İlham Əliyev yeni yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuşdur
07 aprel 2014, 16:20
Prezident İlham Əliyev yeni yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuşdur.
Azərbaycanda tarixi, mədəni, dini abidələrin qorunması işinə yüksək diqqət göstərilir. Dövlətin bu sahədə həyata keçirdiyi konkret və çoxsaylı layihələr nəticəsində indi belə obyektlərin hamısı qorunaraq bərpa edilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması bu istiqamətdə Azərbaycan dövlətinin atdığı addımların nəticələrinin genişmiqyaslı olduğunu göstərir.
Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, tarixin bütün dövrlərinə aid bu ərazidə zəngin mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. Bu abidələr arasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin mühüm əhəmiyyəti vardır. Belə abidələrin bərpası və qorunması gələcək nəsillərə Azərbaycanın qədim tarixinin çatdırılması, eyni zamanda, Naxçıvana turistlərin marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış, tarixi ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə ötən il burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilmişdir.
Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış və yaşıllıq zolaqları salınmışdır.
Kompleksin muzeyi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülmüşdür. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Bu muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır. Belə abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir.
Muzeyin, ümumilikdə kompleksin yaradılması bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir. Naxçıvan Muxtar respublikasının ərazisindəki abidələrin 600-ə yaxını dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsidir. Buranın tarixi əhəmiyyətini artıran mühüm amillərdən biri də qala divarları yaxınlığında Nuh peyğəmbərin məzarının olmasıdır. Bizim eradan əvvəl I əsrdə yəhudi tarixçisi İosif Flavi və bizim eranın II əsrində yunan coğrafiyaşünası Klavdiy Ptolomey Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmış, rus tədqiqatçısı K.A.Nikitin isə 1882-ci ildə nəşr etdirdiyi məqaləsində Naxçıvan şəhərinin əsasının Nuh peyğəmbər tərəfindən qoyulduğunu qeyd etmişdir.
Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində xalqımız tarixin bütün dövrlərində zəngin mədəniyyət və memarlıq nümunələri yaratmışdır. Tarixi araşdırmalar göstərir ki, bu memarlıq abidələri arasında özünəməxsus yeri olan Naxçıvanqala yalnız müdafiə məqsədi daşımamışdır. Bu qala, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilmişdir. İlk orta əsrlərə aid mənbələrdə tarixçilər Naxçıvan şəhərini ətrafı möhkəmləndirilmiş qala kimi xarakterizə edirlər. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri də verilmişdir. Plana əsasən, qala iki hissədən – kiçik qala, yəni Narınqala və Böyük qaladan ibarət olmuşdur. Xalqımız Narınqalanın qalıqlarını günümüzədək qoruyub saxlaya bilmişdir.
Daş qatışığı olan möhrədən tikilən qala divarları yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir. Yaşayış binaları, əsasən, qala divarları boyunca salınmış, onların damından döyüşçülərin və qala keşikçilərinin hərəkət etməsi üçün istifadə olunmuşdur. Ötən əsrin ortalarında Naxçıvanqalada aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar - saxsı qablar və Tunc dövründə duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilmişdir. Bu hadisə sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.
Diqqətə çatdırıldı ki, kompleksdəki mağarada da bərpa işləri aparılmışdır. Bir neçə istiqamətə, o cümlədən Naxçıvan çayına çıxışı olan mağaradan sakinlər hərbi hücumlar və mühasirələri yarmaq üçün istifadə etmişlər. Qalanın xüsusiyyətlərindən biri də onun altından kəhrizlərin keçməsidir. Bu fakt həm dinc, həm də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına və ərzaq məhsullarının saxlanmasına şərait yaratmışdır.
Muzey kompleksi ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.