Azərbaycan və İran prezidentlərinin mətbuat üçün bəyanatları
09 aprel 2014, 15:05
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident.
İlk növbədə dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.
Qardaş İran torpağında olmağımdan çox məmnunam. Əminəm ki, mənim səfərim İran-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacaqdır. Fürsətdən istifadə edərək, cənab Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Onu da qeyd etməliyəm ki, bu səfər mənim İrana üçüncü rəsmi səfərimdir. Səfərlərin sayı özlüyündə bir göstəricidir. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar vardır.
Biz ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı təşkilatlarında bizim fəaliyyətimiz çox uğurludur.
Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə biz Sizə minnətdarıq.
Bildiyiniz kimi, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər. Bu gün işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Münaqişənin tezliklə və beynəlxalq hüquq əsasında həll edilməsi region üçün də böyük fayda olardı.
Bu gün biz digər sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. İqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində gözəl imkanlar vardır. Energetika sahəsində əməkdaşlıq uğurludur və bu gün imzalanan “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi sazişi bu əməkdaşlığı daha da gücləndirəcəkdir. Neft-qaz sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, hərbi sahədə əməkdaşlığın dərinləşməsi üçün biz əlavə yollar axtaracağıq. Bu gün, eyni zamanda, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sahəsində mümkün olan əməkdaşlıq haqqında da fikirlərimiz birmənalıdır və üst-üstə düşür.
Əlbəttə, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna daşıyır. Bizim tariximiz, mədəniyyətimiz, tarixi irsimiz xalqlarımız üçün çox qiymətlidir, dəyərlidir. Xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizim xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır. İran-Azərbaycan əlaqələri bu gün bu möhkəm zəmin üzərində qurulur.
Əminəm ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq və birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq.
Diqqətinizə görə çox sağ olun.
İran Prezidenti Həsən Ruhaninin bəyanatı
- Mehriban və bağışlayan Allahın adı ilə.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə və onun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərinə görə minnətdarlığımı bildirirəm.
Mənim cənab Prezidentlə ilk görüşüm Davos Forumu çərçivəsində olmuşdur. Həmin görüş çərçivəsində biz münasibətlərimizin gələcəyi üçün çox mühüm qərarlar qəbul etdik. Bu gün keçirdiyimiz həm geniş tərkibdə, həm də təkbətək görüşlərdə ölkələrimizin münasibətləri ilə əlaqədar bütün sahələri əhatə edən hərtərəfli müzakirələr apardıq. Bu gün əziz İran xalqına bəyan etmək istəyirəm ki, bizim dost ölkələrimiz arasında əlaqələrin bütün səviyyədə inkişaf etməsi üçün heç bir maneə yoxdur. Azərbaycan Respublikası və İran İslam Respublikası iki yaxın qonşu, dost, qardaş və həmməzhəb ölkələrdir. Ölkələrimiz arasındakı səmimi münasibətlər xalqlarımızın xeyrinədir. Həmçinin, ölkələrimiz arasındakı bu münasibətlər regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin xeyrinədir.
Biz iki ölkə arasında neft, neft-kimya, elektroenergetika, su və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün eyni fikirdəyik. Bu gün imzalanmış sənədlərdən əlavə, bugünkü görüşümüz və apardığımız danışıqlar nəticəsində biz gələcəkdə əlaqələrimizin daha da dərinləşməsi və hərtərəfli inkişafı üçün geniş müstəvi yaratdıq. Biz iki ölkə xalqlarının mədəni əlaqələrinin inkişaf etdirilməsi üçün belə razılığa gəldik ki, xalqlarımızın əlaqələrinin daha da yaxşılaşdırılması üçün lazımlı, gərəkli addımlar atılsın. O cümlədən bizim İslama və məzhəbə baxışlarımız eynidir. Hər ikimiz İslam dinindən radikal hərəkətlərdə vasitə kimi istifadə olunmasına mənfi yanaşırıq. Bizim regionumuzda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa bir yolumuz yoxdur. Həmçinin, biz ölkələrimiz arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlar və bu sahədə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Hər iki tərəf bu qənaətdədir ki, bu məsələdə yekun qərarın qəbul olunması üçün bizi uzaq yol gözləmir.
Biz beynəlxalq platformada əməkdaşlıqla bağlı oxşar fikirdəyik. Azərbaycan Respublikasının möhtərəm Prezidenti danışıqlarda İran İslam Respublikasının sülhməramlı nüvə texnologiyasından istifadə hüququnu dəstəklədiyini bəyan etdi. Biz onun tərəfindəyik ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapsın. Bizim mövqeyimiz belədir ki, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Biz gərək bütün səylərimizi birləşdirək ki, belə oxşar məsələlər danışıqlar və sülh yolu ilə həll olunsun.
Mən cənab Prezidentin məni Azərbaycan Respublikasına dəvətini çox böyük məmnuniyyətlə qəbul edirəm. Əminəm ki, yaxın münasib vaxtlarda dost və qardaş Azərbaycan Respublikasını ziyarət edəcəyəm.
Həm İran xalqına, həm də Azərbaycan xalqına inkişaf, səadət və tərəqqi arzulayıram.
Sağ olun.