xarici işlər naziri Milan Roçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Monteneqronun xarici işlər naziri Milan Roçen ölkəmizə səfərinin Azərbaycanda “Ümid” yatağının açılması ilə eyni vaxta təsadüf etməsindən məmnunluğunu bildirdi. O, bunu Azərbaycan Prezidentinin, azərbaycanlı alim və tədqiqatçıların böyük uğuru kimi qiymətləndirərək hadisə münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Milan Roçen bu hadisənin Avropada və bütün dünya miqyasında əhəmiyyətini qeyd etdi.
Ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə maraqlı olduğunu vurğulayan nazir bildirdi ki, səfərinin əsas məqsədi ikitərəfli münasibətləri inkişaf etdirməkdir.
Dövlət başçısı xoş sözlərə görə Monteneqronun xarici işlər naziri Milan Roçenə təşəkkürünü bildirdi. “Ümid” yatağında kəşfiyyat işlərinin uğurla başa çatmasına toxunan Prezident İlham Əliyev bu yataqda böyük qaz ehtiyatlarının olmasının əhəmiyyətini vurğuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.