Azər Quliyevdən, Şirvan, Azərbaycan


29 aprel 2014, 12:05
Möhtərəm cənab Prezident!
Sizin aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş Sammitdəki qətiyyətli çıxışınız bütün Azərbaycan gəncliyini, eləcə də Şirvan şəhər gənclərini çox sevindirdi və qürurlandırdı. Mənfur erməni prezidentinə cavab olaraq söylədiyiniz “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” fikirləriniz Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədiliyini, heç bir qüvvənin bu dostluğa xələl gətirə bilməyəcəyini, türk dünyasının liderləri Atatürk və Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğuna verdikləri önəmin ardınca Sizin bu istiqamətdəki fəaliyyətiniz türk dünyasının birliyinin sarsılmaz olduğunu bir daha bütün dünyaya sübut etdi. Sizin Praqa Sammitindəki qürurverici çıxışınız, Avropa İttifaqı nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Avropa İttifaqının ikili yanaşma tətbiq etməsini onların öz tribunalarından cəsarətlə ifadə etməyiniz xalqımızın nə qədər böyük iradəyə malik liderinin olduğunu bir daha göstərdi. Biz Şirvan şəhər gəncləri Sizin siyasətinizi dəstəkləyir və inanırıq ki, işğal olunmuş torpaqlarımız Sizin siyasi iradəniz, yürütdüyünüz uğurlu xarici siyasət nəticəsində tezliklə azad ediləcək, üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Hörmətlə,
Quliyev Azər Əli oğlu.
Azərbaycan Respublikası, Şirvan şəhəri, Bayramlı qəsəbəsi.